2018-10-19 22:45:24   |   250 dəfə oxunub

Liderlər İzmirdən dünyaya mesajlar verdi

İlham Əliyev: “Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar, bu, bizim böyük sərvətimizdir”

Tayyib Ərdoğan: “Azərbaycan torpaqlarının 20 faizi işğal altında qalması qəbul edilə bilməz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsində haqsızlıqlara “Dur!” deməsini gözləyirik”


Azərbaycan və Türkiyə Prezidentləri "Star” neft emalı zavodunun açılış mərasimdə iştirak ediblər





Dünən Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimə qatılıb. Prezidentlər terrasdan "Star” neft emalı zavodunun ərazisini seyr ediblər. Dövlət başçıları idarəetmə ofisi ilə tanış olublar.
Prezidentlərə "Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.
Bildirildi ki, "Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.
"Star” neft emalı zavodunun açılış mərasiminin aparıcısı 6,3 milyard dollar dəyərində olan və bu gün reallaşan 4 nəhəng layihənin əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Sonra layihənin əhəmiyyəti haqqında videoçarx nümayiş olunub.

Prezident İlham Əliyev: "Star” neft emalı zavodu kimi nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var



"Star” neft emalı zavodu kimi nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Hörmətli Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan. Əziz dostlar. Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. Biz "Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada "Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var”.
İlham Əliyev bildirib ki, bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır: "Mən yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Deməliyəm ki, bu il bu səfər mənim Türkiyəyə üçüncü səfərimdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bu il Azərbaycana iki dəfə səfər etmişdir. Bu səfərlərin sayı özlüyündə bir göstəricidir və onu göstərir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik.
Mən qeyd etməliyəm ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla Bakıda ötən ay keçirilmiş möhtəşəm hərbi paradda iştirak etdik. Bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçmişlər. 1918-ci ilin 15 sentyabrı tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilmişdir”.
Onu da qeyd etməliyəm ki, dünən biz Azərbaycanda müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd etdik. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olmuşdur. Bu tarix çox şərəfli tarixdir. O gündən bu günə qədər biz daim bir yerdəyik. Siyasi əlaqələrimiz ən yüksək zirvəyə qalxmışdır. İqtisadi sahədə çox böyük işlər görmüşük”.
Dövlət başçısı bildirib ki, həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir: "Fürsətdən istifadə edərək, qardaş türk xalqını əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş bütün uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Türkiyə Prezident Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrildi. Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk”.
Prezident deyib ki, "Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib: "Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq.
Bir sözlə, bu gün "Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək.
Mən bu fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına daim tərəqqi və rifah arzulayıram. Sağ olun”.


Rəcəb Tayyib Ərdoğan: "Star” neft emalı zavodunun açılışı ilə Azərbaycan və Türkiyə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdirir



"Star” neft emalı zavodunun açılışı ilə Azərbaycan və Türkiyə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdirir”.
Bu fikirləri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.
R.T.Ərdoğan qeyd edib: "Əziz qardaşım Prezident İlham Əliyev. Hörmətli qonaqlar, xanımlar və cənablar. Sizi ən səmimi hisslərlə, hörmət və məhəbbətlə salamlayıram. Çıxışımın əvvəlində Azərbaycanı 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Sovet İttifaqının dağılması ərəfəsində - 1991-ci il oktyabrın 18-də yenidən azadlığa qovuşan Azərbaycan dünəndən etibarən müstəqilliyinin 27-ci ilini geridə qoydu.
Əslində bugünkü Azərbaycan Türkiyə Respublikasının - bizim son dövlətimizin yaranması kimi qardaşlarımızın da ən gənc dövlətidir. Təxminən bir ay bundan əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi tədbirləri ilə əlaqədar azərbaycanlı qardaşlarımızla bir yerdə idik. Bakıda şanlı Türkiyə və Azərbaycan ordularının hərbi paradını qardaşlarımızla birlikdə həyəcan və qürurla izlədik. Türkiyə hərbi birlikləri azərbaycanlı qardaşları ilə keçmişdə necə çiyin-çiyinə vuruşmuşdularsa, həmin gün də eləcə çiyin-çiyinə addımladılar. Bu parad iki ölkə arasında əməkdaşlığın, iki dövlət, bir millət olmağımızın göstəricisi idi”.
Dövlət başçısı bildirib ki, bu gün "Star” neft emalı zavodunun açılışı ilə Azərbaycan və Türkiyə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdirir: "Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. Daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələrini həyata keçirmişdik. Bu ilin iyununda hər biri xüsusi əhəmiyyətə malik bu strateji layihələrə regional və qlobal miqyasda nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik.

Biz iki dövlət, bir millət olaraq öz ölkələrimizlə yanaşı, bölgədəki bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün çalışırıq. Ürəkdən istərdik ki, bölgədəki hər bir ölkə bu səmimiyyəti görə bilsin. Aralıq dənizinin şərq hissəsindəki karbohidrogen ehtiyatları ilə bağlı birtərəfli qaydada baş verən uğursuzluğa məhkum müxtəlif təşəbbüslərdən təəssüf edirik. Bu vəziyyət bölgəmizdə hələ də qeyri-sabitlikdən və gərginlikdən istifadə etmək siyasətindən əl çəkmək istəməyənlərin olduğunu göstərir. Türkiyə olaraq belə cəhdlərə qarşı cavabımızı həm bu yerdən, həm də diplomatik sahədə ən sərt şəkildə verməyi davam etdirəcəyik. Ölkəmizi və qardaşlarımızı nəzərə almayan heç bir təşəbbüsün uğur qazanmaq şansı olmadığını bütün tərəflər görəcəklər. Dostluğa, həmrəyliyə, birlikdə qazanmağa istiqamətlənmiş hər bir təklifə açıq olduğumuzu buradan bir daha bildirmək istəyirəm. Hazırda açılışını etdiyimiz müəssisə məhz bu faydalı əməkdaşlığın ən gözəl nümunəsidir. Hamını belə əməkdaşlığa dəvət edirik”.

Prezident bildirib ki, Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb: "Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara "Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.
Bu hisslərlə "Star” neft emalı zavodunun açılışını hörmətli qardaşım Əliyev ilə birlikdə etməkdən böyük qürur və məmnunluq duyduğumu bir daha ifadə etmək istəyirəm. "Star” neft emalı zavodu ölkələrimizə, xalqlarımıza və bölgəmizə "Xeyirli olsun!” deyirəm. Bu layihənin ölkəmizdə həyata keçirilməsində başda əziz qardaşım İlham Əliyevə və əməyi olan hər kəsə xüsusi təşəkkür edirəm, sizlərə sevgi və ehtiramımı çatdırıram. Sağ olun”.











SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16