2018-10-12 19:46:59   |   193 dəfə oxunub

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirilir" - Optimal yanaşma



"Prezidentin çıxışı hökumətin iqtisadi islahatlardakı əzmini və yol xəritəsini təsəvvür etməyə imkan verdi”

Bunu "Sherg.az”a açıqlamasında Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışına münasibət bildirən "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, baxmayaraq ki, neftin qiyməti yüksəkdir və əsas gəlirlərimiz neft-qaz ixracından əldə edilir, ancaq hökumət bu sektora çox da ümid etmir, iqtisadiyyatın diversifikasiyasına çalışır:

"Qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirilir. Təbii ki, bu ən doğru və ən optimal strateji yanaşmadır. Son illərdə qeyri-neft sektorundakı inkişaf tempi yüksəkdir və bu temp artan xəttlə davam edir. Ötən illərdə müxtəlif sahələrə qoyulmuş investisiyaların nəticələri qarşıdakı illərdə özünü göstərəcək. Ölkə iqtisadiyyatına sərmayələrin artması müsbət haldır. İnvestisiya inkişafın mühərrikidir. Əlbəttə, burada yerli investisiyanın payının mümkün qədər çox olmasına çalışmalıyıq. Dövlət yatırımları da böyük paya malik olmalıdır. 

Nə qədər mümkündürsə, büdcədən real iqtisadiyyata invest edilməlidir. Həm də çalışmaq lazımdır ki, yatırım infrastrukturlara yox, daha çox istehsala yönəldilsin. Əvvəlki illərdə infrastruktura böyük vəsaitlər qoyulub və artıq ölkədə normal səviyyədə müvafiq infrasturktur mövcuddur. Bundan başqa, xarici fondlarda 1-2 faiz gəlirliliklə saxlanılan strateji rezervlərimizin bir hissəsini, məsələn, 5 milyardını gətirib real iqtisadiyyata invest eləmək olar. Nəticədə gəlir çoxalar və ölkə iqtisadiyyatında böyük inkişaf yaranar”.

İqtisadçı bildirib ki, yerli istehsalın artması, idxalın azalması həm büdcənin gəlirlərini çoxaldar, həm də işsizlik problemini aradan qaldırar:

 "Fikrimcə, qeyri-dövlət sərmayələrinin artırılması üçün bəzi tədbirlər yaxşı effekt verər. Misal üçün, maliyyə amnistisiyası qəbul oluna, dövriyyədə olmayan vəsaitlər, həmçinin xarici ölkələrə yatırılan sərmayələr ölkə iqtisadiyyatına yatırıla bilər. Paralel olaraq, sahibkarlığa əsassız müdaxilələr tam aradan qaldırılarsa respublikada istehsal bumu yaranar və biz xaricə xammal deyil, hazır məhsul ixrac edərik. Ümumiyyətlə, hökumətin bu istiqamətdə addımlarını izləyirəm və təqdirəlayiq hesab edirəm. Tezliklə, ciddi nəticələr əldə olunacağına şübhə etmirəm”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15