2018-10-11 15:53:39   |   243 dəfə oxunub

AXC-nin 100 illiyinə həsr olunan növbəti KİTAB - "Qazax nahiyəsinin kameral təsviri"



Tanınmış tənqidçi, tədqiqatçı-yazıçı, Kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin, tərcümə, tərtib və qeydləri əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Qazax nahiyəsinin kameral təsviri" adlı kitab işıq üzü görüb.

Akademik Şahin Mustafayevin elmi redaktoruluğu ilə çap olunan kitabda qeyd edilir ki, Qazax sultanlığı 1801-ci ildə Rusiya imperiyası tərəfindən ilhaq edildikdən sonra həmin ərazilərdə vergi praktikasının tətbiq olunması məqsədilə siyahıyaalma işləri aparılıb və Kameral təsvirlər tərtib edilib. Hazırda o sənədlər Ermənistan Milli Arxivində saxlanılır.

Bundan başqa kitabda diqqətə çatdırılır ki, Qazax- Ağstafa eli Azərbaycanın sərhəd bölgələrindəndir. Və vaxtilə bu zonada siyasi-inzibati sərhədlər müəyyənləşdiriləndə tarixi torpaqlarımızın müəyyən qismi bəzi səbəblərə görə, qonşu ölkələrin tərkibinə verilib. Bu baxımdan Qazax-Ağstafa bölgəsinin tarixinin bütün təfərrüatı ilə tədqiqini davam etdirib onu xalqa olduğu kimi çatdırmaq Azərbaycan elmi qarşısında duran önəmli vəzifələrdən biridir. 

"Qazax nahiyəsinin kameral təsviri" adlı qaynaq da sözügedən boşluğu dolduracaq arxiv sənəd hesab oluna bilər. Bu kitab həm də etnoqrafiya, toponimika və antroponimika sahəsində araşdırmaların aparılmasına təkan verə biləcək mahiyyət daşıyır.

Eyni zamanda "Qazax nahiyəsinin kameral təsviri" bu ərazidə məskunlaşan və vergi mükəlləfiyyəti daşıyan əhalinin sayı və etnokonfessional tərkibi haqqında dolğun məlumat əldə etmək imkanı yaradır. Kitabda Qazax əhalisinin günlük təsərrüfatı, məişət həyatı, ailə ənənələri və bu kimi digər etnoqrafik xarakterli təsəvvürlər də əldə etmək mümkündür.

Bu sənəd tarixi həqiqəti - Qazax elinin coğrafı sərhədlərinin tarixən olduğu kimi XIX əsrin ortalarında da müasir hüdudlarından nə qədər geniş olduğunu bir daha təsdiqləyir.

Eyni məqsədlə vaxtaşırı hazırlanan bu növ sənədlər imperiyanın tərkibinə daxil olan ərazilərin sosial- iqtisadi və demoqrafik tarixini araşdırmaq üçün önəmli mənbə rolunu oynayır. Oxuculara təqdim olunan "Qazax nahiyəsinin 1860-cı ilə aid Kameral təsviri" də bu sənədlərdən biridir.

Ayyət Əhməd












SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15