2018-10-19 21:26:13   |   182 dəfə oxunub

"İqtisadi qüdrətimiz olmasaydı, "Star" layihəsində yer ala bilməzdik" - Deputat


Bu gün Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar. Daha sonra dövlət başçıları idarəetmə ofisi ilə tanış olublar. Ardınca Prezidentlərə "Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.  

"Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım çıxış ediblər. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər. Sonda isə dövlət başçıları zavodun açılışını ediblər və birgə xatirə şəkli çəkdirilib. 

Azərbaycanla-Türkiyənin bir arada olub çoxsaylı uğurlu, rentabelli  layihələrə imza atdığını söyləyən millət vəkili Araz Əlizadə "Sherg.az"a bildirib ki, belə birgə adddımlar rəsmi Ankara ilə rəsmi Bakı arasındakı əlaqələrə çox müsbət təsir göstərir. Parlamentarinin sözlərinə görə, Türkiyə  və Azərbaycan dost, qardaş və qonşu ölkələrdir: 

"Biz bütün qonşu və dost dövlətlərlə iqtisadi, siyasi, mədəni və hərbi əlaqələr  qurmalıyıq, qururuq da. Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlər var. Bu əlaqələr günbəgün inkişaf edir. Biz Ankaraya necə münasibət bəsləyiriksə, onlar da bizə oxşar münasibəti göstərirlər. Bunun bəhrəsini də görürük, görəcəyik də".

Millət vəkili  qeyd edib ki, bu cür layihələrdə iştirakımız Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir: 

"Ölkəmizin dayanıqlı və proqressiv iqtisadiyyatı var. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Əgər  iqtisadiyyat və sənayemiz inkişaf etməsə idi, iqtisadi qüdrətimiz olmasaydı, belə layihələrdə yer ala bilməzdik. İqtisadiyyatı zəif olan, iqtisadi və siyasi cəhətdən stabil olmayan ölkəni heç bir layihəyə cəlb etmirlər. Çünki heç bir ölkə öz yatırdığı investisiyanı riskə atmır. Bu mənada sabitlik adası kimi tanınan Azərbaycanda stabil iqtisadi və siyasi mühit var. 

Xalqımız sülh və əmin- amanlıq şəraitində yaşayır. Azərbaycan çoxlarının gözləmədiyi böyük layihəri həyata keçirib və bununla da sübut edib ki, ölkəmiz güclü iqtisadiyyata malik bir dövlətdir. Və Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə doğru ciddi cəhdlə addımlayır və o məqsədlərə çatır. Bir sözlə, Respublikamızı çox xoşbəxt gələcək gözləyir. İqtisadi qüdrətimiz hər ötən il daha da yüksəlir və bu tendensiya inkişaf edən xətt üzrə davam edib, edir və edəcək də".

Ayyət Əhməd  

  






SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16