2018-10-20 16:29:00   |   386 dəfə oxunub

"Star" zavodu Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır


Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun istifadəyə verilməsi Azərbaycan-Türkiyə əlaqələrində strateji əməkdaşlığın gücləndirilməsi baxımından yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Həmçinin "Star" neft emalı zavodunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı zavoda sərmayə qoyuluşunun əhəmiyyətinə verilən qiymət kimi xarakterizə olunmalıdır.

Bu barədə AZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, hər iki ölkə prezidentinin açılış mərasimində iştirak etməsi və Azərbaycan Prezidentinin bu sərmayəni xüsusi qiymətləndirməsi "Star" neft emalı zavodunun rentabelliyi baxımından əhəmiyyətlidir. Zavodun əldə edəcəyi illik gəlir və onun inşası üçün yatırılan sərmayənin həcmini müqayisə etsək, "Star" neft emalı zavodu yaxın illərdə çəkilmiş xərci qaytarmaq və müəyyən vaxtdan sonra mənfəət əldə etmək imkanına malik olacaq.

Diqqətə çatdırılıb ki, zavodun açılışı iqtisadi baxımdan Azərbaycan və Türkiyə üçün vacibdir. İlk öncə, burada sərmayənin iqtisadi tərəfləri var. Çünki bu zavod tərəflərin gəlir əldə etməsinə imkan verəcək. Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir. Bu da Azərbaycan-Türkiyə strateji əlaqələri baxımından çox vacibdir. "Star" zavodu həm də Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir".

"Zavoda qoyulan sərmayə Türkiyənin daha güclü olmasına yönəldilən bir töhfədir. Türkiyənin iqtisadiyyatında Azərbaycan sərmayəsinin payının artması həm də Türkiyə üçün vacibdir. Sərmayə iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, Türkiyənin iqtisadi təhlükəsizliyinə töhfə verir və Azərbaycanın xarici sərmayələrdən əldə edilən gəlirinin artmasına zəmin yaradır. Nəticədə tərəflər qarşılıqlı olaraq bu sərmayə qoyuluşundan faydalanmaq imkanına malikdir", - deyə V.Bayramov diqqətə çatdırıb.

"Star" zavodunun Azərbaycanın xarici sərmayələrinin diversifikasiyası və xarici sərmayə qoyuluşlarından əldə etdiyi gəlirin həcminin artırılması baxımından vacib olduğunu deyən ekspert bildirib ki, zavod iqtisadi baxımdan rentabelli layihə kimi qiymətləndirilir.







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16