2018-10-22 16:14:30   |   108 dəfə oxunub

Avropada 142 nəfəri öldürən “Qərbi Nil” xəstəliyi Azərbaycanda yayıla bilərmi?



Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiya (RTƏS) Avropa ölkələrində yayılan və ölümlə nəticələ bilən "Qərbi Nil” xəstəliyinin Azərbaycana keçə bilmə ehtimalını dəyərləndirib.

Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Trend-ə deyib ki, "Qərbi Nil” qızdırması insanlara əsasən ağcaqanadlar vasitəsilə insana keçir:

"Xəstəliyin əsas daşıyıcıları quşlardır. Ağqanadlar xəstə quşları dişlədikdən sonra insanı dişlədikdə bu xəstəliyi insana keçirə bilirlər. Lakin bütün növ ağqanadalar bu xəstəliyi insana keçirə bilmirlər. Kuleks (Culex) növlü ağcaqanadlar bunu xəstəliyə yoluxmuş quşlardan insana keçirə bilərlər. Bu xəstəlik kontakt yolu ilə, yəni insan heyvanlarla, onun qanı ilə təmasda olarsa, ona bu xəstəlik keçə bilər”.

R.İsmayılova xəstəliyin yaylılmasına səbəb olan ağcaqanadlara Azərbaycanda az rast gəlindiyini də söyləyib.

O əlavə edib ki, indiyədək Azərbaycanda heç bir insanda ”Qərbi Nil” virusu qeydə alınmayıb:

"Xəstəlik bizim ölkə üçün o qədər də səciyyəvi deyil. Lakin heç bir ölkə xəstəliklərdən sığortalanmayıb. Belə hallar baş verərsə, Taun Əleyhinə Stansiyada müayinələr aparıla və xəstəliklər aşkarlana bilər”.

R.İsmayılova bildirib ki, bu xəstəlik insanların 80 faizində simptomsuz keçir, yəni insanda heç bir kliniki əlamət müşahidə edilmir. Kliniki əlamətlərin müşahidə edildiyi insanlarda "Qərbi Nil” xəstəliyi yüksək hərarət, başağrısı, yorğunluq, bütün bədəndə ağrı, qusma, ürəkbulanma, eləcə də dəridə səpkilər ola bilər. Bu zaman limfa vəzilərinin şişməsi də müşahidə edilə bilər. Xəstəliyin ağırlaşması meningit və s. kimi daha ağır xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu zaman yüksək qızdırma, şüurun itməsi, komaya düşmə ola bilər. Xəstəliyin inkubasiya dövrü 3 gündən 14 günədəkdir”.

Qeyd edək ki, Xəstəliklərə Nəzarət Avropa İdarəsinin statistik məlumatlarına görə, 4 oktyabr 2018-ci il tarixi üçün ümumilkdə 1317 yoluxma halı (İtaliya - 495, Yunanıstan – 283, Rumıniya – 256, Macarıstan – 197, Xorvatiya – 45, Fransa – 16, Avstriya – 15, Bolqarıstan – 6, Sloveniya – 3, Çexiya – 1) qeydə alınıb. Həmin dövrdə bu xəstəliyə yoluxanların 142 nəfəri dünyasını dəyişib.






SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16