2018-10-12 16:28:38   |   291 dəfə oxunub

"Azərbaycanda rus dilinə tələbat yox, saxta ehtiyac var" - Reaksiya



"Hazırda Azərbaycanda rus dilinin öryənilməsi ilə bağlı təbliğatlar aparılır".

Bunu "Sherg.az"a Azərbaycanda Rusiyanın üç universitetinin filialının açılmasına münasibət bildirərkən Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

Onun sözlərinə görə, bu tendensiya xalqımız, ölkəmiz üçün o qədər də ürəkaçan deyil:

"Ölkəmizdə rus dilinə əhəmiyyətli səviyyədə tələbat yoxdur. Hətta onun prespektivi də olmayıb, olmayacaq da. İndiki məqamda Azərbaycanda Rusiyanın üç universitetinin filialının açılması bəzi siyasətlərin nəticəsidir. Rusiyanın siyasəti hər kəsə bəllidir. Amma ölkəmizdə rus dilinin öyrənilməsi istiqamətində aparılan təbliğatlar əslidə yalançı ehtiyacdır. 

Bu kimi işlərlə heç nəyə nail olmaq mümkün olmayacaq. Bundan əlavə bəzi ailələrimiz övladlarını orta məktəbdə rus sektorunda oxudur. Bu tendensiyada 1960-1970-ci illərin insanlarının rolu böyükdür. Çünki həmin vaxtlar hər kəs kütləvi şəkildə rus dilində dərslər keçirdi. Həmin vaxtlar insanların bu addımı tələbat yox, məcburiyyət idi. 

Amma indi belə bir hal mövcud deyil. Azərbaycanda rus dilinin təbliğatını aparanlar 20 Yanvar, Xocalı hadisələrini, Dağlıq Qarabağ problemini, şəhidlərimizi unutmamalıdırlar. Bu tendensiyanın bizim üçün heç bir müsbət əlaməti yoxdur. Və gələcək üçün də yaxşı amillər vəd etmir”.

Qeyd edək ki, Rusiyanın daha 3 universitetinin Azərbaycanda filialı açılacaq. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib. Diplomat qeyd edib ki, bu filiallar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin olacaq. Hazırda Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15