2018-10-22 16:03:22   |   211 dəfə oxunub

"Türkiyə-Azərbaycan münasibətləri hamı üçün örnəkdir" - Millət vəkili



"Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, zavodun açılışı həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafı və gələcək perspektivləri baxımından çox böyük dividentlər vəd edir. Çünki Türkiyə böyük ölçüdə enerji daşıyıcılarını idxal edən bir ölkədir: 

"Bu, iqtisadiyyatın bütün sahələrinin inkişafına mənfi təsir göstərməklə bərabər, Türkiyədə istehsal olunan bütün çeşid malların maya dəyərinin də artmasına səbəb olur. Azərbaycanın dövlət şirkəti olan SOCAR vasitəsilə belə bir zavodun inşa olunması Türkiyə iqtisadiyyatını böyük miqyasda sabitləşdirəcək perspektivə malikdir. Belə ki, zavodda hər il 5 milyon ton dizel yanacağı istehsal olunacaq. Bu da Türkiyənin xaricdən idxal etdiyi dizel yanacağının 40, mayeləşdirilmiş qazın isə 70 faiz aşağı düşməsinə gətirib çıxaracaq və nəticədə qardaş ölkənin iqtisadiyyatına yeni dinamizm gətirəcək. Əlbəttə ki, bu layihələr Azərbaycan iqtisadiyyatına da 100 milyonlarla xarici valyuta qazandırmaqla yanaşı, həm də Türkiyənin enerji bazarında onun yerini və rolunu bir daha möhkəmlədirəcək”.

Bundan başqa, "Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq ki, bu məhsullar da Azərbaycanın inşa etdiyi "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəməklə, bu zavodun da fəaliyyətinin təmin olunması üçün bir növ xammal bazası rolunu oynayacaq. Bötövlükdə bu nəhəng layihə iki ölkənin iqtisatiyyatının qarşılıqı inteqrasiya etməsi və inkişafı üçün ciddi fundamental əsas yaradıbdır. Bu da hələ son deyil. Çünki inşa edilmiş "Star” neft emalı zavodunun potensialı o qədər böyükdür ki, geniş miqyasda Azərbaycan, Türkiyə və Avropaya qədər uzancaq geostrateji bir rayonda enerji daşıyıcılarının qiymətinin sabitləşməsinə və təhlükəsizlyin təmin olunmasına gətirib çıxaracaqdır. Cənab Prezident bu böyük layihənin açılış mərasimində çıxış edərkən qeyd etdi ki, "Star” neft emalı zavodunun açılması bir daha onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün hədəflərə uğurla çatırıq”.

Millət vəkili düşünür ki, TANAP layihəsinin açılışından sonra yenidən belə bir müasir istehsalat müəssisəsinin açılması Türkiyə-Azərbaycan münasibətlərinin göstəricisi olmaqla yanaşı, bu əlaqələrin gələcəyini geostrateji müstəvidə təmin edən əsaslardan biridir: 

"Əlbəttə ki, Türkiyə-Azərbaycan münasibətləri hamı üçün örnəkdir. Təsadüfi deyil ki, cənab Prezident bu zavodun açılışında çıxış edərkən vurğuladı ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyıb. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik. Heç şübhəsiz, bu gün Azərbaycan Prezidenti tərəfindən atılan addımlar Türkiyə-Azərbaycan münasibətlərini elə bir strateji mərhələyə daşıyıb ki, iki ölkə arasında münasibətlərin bundan sonraki inkişafı üçün də yeni mükəmməl şərtlər formalaşdırıb. Bütün atılan addımlar isə birlik və bərabərliyimizin, o cümlədən strateji müttəfiqliyimizin bundan sonra da davam etdirilməsini təmin edib”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19