2018-10-11 12:31:05   |   170 dəfə oxunub

Müğənnilər Teymur Əmrahın fikirlərinə etiraz etdilər

Sənət aləmində heç vaxt qruplaşma olmayıb, sadəcə münasibətlər var




Sənət aləmində qalmaqalların, çaxnaşmaların tez-tez şahidi oluruq. Son dönəmlər tanınmışlar arasında qruplaşmaların olduğu da deyilir. Hətta bu qruplaşmalar digər sənət həmkarlarına qarşı mövqe nümayiş etdirmək məqsədi daşıyır. Bu barədə Əməkdar artist Teymur Əmrah da narahatlığını dilə gətirib. Hətta məlum olur ki, bəzi qruplaşmalar digər sənətçilərin "qara piarı" üçün çalışır. Sənət aləmində doğrudanmı qruplaşmalar mövcuddur?

Müğənni Nura Suri Azərbaycan şou-biznesində qruplaşmanın varlığını inkar etdi: «Bu fikri Teymur Əmrah deyib? Mənim adımdan Teymur Əmraha deyin ki, Nura əminliklə deyir ki, sənət aləmində heç vaxt birlik olmayıb, heç olmayacaq da. Duet oxuyub ortalığa çıxara bilmirik, hansı qruplaşmadan söhbət gedə bilər? Biri ilə əziyyət çəkib duet hazırlayırsan, o sənət yoldaşını tapıb efirə çıxara bilmirsən. Hər yerə vaxt tapır, dueti təqdim etməyə vaxtı olmur».

Nura Suri bildirir ki, Teymur Əmrah əslində sənət məsələsində ola biləcək qruplaşmanı nəzərdə tutmur. Sənətçilərin biri-birinin ayağının altını qazmaq, düşmən olan müğənnilərin qruplaşma taktikasını seçməkdən söhbət gedir: 

«Mən inanmıram ki, hansısa müğənnilər birləşib digərini vurmağa çalışsın. Niyə? Çünki bizdə həqiqətən birlik yoxdu. Bu gün səninlə münasibəti yaxşı olan müğənni, sabah düşmənçilik edər, bu söhbətin üstü açılar. O söhbət inandırıcı deyil. Sənətçilər biri-birinin üzünə yalandan gülürlər. Mən arzulayardım ki, sənətçilər arasında qruplaşma olsun, biri-birinə dəstək olsunlar. Amma bu, real deyil. Adi bir misal çəkim, Murad Dadaşov Azərbaycanda ən güclü şoumenlərdən biridir. Eyni zamanda onun təqdim etdiyi realiti-şou ən reytinqli layihə sayılır. İllərdir "Maşın-şou" keçirilir. Heç görmüsüz ki, orda qruplaşma olsun, birləşib sona qədər o qrupun üzvləri birgəlik nümayiş etdirsinlər, maşını bir nəfər udsun, sonra aralarında bölüşsünlər. Bu, mümkün deyil. 

Əgər qruplaşma olsa, o şouda qruplaşma sona qədər gedər, bir nəfəri qalib edərlər, maşını alıb çıxarlar, birgə də maşını bölüşərlər. İllərdir ki, bu şouda, maşın ətrafında dostlar belə gəlib ordan düşmən olaraq ayrılıb çıxıblar. Yəni sənət aləmində qruplaşma yoxdur. Hər kəs bir-biri ilə münasibət qurarkən öz marağı hesabına o münasibəti davam edirir. Yəni onun maraqlarına cavab verən münasibətdən söhbət gedir. Mən sevmirəm kimsə kimsədən istifadə edərək nə isə əldə etsin. Münasibətdə də istifadə hiss etsəm, kəsərəm o dostluğu. 

Mənim də hörmət etdiyim, ünsiyyətdə olduğum həmkarlarım var, onlarla görüşürük, ancaq bunu qruplaşma adlandırmaq doğru deyil. Səidə Sultanla münasibətimiz var. Onunla mesajlaşırıq da. Ancaq özümüzə aid paylaşımlarımız olur. Yəni yeni dəbdən, musiqidən, kinodan danışa bilərik. Mən onunla söhbət edəndə, görüşəndə kiminsə evini yıxmıram, kiminsə qeybətini qılmıram. Yəni dediyim odur ki, bu gün qruplaşmada olan insan, sabah ordan ayrılıb başqa birinin qrupunda olanda sənin sirlərin açıb tökər. Hamı da bunu bilir deyə qruplaşa bilməz. Sənət aləmində münasibətlər var, amma buna dostluq və qruplaşma demək olmaz. Sənətçilər arasında sənət dostlarım var. Sırf sənət dostluğu. Başqa heç nə. Biz qruplaşmanı bacarmırıq. Biz birləşməyi sevmirik».
Müğənni Nazəninin isə qruplaşma barədə fikirləri fərqlidir.

Müğənni Nüşabə Ələsgərli, Manaf Ağayev, Mətanət Əsədova, Xatirə İslam və Könül Kərimova ilə eyni qruplaşmanın üzvləri sırasında adları çəkilir. Nazənin də qruplaşmadan xəbərsiz olduğunu bildirdi: «Sənət aləmində qruplaşmanın olduğundan xəbərsizəm. 

Sənət dostlarım var. Adlarını çəkdiyiniz dostlarla illərdi bu münasibəti qurmuşuq. Ailələrimizin biri-birinə dəyəri var. Biz sənət dostlarıyıq. Bunun adı qruplaşma deyil. Qaldı düşmənçiliyə, mənim sənət aləmində bir nəfər düşmənim var. Onun da gücü çatmaz ki, mənə pislik etsin. O qadının da kimliyi hamıya məlumdur, səviyyəsi mənim səviyyəmə uyğun deyil ki, onun düşmənçiliyindən narahat olum. Onun mənə gücü yetməz. Digərləri ilə münasibətlərim əladır. Dostlarımı tanıyırlar. Biri-birimizin xeyir işində, çətin günündə dəstək oluruq. Amma yığışanda kiminsə evini yıxmırıq. Qruplaşmalar varsa da mənim onlardan xəbərim yoxdu».

Müğənni Manaf Ağayev də sənət aləmində olan qruplaşmalardan xəbərsiz olduğunu qeyd etdi. Mən bilmirəm hansı qruplaşmadan söhbət gedir. Heç bir qruplaşmanın da üzvü deyiləm. Sənətçilər arasında dostlarım var. 

Onlarla ünsiyyət yaradıram. Evimə gələnlər də var, evinə getdiklərim də. Elələri də var ki, onlarla səhnədə gözəl münasibətimiz mövcuddur. Qruplaşma deyəndə nədən söhbət gedir ki? Kiminsə evini yıxırlar? Mən kişi bildiyim sənətçi dostlarımla çörək kəsirəm. Ona görə də kişi qeybət qılmaz, ev yıxmaz. Yəni varsa da mənim o qruplaşmalardan xəbərim yoxdu».

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-10-20