2018-10-12 17:10:46   |   274 dəfə oxunub

"Novoe vremya” qəzetinin redaksiyası niyə dağıdılıb ? - Redaktor danışdı

Habil Ağazadə:"Çox güman ki, oğurluq məqsədi ilə qarət ediblər. Baş redaktorun otağı tamamilə sıradan çıxmışdı. Şübhələndiyimiz kimsə yoxdur, polisə ərizə yazdıq,ilkin araşdırmalar gedir"



Azərbaycanda fəaliyyət göstərən, Şakir Ağayevin rəhbərlik etdiyi rusdilli "Novoe vremya” - "Yeni Zaman” qəzetinin redaksiyası ötən gecə naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb. Səhər işə gələn redaksiya əməkdaşları ofisdə dağınıq mənzərə ilə rastlaşıblar. Hadisə barədə 

"Sherg.az”a məlumat verən saytın redaktoru Habil Ağazadə olayın təfərrüatlarını açıqlayıb:

"Səhər saat 8-ə işləmiş işə gələndə gördük ki, redaksiya darmadağındır. Çox güman ki, oğurluq məqsədi ilə qarət ediblər. Baş redaktorumuz Şakir Ağayevin otağı tamamilə sıradan çıxmışdı. Sənədlər hamısı yerlə bir idi. Şübhələndiyimiz kimsə yoxdur, hadisədən sonra polisə ərizə yazdıq və hazırda ilkin araşdırmalar gedir. Bakı Şəhər Baş Polis İdarəsindən redaksiyaya gəlmişdilər, olayla maraqlandılar. Konkret nəsə demək mümkün deyil, çünki bizə hansısa məlumat verilməyib. Sadəcə onu deyə bilərik ki, baş verənlərin oğurluq və ya başqa motivli cinayət olub-olmadığı araşdırmalardan sonra məlum olacaq”.

H.Ağazadə redaksiyadan qiymətli əşyaların oğurlandığını deyib: 

"Bir neçə qiymətli suvenirləri oğurlayıblar. Redaksiyada müxtəlif zamanlarda bizə verilmiş bəzi dəyərli hədiyyələr var idi, onları da aparıblar”.




İsmayıl







SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11