2018-10-11 12:14:32   |   128 dəfə oxunub

Gözgörəsi hüquqlarımız hər gün pozulur

Qanunvericiliyə görə mobil operator və provayder özü müştərisini qanunsuz SMS reklamlardan qorumalıdır


Son vaxtlar ən çox yayılmış reklam formalarından biri kütləvi şəkildə göndərilən sms-reklamlardır. Çoxlarımız öz mobil nömrələrimizə dəfələrcə qısa nömrələrdən və hansısa şirkətlərdən fərqli mal və xidmətlər, kampaniyalar, endirimlər və digər mövzularda reklam xarakterli sms-ismarıclar alırıq.
İstehlakçıların hüquqlarının pozulması kimi dəyərləndirilən bu halla bağlı dəfələrlə narazılıq və xəbərdarlıq olsa da, ortada bir nəticə yoxdur. Müəyyən fasilələrlə mobil operatorlar qanunsuz SMS məsələsini aktivləşdirir.

Sosial mediadakı müzakirələrdən görsənir ki, bu sahədə dövlət nəzarətinin yetərli olmamasından istifadə edən operatorlar açıq-aşkar istifadəçilərinin hüquqlarını pozurlar.

Telekommunikasiya haqqında və Reklam haqqında qanunvericiliyin qanunsuz SMS-lər göndərilməsini operatorlara və provayderlərə qadağan etdiyini qeyd edən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, müqavilədə buna razılıq yoxdursa, heç bir halda onlar bunu edə bilməzlər: "İlk növbədə mobil operatorlarla bağlanılan müqavilədə reklam SMS-lərini qəbul etmək və ya etməmək bəndinin olmasına diqqət etmək lazımdır. 

Eyni zamanda qanunvericiliyə görə mobil operator və provayder özü müştərisini qanunsuz SMS reklamlardan qorumalıdır. Yəni mobil operator imkan verməməlidir ki, onun hansısa bir kontent provayderi əgər sizinlə razılıq yoxdursa sizə SMS göndərsin. Qanunda birmənalı olaraq qeyd olunub ki, əgər sizin razılığınız yoxdursa qanunsuz SMS-in məsuliyyəti mobil operator və provayderin üzərindədir. Əgər razılıq olmadan sizə SMS-lər gəlməkdə davam edirsə, onda sübutlar toplamaq üçün SMS-reklamları skrinşot etmək, sizi hansısa xidmətə qoşan kontent provayderlərin adlarını qeyd etmək lazımdır.

Bunun üçün də mobil operatora müraciət etmək lazımdır ki, SMS-lər və müvafiq xidmətlərə abunə dayandırılsın. Hətta siz təsadüfən hansısa OK düyməsini də basıb xidmətə abunə olmusunuzsa, yenə də bunların dərhal dayandırılmasını tələb edirsiniz. Sizin bu müraciətiniz əsasında qanuna görə operator dərhal sizin nömrəyə gələn SMS-ləri dayandırmalıdır. 

Əgər SMS-lər mobil operatorla müqavilə əsasında işləyən hansısa kontent provayderdən gəlirsə, bu halda da sizin müraciətiniz əsasında mobil operator həmin kontent provayderə yönləndirmədən, öz mobil şəbəkəsi vasitəsilə sizə gələn SMS-lərin qarşısını almalıdır. Bundan bir nəticə hasil olmazsa istehlakçılar bütün materialları toplayaraq mobil operatorlar tərəfindən sizin hüquqlarınızın və qanunvericiliyin tələblərinin pozulması, sizin fərdi məlumatlarınızın qanunsuz olaraq 3-cü tərəfə verilməsi iddiası ilə məhkəməyə müraciət etməli, müraciətində isə dəyən maddi və mənəvi ziyanın ödənilməsi tələb olunmalıdır”.

O.Gündüz deyib ki, sosial mediada gedən müzakirələr əsasında belə qənaətə gəlmək olar ki, bizim mobil operatorlar öz müştərilərinin telefon nömrələrini 3-cü tərəfə verməkdə maraqlıdırlar: 

"Qanunvericilikdə edilən dəyişikliklərdən sonra da mobil operatorlar bu cür qanunsuzluqları etməkdə davam edirlərsə bu onun göstəricisidir ki, lisenziya verən qurum NRYTN və istehlakçıların hüquqlarını qorumalı olan qurumların nəzarəti yetərli deyil”.

Şəymən







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19