2018-10-11 12:11:53   |   220 dəfə oxunub

7 ay sonra qəbul imtahanı tamamilə yeni formatda keçiriləcək

Amma hələ də qəbul aparılacaq fənlər üzrə proqramlar, ədəbiyyat siyahısı yoxdur

Kamran Əsədov deyib ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq



Vacib bir şeyi də qeyd edim ki, DİM onu yazmayıb. Belə ki, qapalı tapşırıqlarda səhv düzü aparacaq, amma açıq sualda səhv olsa, o, düz cavablara təsir etməyəcək və bal aparmayacaq



Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları məlum olub.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Bundan əlavə, tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.

Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

2008-ci ildən başlayaraq, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunduğunu xatırladan təhsil eksperti Kamran Əsədov yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edildiyini deyib: "Buna görə qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi. 

Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fəndən qəbul imtahan verəcək şagirdlər 2017-ci ildə 2 fəndən verdikləri buraxılış imtahanları nəticəsinə görə kurikulumu demək olar ki, anlamayıblar, mənimsəməyiblər. Bununla yanaşı, 2019-cu ildə qruplara daxil olan fənlər üzrə bal paylanma əmsalının hələ də açıqlanmaması ciddi narahatlıq doğurur. Doğrudur, 2019-cu ildən etibarən buraxılış imtahanlarında toplanılan balın qəbul imtahanına birbaşa təsir etməsi buraxılış imtahanlarının əhəmiyyətini artırsa da, hələ də buraxılış imtahanı və qəbul imtahanının keçid balının müəyyən olunmaması narahatlıq yaradır. Bundan başqa, 7 ay sonra qəbul imtahanı tamamilə yeni formatda keçiriləcək, amma hələ də qəbul aparılacaq fənlər üzrə proqramlar, ədəbiyyat siyahısı yoxdur”.

Ekspertin sözlərinə görə, iki ildir IX siniflər üzrə keçirilən buraxılış imtahanları zamanı müəyyən sayda yoxlayıcı markerin səhvə yol verməsi səbəbindən yüzlərlə şagirdin biliyi düzgün qiymətləndirilməyib: 

"Bu hal hər il təkrarlanır. Çünki buna qədər nəticələr proqram təminatı tətbiq edilməklə yoxlanılırdısa, bundan sonra azı hər fəndən 3, ümumilikdə qəbul imtahanında 9, amma buraxılış imtahanında azı 15 test tapşırığı insan faktoru tətbiq edilməklə - marker vasitəsi ilə yoxlanılacaq. Təbii ki, insan faktorunun tətbiq olunacağı yoxlama prosesində müəyyən nöqsanlar, səhvlər olacaq. Danılmaz faktdır ki, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranıb. Bunun üçün dünya təcrübəsindən, konkret olaraq İELTS və SAT imtahanlarının nümunəsindən istifadə etmək lazımdır. Bu həm şagird biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideynlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək. 

DİM yeni qaydaları müəyyən etsə də, hələ də bütün qəbul ixtisas qrupları üzrə imtahan iştirakçısına təqdim ediləcək situasiya tipli test tapşırıqlarını müəyyən etməyib. Bundan başqa, Azərbaycan dili və ingilis dili fənni üzrə qəbul imtahanlarında 5-ci qrupun mətn üzrə standartları müəyyənləşməyib. Bundan başqa, XI siniflər üzrə kurikulum standartları əsasında tərtib edilmiş sinif testləri, test banklar çap olunmayıb. Digər bir çatışmazlıq ondan ibarətdir ki, təhsil islahatlarına görə bizim yaddaş məktəbindən təfəkkür məktəbinə keçməyimiz tələb olunsa da, təqdim edilmiş imtahan modeli hələ də yaddaş məktəbi üzərində qurulub və kimin yaddaşı güclüdürsə, onun yaxşı nəticə əldə etməsi ilə nəticələnəcək. Əvvəlllər qəbul imtahanında maksimum bal 700 bal idi. Və buraxılış imtahanlarında toplanan bal qəbul imtahanına təsir etmirdi. 2019—cu ildə isə bu 700 bal iki hissəyə bölünəcək. Belə ki, XI siniflər verəcəkləri buraxılış imtahanında 0-300 arası bal toplamalıdır (əvvəlki ilin məzunları eyni modeldə V qrupda imtahan verəcək) ondan sonra seçdikləri ixtisas qrupu üzrə 0-400 bal arası toplamaq üçün imtahan verəcəklər. Yekunda hər iki mərhələdə əldə edilmiş ballar toplanacaq və yekun bal olaraq ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün yekun bal olacaq. Bu, əlbəttə ki, buraxılış imtahanlarına münasibəti dəyişəcək. Şagirdlər buraxılış imtahanına daha ciddi hazırlaşacaq ki, bu mərhələdə əldə edəcəkləri nəticə onlara qəbul imtahanında ciddi şəkildə kömək etsin”.

K.Əsədov deyib ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq. Çünki məktəb buraxılış imtahanının nəticəsinin yaxşılaşdırılmasında maraqlı olacaq: 

"Apardığım araşdırmalar göstərir ki, on illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhlili zamanı ortaya çox fərqli bir mənzərə çıxırdı. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir. Indi isə mənzərə dəyişəcək. Vacib bir şeyi də qeyd edim ki, DİM onu yazmayıb. Belə ki, qapalı tapşırıqlarda səhv düzü aparacaq, amma açıq sualda səhv olsa, o, düz cavablara təsir etməyəcək və bal aparmayacaq. Qəbul imtahanları 2 dəfə olacaq- ənənəvidəki kimi. Amma buraxılış imtahanı və 5 - ci qrup 1 dəfə keçiriləcək. 2019-cu ildə keçiriləcək IX və XI siniflər üzrə ən ciddi problem xarici dil fənnindən olacaq. Çünki indiyə qədər orta məktəblərdə Dinləmə mətni tətbiq edilməyib. Amma DİM Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq) imtahan iştirakçılarına təqdim edəcək. Bu, ciddi problem yaradacaq. Orta məktəblərdə bu qurğu yoxdur, şagirdlərdə bu bilik və bacarıqlar yoxdur və öyrədilməyib. Amma bundan sonra bacarıqlar yoxlanılacaq. DİM – in dinləmə bacarığının yoxlanma formatını əks etdirən test tapşırığı nümunəsi yoxdur. Təhsil nazirliyinin dinləmə resursları da yoxdur. Bütün məktəblər linqafon aparatı ilə təmin olunmayıb.

Artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə neçə ildir ki, açıq testlər də verilir. 7 ildir ki, qəbul imtahanlarında müəyyən fənlər üzrə açıq tipli test tapşırığı təqdim olunur. 

Qapalı test tapşırığı o test tapşırığıdır ki, imtahan iştirakçılarına sualın cavabı variantlarla təqdim olunur və o, doğru bildiyi cavabı seçir. Açıq tipli test tapşırığında isə iştirakçı cavabı özü yazır. Bunun kifayət qədər müsbət tərəfi var. Nəzərə alaq ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, yəni müəyyən qədər bəxt də rol oynayır. Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır. Açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır. Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablamayacaq”.

Şəymən







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10