2018-10-17 21:52:12   |   170 dəfə oxunub

Əməli işə keçilməlidir: Rəsmi İrəvana “status naminə ərazi” deyil, “sülh naminə ərazi” düsturunu qəbul etdirmək lazımdır



Ötən əsrin sonuncu onilliyi başlayarkən erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar hələ də işğal altında saxlanılır. Artıq 30 ilə yaxındır ki, Ermənistan dövləti işğalçılıq siyasətini davam etdirir. İşğalçı Ermənistanın sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi bu gün də davam etməkdədir.
Separat siyasətə dəstək verən rəsmi İrəvan qondarma "Dağlıq Qarabağ Respublikası”nın işlərinə "qarışmadığını” zaman-zaman iddia etsə də, faktiki olaraq münaqişənin həllində maraqlı olmadığını göstərib. Bütün dünyaya "biz işğalçı deyilik” təbliğatını aparan Ermənistana artıq inam qalmadığı görünür. Düzdü dünya ictimaiyyəti və beynəlxalq hüquq, BMT-in Qarabağdakı terrorçu erməni silahlılarının qeyd-şərtsiz əraziləri boşaltmaq haqqında qətnamələri münaqişənin ilk illərindən qəbul edib. Buna baxmayaraq Azərbaycana qarşı müəyyən qüvvələr qərəzli, ədalətsiz mövqe sərgiləyirdilər. Amma son bir neçə ildir ki, həmin mövqelər ölkəmizin xeyrinə dəyişib.

Azərbaycan prezidenti İlham Əliyevin qəti, əzmli və prinsipial siyasətinin nəticəsidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir və bu mövqe ardıcıl surətdə daha da güclənməkdədir. Son dövrlər ərzində beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif səviyyələrdə səslənən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin və daha da güclənməsinin növbəti göstəricisi sayılmalıdır.
Məsələn bu ilin iyulunda dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanmış Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunur: "Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar”.

Bundan bir ay sonra iyul ayında NATO üzv dövlətlərinin Brüssel zirvə toplantısının yekununda qəbul etdiyi bəyanatda növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər.
Daha sonra Almaniyanın baş naziri Anqela Merkel bu ilin yayında Azərbaycana səfəri çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi mətbuat konfransında Almaniyanın BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin həlli istiqamətində səyləri dəstəkləməkdə davam edəcəyini bəyan etdi. Bu yerdə qeyd etmək lazımdır, Almaniya ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrindən biridir

Daha bir misal bu yaxınlarda Almaniya Federativ Respublikası Hökuməti Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında Hökumətin Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab etdiyini qeyd edərək, Hökumətin qondarma "Dağlıq Qarabağ Respublikasını” tanımaması bəyanatını verdi.
Başqa bir misal kimi bu günlərdə Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Corc Kentin açıqlamasını göstərmək olar. Belə ki, o Bakıda keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişənin həlli kontekstində BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladaraq, ona əməl olunmasının vacibliyini önə çəkdi.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, oktyabrın 11-12-də Ermənistanın ev sahibliyi ilə keçirilən Frankofoniya sammitinin yekun bəyanatında belə münaqişənin həllinin əsaslarını Helsinki Yekun Aktının təşkil etdiyi qeyd olundu. İşğalçı Ermənistanın cəhdlərinə və sənədin layihəsinə cəfəng ifadələr daxil etməyə çalışmasına baxmayaraq, beynəlxalq ictimaiyyət rəsmi İrəvanın niyyətini qəbul etmədi.
Bu günlərdə isə ABŞ-ın Ermənistandakı səfiri və ermənipərəst mövqeyi ilə seçilən Riçard Mills belə Ermənistan KİV-nə verdiyi müsahibəsində münaqişənin həllinin "sülh naminə torpaq” prinsipinə və işğal olunmuş ərazilərin azad edilməsinə əsaslanmalı olduğunu söylədi.
Azərbaycanın ədalətli mövqeyinə, haqlı yanaşmasını dünya ictimaiyyətinin müsbət reaksiyası təbii ki, ölkə başçısı İlham Əliyevin ardıcıl xarici siyasətinin nəticəsidir.

Prezident hər zaman olduğu kimi, Nazirlər Kabinetinin son iclasında da qeyd etdi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Münaqişənin həlli Azərbaycan torpaqlarının qaytarılmasından, ərazi bütövlüyünün təminindən keçir.
Azərbaycan bu illər ərzində işğal olunmuş ərazilərində anti-terror əməliyyatları keçirib, torpaqları müharibə yolu ilə qaytara bilərdi. Bunun üçün ölkəmizin kifayət qədər hərbi və iqtisadi gücü var. Sadəcə olaraq rəsmi Bakı məsələnin sülhlə həllindən yana olduğunu nümayiş etdirir. MDB-nin Düşənbə sammitində aparılmış söhbət əsnasında da Azərbaycan bir daha münaqişənin həllində konstruktivliyini və xoş niyyətini nümayiş etdirdi. Rəsmi Bakı beynəlxalq hüquqla ərazilərinin boşaldılmasını gözləyib səbr edir. Hüquq da Azərbaycanın tərəfindədir.
Çünki münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun aktı təşkil edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prioritet prinsiplər kimi müəyyən olunub .

Münaqişənin həllində irəliləyiş əldə etmək üçün atılmalı olan addımların nədən ibarət olduğu hər kəsə aydındır və bu mövqe yalnız Minsk Qrupunun həmsədrləri səviyyəsində deyil, dövlət və hökumət başçıları və digər səviyyələrdə də açıq və ictimai şəkildə ifadə olunur. İlk növbədə və mərhələli şəkildə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Ermənistan tərəfinin iddialarına baxmayaraq, beynəlxalq ictimaiyyət də münaqişənin həlli üçün "status naminə ərazi” deyil, "sülh naminə ərazi” düsturunu qəbul edir. Bunu da yuxarıda sadaladığımız faktlar deyir.
Azərbaycan hesab edir ki, beynəlxalq ictimaiyyət tərəfindən ifadə olunan bu mövqe artıq praktiki siyasi addımlara çevrilməli və münaqişənin həllinə xidmət etməlidir. Ermənistanın hazırkı başıpozuq hakimiyyətində danışıqlardan yayınmaq niyyəti nümayiş etdirir. Bu isə sonucda Azərbaycanın hərbi gücə əl atmasına gətirib çıxara bilərş. Ona görə də, münaqişənin həlli ilə məşğul olan təşkilatlar, maraqlı ölkələr, Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməli və üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər.
Fakt odur ki, beynəlxalq ictimaiyyətin ardıcıl mövqeyinə və Azərbaycanın nümayiş etdirdiyi konstruktivliyə və xoş niyyətə baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirməkdədir. Son günlərdə işğal olunmuş ərazilərə təşkil olunmuş qeyri-qanuni səfərlər, Kəlbəcərdə Sidney qəsəbəsinin salınması və Araz çayı boyunca işğal olunmuş ərazilərimizlə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə niyyətlər bunu açıq şəkildə nümayiş etdirir. Təbii ki, Ermənistan rəhbərliyi bu kimi təxribatçı əməllərini, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini dayandırmalı və xalqı sülhə hazırlamalıdır. Sülhə hazırlıq isə ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması deməkdir.

Analitiklər də hesab edirlər ki, artıq Ermənistana ciddi təzyiq edilməsinin vaxtı çatıb.
Politoloq Natiq Miri "Şərq”ə deyib ki, rəsmi Bakının apardığı xarici siyasət dünya ölkələri tərəfindən qəbul edilir: 

"Artıq Ermənistan rəsmilərinin üzlərinə deyilir ki, "siz işğalçısız”, "sülhə gəlin” və s. Məsələ bundadır ki, bu mövqelər beynəlxalq hüququn tələb etdiyi bir davranışdır. Çünki beynəlxalq hüquqa görə, Azərbaycan hazırda Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ və ətraf rayonlarla birlikdə müstəqil dövlət və subyekt kimi tanınıb. Yəni beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazisidir. Bu, BMT-nin bütün üzvləri tərəfindən tanınmış bir faktdır, gerçəklikdir. Təəssüf doğuran məqam budur ki, bütün bunların müqabilində Dağlıq Qarabağ münaqişəsinin çözülməsi məsələsinə gələndə, beynəlxalq hüquq anlayışı tamamilə arxa plana keçir, kənarda qalır. Əgər münaqişəyə beynəlxalq hüquq prizmasından yanaşılsaydı, problemin həlli acı bağırsaq kimi 30 ilə yaxın uzanmazdı. Beynəlxalq hüquqa görə, hər hansı coğrafi ərazidə yaşayan etnik qrup, milli azlıq öz yaşadığı coğrafiyanın siyasi taleyini həll edə bilməz. Bu hər kəs tərəfindən bilinən, qəbul edilən elementar gerçəklikdir. Bunu bilməyən beynəlxalq ekspert, siyasətçi, diplomat yoxdur. Bu vaxta qədər bu deyilmirdisə, artıq qəbul olunur, səsləndirilir.

İş o yerə çatıb ki, ermənipərəst mövqeli şəxslər də, etiraf edirlər ki, Dağlıq Qarabağ məsələsinin həll olunmamasının səbəbkarı rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyidir. Artıq bəyanatlar yox, əməli işə keçilməlidir. Əməli iş də Ermənistana beynəlxalq təşkilatların, xüsusən də işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı qətnamə vermis BMT-in Təhlükəsizlik Şurası və münaqişənin sülhlə həllinə çalışdığını iddia edən ATƏT-in Minsk Qrupunun atacağı addımlardır. Bu qurumlar Ermənistana təzyiq etməlidirlər ki, sülhə gəlsin”.

Anar Bayramoğlu







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16