2018-10-22 18:22:34   |   162 dəfə oxunub

İmişlidə 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayrılıb



Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində İmişli rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilən vəsait 90,1 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 225,6 dəfə artmış, Olimpiya İdman Kompleksi, "ASAN Həyat” kompleksi, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Tədris Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 16 mənzilli 2 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunmuş, 25 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bundan başqa, İmişli şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 46 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd olunur ki, İmişli şəhərində istismar müddəti başa çatmış 5 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17