2018-10-12 13:55:25   |   317 dəfə oxunub

Qəlbimizi fəth edən müəllim



Təxminən bir həftə əvvəl müəllimlər günü idi. Bu münasibətlə kiçik bir yazı yazaraq bütün müəllimlərimi təbrik etdim. Elə həmin anlarda ağlıma ilk gələn müəllimlərimdən biri - dekanımız Vüqar Zifəroğlu oldu. Düzdür, hələ ki mənə dərs keçməyib. Necə pedaqoq olduğunu bilmirəm. Ancaq əsl müəllim olduğundan əminəm...

Keçən dərs ilindən etibarən təhsil aldığım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə rəhbərlik edən bu şəxs özünün ali insani keyfiyyətləri ilə çoxlarının, o cümlədən də tələbələrin sevgisini, rəğbətini qazanmağı bacarıb. Həm də təkcə bizim ali məktəbdə yox, eləcə də, digər təhsil müəssisələrində. Dediklərimin təsdiqi üçün təkcə bir faktı deyim: aprel ayında Azərbaycan Dillər Universitetinin "Elm və təhsil Cəmiyyəti" Departamenti" Vüqar müəllimi "Müasir Azərbaycanın inkişafında gənclərin rolu" mövzusu ilə bağlı olaraq keçirilən tədbirə dəvət etmişdi. Həmin seminarda bir tələbə yoldaşımızla birlikdə mən də iştirak edirdim. Tədbir başa çatdıqdan sonra bir neçə tələbə dekanımıza yaxınlaşıb, ona jurnalistika ilə bağlı müxtəlif suallar verib, məsləhətlər istədi. Vüqar müəllim həmin gənclərə o qədər səmimi, mehriban cavab verdi ki...

Tam mübaliğəsiz deyə bilərəm ki, Vüqar müəllim tələbələrinə xüsusi diqqətlə yanaşır, onları səbrlə dinləyir, zəruri məsləhət və tövsiyələrini əsirgəmir. Şəxsən mənə bir neçə dəfə yol göstərib, nəyi necə etmək lazım olduğunu deyib.

Vüqar müəllimin dekan təyin olunduğunu bildikdən sonra bu xəbəri əməkdaşlıq etdiyim "Olimpiya dünyası" qəzetində də bölüşmüşdüm. Redaksiyanın bütün kollektivi kimi o vaxtkı məsul katibimiz Hürrü müəllim də sevinmişdi və adətən danışmağı çox sevməsə də, bu dəfə ürəkdolusu hələ tanımadığım insan haqqında mənə məlumat vermişdi. Yadımda qaldığı qədər təxmini belə demişdi: "Savadlı adamdır. Yaxşı qələmi var. Vətənınə bağlıdır, türkçüdür... Sözün əsl mənasında dəryadır..."
Sonradan tədricən onu tanıdım. Gördüm ki, söylənilənlər şişirtmə deyil, əksinə, reallığa tam uyğundur. Nə yaxşı ki, bu insanı tanımaq bizə və şəxsən mənə qismət oldu.

Bu gün Vüqar müəllimin-tələbələrinin və bütün pedaqoji kollektivin sevgisini-sayğısını qazanan dekanımızın ad günüdür.

Sizi təbrik edirəm, Vüqar müəllim! 100 yaşayın, sağlığlı və fərəhli ömür sürün!
Yəqin ki, bir müəllim üçün ən böyük uğur tələbələrinin qəlbindəki zirvəni fəth etməkdir. Siz bunu çox yaxşı bacarmısınız! "Olimpiya zirvəsini" fəth etmisiniz.

Kənan Novruzov
BDU-nun Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi

P.S. "Şərq” kollektivi olaraq biz də hörmətli Vüqar Zifəroğlunu ad günü münasibəti ilə təbrik edir, tələbələrin sevgisini qazanmış gənc müəllimə uzun ömür, can sağlığı və peşəsində yeni nailiyyətlər arzulayırıq!







SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11