2018-10-18 11:00:54   |   244 dəfə oxunub

Azyaşlıların qorunması milli prioritet məsələdir

"Uşaqları zərərli informasiyadan qorumaq təkcə valideynlərin deyil, həm də cəmiyyətin, xüsusilə KİV-in vəzifəsidir"



Milli Məclisin ötən gün keçirilən iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun haqqında parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib. Bildirilib ki, sözügedən sənəddə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Qanun layihəsi qəbul olunduqdan sonra 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək. Müzakirə zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb. Lakin deputat qanun layihəsinə "dini xurafat” anlayışının əlavə edilməsini təklif edib: "Bəzi ailələrdə uşaqlara dini xurafatçılığa əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir. Məktəblərdə "Həyat bilgisi” dərsliyinin keçirilməsi müsbət haldır. Sözügedən dərslikdə islam dini haqqında düzgün məlumatlar aşılanır. Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi, dini xurafatçılığa qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.

Müzakirəyə qoşulan deputat Sevinc Fətəliyeva isə vurğulayıb ki, əsas təhlükələrdən biri odur ki, hər kəs bu gün internetdə hər bir informasiyanı dərc edə bilər: 

"Muasir dövrdə zərərli informasiyaya rast gəlmək çox asan məsələdir. Əgər yaxın keçmişdə biz məişət zorakılığı, fiziki cəzalar, cinsi zorakılıq, uşaq psixikasına mənfi təsir göstərən səbəbləri, intiharları araşdırıb onlarla mübarizə aparırdıqsa, bu gün kiber mühit və internet bütün təhlükəli amilləri özündə birləşdirib və böyük bir riskə çevrilib”. Millət vəkili internetə daha çox diqqət yetirməyinin səbəbini bu cür açıqlayıb: "Bu gün internet həm TV, həm də radionu tam əvəz edir və hər bir insanın, xüsusən uşaqların həyatının ayrılmaz hissəsinə çevrilir. Hətta çox vaxt həyat tərzimizi dəyişir. Uşaqların davranışını, ünsiyyət formasını redaktə edir. Nəzərə alsaq ki, Azərbaycanda internet istifadəcilərinin sayı getdikcə artır, düşünürəm ki, təqdim olunan qanun layihəsində uşaqların internet təhlükəsizliyi daha çox yer alsaydı, yaxşı olardı”.

Xanım millət vəkili əlavə edib ki, internet böyük imkanlar verir, amma təqdim olunan məlumatların böyük hissəsi etibarlı və faydalı sayıla bilməz: 

"Materialların dəqiqliyini qiymətləndirmək üçün şəbəkə istifadəçiləri tənqidi düşünməlidir. Çünki əsas təhlükələrdən biri odur ki, hər kəs bu gün internetdə hər bir informasiyanı dərc edə bilər. Bu xüsusilə uşaqlara aiddir, çünki uşaqlar adətən düşünür ki, əgər bu məlumat internetdə varsa, deməli, doğrudur. Qəzet və jurnallarda korrektor, redaktor var, amma internetdə heç kim məlumatların doğru olub-olmamasını yoxlamır. Bu şəraitdə belə bir qanun layihəsinin qəbul olunmasına böyük zərurət var. Ümumiyyətlə, uşaqların informasiya təhlükəsizliyi qanunvericilik bazasının yaradılması həm uşaqların, həm də valideynlərin rəqəmsal bilik və bacarıqlarının formalaşması kimi bir neçə amildən ibarətdir. 1-ci amilə biz artıq nail olmuşuq. Müzakirə olunan qanun layihəsi uşaq hüquqlarını müdafiə edən, onların təhlükəsizliyini təmin edən bir platformadır. Növbəti mərhələ isə ondan ibarət olmalıdır ki, qəbul etdiyimiz qanunun müddəaları əhaliyə geniş çatdırılsın,

uşaqlar informasiya əldə olunmasında öz hüquqlarını bilsin. 2-ci amilə nail olmaq üçün həm uşaqları, həm də valideynləri digər istiqamətdə maarifləndirmək lazımdır: internetdən, sosial şəbəkələrdən istifadə olunması, onlayn oyunların oynama qaydaları və bir sıra digər fəaliyyət qaydaları haqqında bilmək, onlara riayət etməkdir. Düşünürəm ki, bunun üçün həm parlament, həm müvafiq qurumlar, həm də QHT-lərin birgə fəaliyyət göstərmələri çox faydalı olardı”.

Məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən "Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov deyib ki, vurğulanan problem bir neçə dəfə gündəmə gətirilib və geniş müzakirə olunub. Ancaq reallıq odur ki, informasiya çirkliliyindən uşaqları və azyaşlıları qorumaqla bağlı dünyada hansısa praktika mövcud deyil: 

"Hələ ki belə bir mexanizm hazırlanmayıb. Amma deyilənə görə, bir neçə metod üzərində iş gedir. Bir sıra xarici saytları ziyarət edərkən orada bəzi videolara rast gəlirik. Məsələn, fiziki zorakılığı və cinsi istismarı əks etdirən roliklərdə yaşla bağlı anket sorğuları tətbiq edilir. Sorğuya cavab verməmiş video-görüntünü açmaq mümkün olmur. Yaxud televiziyalarda, xüsusən xarici efirlərdə 14+, 16+ kimi xəbərdarlıq işarələri verilir. Əslində bunlar hamısı nisbətən önləyicidir və xəbərdarlıq məqsədi daşıyır. Ona görə də bunu etibarsız sayanlar az deyil. Çünki problemi belə üsullarla həll etmək mümkün deyil”.

Baş redaktorun sözlərinə görə, Azərbaycanda bu səviyyədə belə addımlar atılmır: "Bu gün böyük kütləni əhatə edən televiziya və internet məkanında azyaşlılarla bağlı heç bir önləyici metod tətbiq edilmir. Şəxsən mən hansısa verilişdə və ya kinofilmdə bunu görməmişəm. Əlbəttə, olmağı yaxşı haldır. Çünki belə xəbərdarlıq işarələrini görən valideynlər dərhal uşaqları efir önündən çəkərlər. Təkrar edirəm, bunlar nisbətən problemi həll edə bilər, ancaq köklü dəyişiklikdən söhbət gedə bilməz. Çirkli informasiyaların qarşısını birdəfəlik kəsmək imkansız məsələdir”.

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə də hesab edir ki, uşaqları zərərli informasiyadan qorumaq təkcə valideynlərin deyil, həm də cəmiyyətin, xüsusilə KİV-in vəzifəsidir: 

"Təəssüf ki, uşaqların mənəvi-psixoloji durumuna mənfi təsir göstərən xəbərlərin yayılması intensiv hal alıb. KİV-lər arasındakı rəqabət peşəkarlığı arxa plana keçirib. Əksər KİV-lər uşaqlarla bağlı xəbərlərin yayılmasıyla bağlı özlərinə məhdudiyyət tətbiq etmirlər. Vəziyyət o həddə çatıb ki, bəzi KİV-lər hətta təcavüzə məruz qalmış azyaşlıların adlarını açıq yazmaqdan, əllərinə düşdüyü təqdirdə fotolarını yaymaqdan belə çəkinmirlər. İnformasiya "savaşında” heç kim rəqibə uduzmaq istəmir. Qeyri-sağlam rəqabət mühiti cəmiyyətin müxtəlif kateqoriyalarına aid olan insanların, o cümlədən, uşaqların zərbələrə məruz qalmasına səbəb olub”. Azərbaycanda kriminal xəbərlərin hazırlanması ilə bağlı ciddi problem olduğunu vurğulayan S.Verdizadə bu sahədə ixtisaslaşmanın zəif getdiyini qeyd edib: "Bəzən mətbuat təqsirləndirilən şəxsi cani, qatı cinayətkar kimi təqdim edir. Bu naşılığın qurbanı olan adamların sayı getdikcə artır. Buna görə də sözügedən qanun layihəsinin hazırlanmasını təqdir edirəm. Mənə elə gəlir ki, bu prosesi sürətləndirmək lazımdır. Qanunun bir qədər tez qüvvəyə minməsi yaxşı olar. Hamımız deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Ancaq çox təəssüflər olsun ki, bu, çox vaxt şüarçılıqdan o yana keçmir. Uşaqların bizim gələcəyimiz olduğunu onlara göstərdiyimiz əyani qayğı ilə sübut etməliyik”.

Yaşadığımız dövrdə informasiyanın kütləviləşdiyini deyən sosioloq Cavid İmamoğlu isə düşünür ki, istər televiziya və peyk antenalarının, istərsə də internet və onun gətirdiyi filtirsiz informasiya mühitində uşaqların müdafiəsi milli prioritet məsələyə çevrilib:

 "Bu məsələdə təkcə dövlət öz qanunları ilə deyil, o cümlədən valideynlər və cəmiyyət də birgə təşəbbüs göstərməlidir. Yəni qabaqlayıcı tədbirlər görülməlidir. Biz başa düşməliyik ki, nəzarətdən kənar informasiyalar uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərə bilər. Hətta "youtobe” kanalında yayımlanan cizgi filminin belə uşağın psixologiyasına mənfi təsir göstərməsi mümkündür. Ona görə də hər kəs öz məsuliyyətini dərk etməli və zərərli informasiyaların uşaqlara çıxışının qarşısını almaq üçün əlindən gələni əsirgəməməlidir”.

 C.İmamoğlunun sözlərinə görə, istər kompüter salonlarını işlədən şəxslər, istər valideynlər bu məsələyə ciddi yanaşmalıdırlar: 

"Uşaqların izlədikləri cizgi filmlərinə, televiziya proqramlarına birgə baxmalıdırlar. Zərərli informasiyalar gördükdə isə bu məlumatların onların gələcək inkişafına ziyan verəcəyini uşaqlarına izah etməlidirlər. Belə olduqda, yeniyetmə yaşına çatan uşaqlar artıq zərərli informasiya ilə onların xeyrinə olan məlumatları fərqləndirməyi bacaracaqlar”. Sosioloqun qənaətincə, bu gün Azərbaycan ailələrində valideynlər övladlarını zərərli informasiyalardan qorumaq üçün, onlarla necə ünsiyyətə girməli olduqlarını bilməlidirlər: 

"Dövlət uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyaların qorunması haqda qanun qəbul edib. Bu qanun əslində Azərbaycanın BMT qarşısında bir öhdəliyidir. Çünki BMT Konvensiyasının 17-ci maddəsinə əsasən, bu konvensiyaya qoşulan bütün dövlətlər Kütləvi İnformasiya Vasitələrinin zərərli informasiyalarından uşaqları qorumağa məsuldurlar. Burada dövlətin üzərinə düşən vəzifə uşaqları zərərli informasiyalardan qorumaq üçün lazımi tədbirlər görməkdir. Ona görə də, Azərbaycan dövləti bu istiqamətdə qanunlar qəbul edir. Amma hər bir halda önəmli məsuliyyət ailələrin və cəmiyyətin üzərinə düşür. Hər kəs diqqətli olmalı və şəxsi mənfəətə görə uşaqların gələcəyini təhlükə altına salmamalıdır. Qanun qəbul edildikdən sonra bu istiqamətdə tədbirlər planı hazırlanır. Bu plana uyğun olaraq da, müəyyən qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu qanun layihəsində əsasən maarifləndirmə, təbliğat-təşviqat xarakterli tədbirlər öz əksini tapacaq. Yəni müəyyən mənada qanun layihəsi uşaqları zərərli informasiyalardan uzaq tutmağa kömək edəcək”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19