2018-10-18 11:21:13   |   135 dəfə oxunub

ABŞ səfirinin dili ilə Ermənistan cəmiyyətinə açıq mesaj göndərdi

Paşinyan dekabrdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasa, bu bölgədə müharibə riskini artıracaq



ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills erməniləri məyus edən açıqlama ilə çıxış edib. Amerikalı səfir bunu işğalçı ölkənin özündə, erməni mətbuatına açıqlamasında dilə gətirib. Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmalı, İrəvan kompromislərə getməlidir. Mills indiyədək eşitdiklərinin narahatlıq doğurduğunu deyib: "Mən birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar. 

Torpaqların qaytarılması "Madrid prinsipləri"nin əsas müddəalarındandır. İstənilən nizamlama işğal olunmuş ərazilərin müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək”. Ermənistan tərəfi səfirin açıqlamasını cavabsız qoymayıb. Baş nazir Nikol Paşinyan amerikalı diplomatın bəyanatını şərh edərkən deyib ki, Millsin Dağlıq Qarabağla bağlı sözlərini İrəvana mesaj hesab etmək olar: "ABŞ səfiri "Qarabağı qaytarın" dedi. Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib”.

Məsələni "Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib ki, hansısa ölkənin səfiri bəyanat verərkən bunu sadəcə onun şəxsi fikri kimi dəyərləndirmək olmaz. Diplomatik nümayəndənin rəsmi açıqlaması birbaşa təmsil etdiyi dövlətin bəyanatı hesab olunur:

 "Əgər ABŞ-ın Ermənistandakı səfiri fəaliyyət göstərdiyi ölkədə bu cür ifadələr səsləndirirsə, bu özü-özlüyündə rəsmi Vaşinqtonun mövqeyidir. Əlbəttə, səfirin Dağlıq Qarabağ münaqişəsinin həllinə bu şəkildə yanaşması bizi qane edir və maraqlarımıza cavab verir. Reallıq odur ki, işğal olunmuş torpaqlarımız azad edilməyənə qədər heç bir maddə ətrafında danışıq aparmaq mümkün deyil. Bu məsələ münaqişənin mərhələli həllində, yəni "Madrid prinsipləri"ndə də öz əksini tapıb. Sözsüz ki, bu cür açıqlama erməniləri qıcıqlandırmaya bilməz. Amma hər halda reallıq budur. Düşmən ölkənin yeni rəhbərliyi bəyanata xüsusi diqqət yetirməli, həmsədr ABŞ-ın mövqeyini nəzərə almalıdır”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə vurğulayıb ki, səfir Riçard Mills Ermənistandan geri qayıdır, çünki Ağ Ev Ermənistana yeni səfir təyin edib:

 "Buna baxmayaraq, Riçard Mills Ermənistan hakimiyyətinə və cəmiyyətinə konkret mesaj göndərib. Mesaj bundan ibarətdir ki, Nikol Paşinyan dekabrdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasa və Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verməsə, bu bölgədə müharibə riskini artıracaq”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17