2018-10-11 12:48:58   |   133 dəfə oxunub

Parlament jurnalistləri kifayət qədər peşəkardırlar

İclasları işıqlandıran müxbirlərin əksəriyyəti Milli Məclisin fəaliyyətini cəmiyyətə dolğun çatdırırlar

"Lakin akkreditasiya olunan, amma parlamentə nə üçün gəldiyi bəlli olmayan media təmsilçiləri az da olsa, təəssüf ki, hələ də qalmaqdadır"





Milli Məclisin iclaslarında müxtəlif qanunlar qəbul edilir, ayrı-ayrı sənədlərə əlavə və dəyişikliklər həyata keçirilir. Parlamentin fəaliyyətinin cəmiyyətə çatdırılması üçün gündəlik qəzetlərin, informasiya agentliklərinin və müxtəlif saytların müxbirləri akkreditasiya olunub. Milli Məclisdə deputatların hansısa məsələlərlə bağlı çıxışları, qanunlara edilən əlavə və dəyişikliklər məhz KİV nümayəndələri tərəfindən topluma çatdırılır.
Parlament jurnalistlərinin əsas vəzifəsi Milli Məclisdə baş verən prosesləri, müzakirələri, qanun layihələrini və deputatların çıxışlarını olduğu kimi cəmiyyətə çatdırmaq olsa da, bəzən, jurnalistlər bütün mövzular barədə məlumat verməyin mümkün olmadığını bildirirlər. Parlament müxbirləri bildirirlər ki, məsələn, gündəliyə 30-a yaxın məsələ daxil edilir, onların çoxusuna baxılır və qəbul olunur. Bunların hamısını çatdırmaq isə mümkün deyil. Jurnalistlər cəmiyyət üçün aktual olan məsələləri informasiya formasında verdiklərini, eyni zamanda həmin qanunla bağlı edilən çıxışları, deputatların fikirlərini işıqlandırdıqlarını bildirirlər.

Bu günlərdə isə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlament jurnalistlərinin fəaliyyəti, onların Milli Məclisdə baş verənləri olduğu kimi və yetərincə cəmiyyətə çatdırmaması barədə öz narazılığını bildirib. Deputatın sözlərinə görə, istər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. O bildirib ki, Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırılmalıdır.

Jurnalistlər isə iradlarla qismən razı olsalar da, bütünlükdə tənqidləri qəbul etmirlər.

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri, Modern.az xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı "Şərq”ə açıqlamasında Əflatun Amaşovun təklifini yüksək qiymətləndirib: 

"Parlament Jurnalistləri Birliyi 15 ilə yaxındır ki, fəaliyyət göstərir və Milli Məclisin işinin cəmiyyətə düzgün çatdırılması istiqamətində xeyli işlər görür. Artıq PJB bir institut kimi formalaşıb və qəbul olunub. Hesab edirəm ki, PJB-nin elə üzvləri var ki, qanunvericiliyi Milli Məclisin bəzi deputatlarından yaxşı bilir. Əflatun Amaşov bunu bizə dəstək üçün deyib. Biz də bu dəstəyə görə ona dərin minnətdarlığımızı bildiririk”.

E.Eyvazlı bildirib ki, sosial şəbəkələrdə və ayrı-ayrı müəlliflərin parlamentlə bağlı yazdığı yazılar PJB demək deyil:

 "Bizim əsas məqsədimiz Milli Məclisin fəaliyyətini cəmiyyətə çatdırmaqdır. Hesab edirəm ki, ortaya bununla bağlı kifayət qədər iş qoyulub. Hətta bəzən PJB üzvləri cəmiyyətdə sorğu keçirir və ictimai rəyi, təklifləri Milli Məclisin deputatlarına çatdırırlar. Hər halda biz Əflatun Amaşova dərin minnətdarlığımızı bildirik. Mətbuat Şurasının sədri PJB ilə Milli Məclisin daha sıx əməkdaşlığı üçün bundan sonra da lazım olan dəstəyi bizə verəcək. Sadəcə olaraq bu, o anlama gəlməsin ki, PJB ilə Milli Məclisin sıx əməkdaşlığı yoxdur. Biz istənilən media orqanının nümayəndəsinin sualına parlamentdən cavab ala bilirik. Buna görə də Milli Məclisin rəhbərliyinə və deputatlara da minnətdarlığımızı bildiririk”.

E.Eyvazlı həmçinin bildirib ki, parlament müxbirlərinin bu günə kimi deputatların fəaliyyəti ilə bağlı yanlış məlumat verməsinə rast gəlməyib: "Düşünürəm ki, əksinə, Parlament Jurnalistlər Birliyi formalaşıb və bütün cəmiyyət tərəfindən qəbul olunub. Bu günə qədər Milli Məclislə çoxlu əlaqələrimiz olub. Hətta Milli Məclisdə hansısa jurnalistin sualının cavabsız qalması mümkün deyil. Ən açıq dövlət qurumu kimi Milli Məclisi xüsusilə qeyd edə bilərik.

Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, Milli Məclisə gələn jurnalistlərin hamısı Parlament Jurnalistləri Birliyinin üzvü deyil. Ümumilikdə isə parlament jurnalistləri Milli Məclisin fəaliyyətini cəmiyyətə düzgün formada çatdırırlar. Parlament jurnalistlərinin elə üzvü var ki, onların həm təcrübəsi, həm də qanunvericiliklə bağlı biliyi bizim bəzi millət vəkillərinin biliyindən daha çoxdur”.
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camalın fikrincə, Əflatun Amaşovun qabartdığı məsələ bütövlükdə parlamentə akkreditasiya olunmuş media təmsilçilərinə aid deyil: "O, çıxışında da "ayrı-ayrı müəlliflər" ifadəsini işlətmişdi. Medianın spektri geniş və rəngarəng olduğu kimi, onların mövzuya yanaşma tərzi də, informasiyaları dəyərləndirmə parametrləri də fərqlidir. Məsələn, Modern.az saytının timsalında, parlamentin plenar iclaslarındakı çıxışları onlayn şəkildə, anındaca işıqlandıran operativ media qurumları da var. Biz də çalışırıq ki, millət vəkillərinin qaldırdığı məsələləri maksimum şəkildə oxucuya çatdıraq.

Lakin akkreditasiya olunan, amma parlamentə nə üçün gəldiyi bəlli olmayan media təmsilçiləri az da olsa, təəssüf ki, hələ də qalmaqdadır.

Digər bir məsələ isə deputat-jurnalist münasibətləri ilə bağlıdır. Bəzən hansısa deputat parlament tribunasında etdiyi çıxışı sonradan jurnalistə "korrektə" etdirməyə çalışır. Şəxsi münasibətlər istər-istəməz jurnalisti məsələlərə "ütülü" yanaşmağa məcbur edir. Hesab edirəm ki, Əflatun Amaşov bütün bu məsələləri kompleks şəkildə nəzərdə tutub. Və biz də Parlament Jurnalistləri Birliyi çatışmazlıqların aradan qalıdırılması ilə bağlı təşəbbüsü dəstəkləyirik”.
Avtosfer.az saytının baş redaktoru, parlament müxbiri Elməddin Muradlının sözlərinə görə, həqiqətən də parlamentə akkreditasiya olunan bəzi jurnalistlərin ümumiyyətlə yazı yazmaq həvəsləri olmur və yazmırlar da. Ona görə də parlamentdə qəbul olunan qanunvericilik məsələləri adətən kölgədə qalır: "Bu baxımdan Əflatun müəllimin dediklərində müəyyən qədər həqiqət var. Bəzi parlament müxbirləri iclaslara öz məqsədləri üçün gəlirlər, bəziləri isə özlərinə daha vacib olan informasiyanı yayımlayırlar. Müxtəlif informasiya agentlikləri, gündəlik qəzetlər var ki, parlamentdə müzakirə olunan məsələləri geniş şəkildə yazırlar”.

E.Muradlı parlament jurnalistlərini də qınamadığını deyib. O bildirib ki, cəmiyyətimizdə elə bir mühit formalaşıb ki, insanlar qanun oxumaq həvəsində deyillər:

 "Düşünürəm ki, Milli Məclisə akkreditasiya olunan jurnalistlər daha peşəkar olsalar, o zaman parlamentdə qəbul olunan qanunvericilik aktlarını daha tez anlayarlar və cəmiyyətə də insanların başa düşəcəyi dildə çatdırarlar. Yoxsa, bizim indiki insanlar nə bilir ki, hansısa qanunun filan maddəsi nə deməkdir? Vətəndaşlar belə məlumatları çətin dərk edirlər. Ona görə də düşünürəm ki, parlament jurnalistləri ilə bu istiqamətdə müəyyən treninqlər, görüşlər keçirilməlidir ki, informasiyalar insanlara sadə şəkildə çatdırılsın. Əslində Milli Məclis bunda maraqlı olmalıdır. Amma çox təəssüflər olsun ki, Milli Məclisdə olan jurnalistlər üçün normal şərait yaradılmır. Əvvəl mobil telefon vasitəsilə jurnalistlər məlumatları ötürürdülər və işlər asan gedirdi. Həmçinin hər bir jurnalistin özünün noutbuku olurdu və işi operativ şəkildə görə bilirdilər. İndi onların hamısını məhdudlaşdırıblar və jurnalistlərə smart telefonları içəri keçirməyə icazə vermirlər. Lakin millət vəkillərinin hamısı telefonlardan istifadə edir. Yəni, Milli Məclisə telefonların girişi qadağandırsa, o zaman hər kəsə qadağan olunsun. Bizi qınayırlar, ancaq əlimizdəki vasitələri alırlar. Otaqda isə hardasa 20 ədəd kompüter var və 100-ə yaxın jurnalist akkreditasiya olunur. 100 nəfər jurnalist 20 kompüterdə necə işləsin, hansı keyfiyyəti ortaya qoysun? Düşünürəm ki, bütün bunları da Milli Məclis rəhbərliyi, eyni zamanda mətbuat xidməti nəzərə almalıdır ki, peşəkarlıqdan, qanunvericilik məsələlərini cəmiyyətə daha tez və əhatəli çatdırmaqdan danışırıqsa, belə məsələlərə diqqət yetirməlidirlər”.

E.Muradlı həmçinin bildirib ki, parlamentdə qəbul olunan qanunlar əvəzinə orada baş verən digər hadisələr cəmiyyət üçün daha maraqlı olur: 

"Hansısa qanunun qəbulu və qanunda nəzərdə tutulan müddəalardan çox, həmin qanunda insanları maraqlandıran problemləri önə çıxartmağa çalışırıq. Məsələn, insan hüquqları ilə bağlı hansısa qanun qəbul olunur və ya hansısa maddəyə dəyişiklik edilir. Biz də bu qanunun mahiyyətini bir kənara qoyub, deputatların dilindən səslənən, insanların lehinə və əleyhinə olan fikirləri önə çəkməyə çalışırıq. Yaxud cari məsələlərin müzakirəsi zamanı daha maraqlı hadisələr baş verir. Hər bir deputat öz fərdi təklifini, düşüncəsini irəli sürür. Müşahidə edirsən ki, bu təkliflərin səsləndirilməsi zamanı çox maraqlı proseslər baş verir.

Ümumiyyətlə, qanunvericiliklə bağlı nə qədər məlumat versən, onu oxumurlar, amma yazanda ki, filan deputatla rəhbərlik arasında qalmaqal olub, yaxud spiker filan məsələyə münasibət bildirib, bu daha çox oxunur”.

Yeganə Bayramova

(Davamı olacaq...)







SON XƏBƏRLƏR

2018-10-20