2018-10-22 19:42:18   |   184 dəfə oxunub

“Savelyevin açıqlamaları mövqelərimizin gücləndiyini göstərir" - Şərh

"Savelyevin açıqlaması bir daha sübut edir ki, rəsmi Bakının mövqeyi Rusiyanın hakim dairələri arasında da özünə yer edib”



"Savelyevin açıqlamaları Azərbaycanın mövqelərinin gücləndiyini göstərir. Artıq Rusiya ictimai rəyinə təsir imkanımız var”.

Bunu "Sherg.az”a açıqlamasında Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib.

Ekspertin sözlərinə görə, Savelyevin açıqlaması ilk deyil. Rusiyanın siyasi müstəvisində Azərbaycanın mövqeyini haqlı sayan və müdafiə edən çox ciddi siyasətşünaslar, dövlət adamları mövcuddur: 

"Onların sayı həndəsi deyil, ədədi silsilə ilə artmaqdadır. Belə yanaşmalar Azərbaycan dövləti və cəmiyyəti adına sevindirici haldır. Əvvəllər Rusiya ictimai rəyinin böyük əksəriyyəti Azərbaycanın haqlı mövqeyinin əleyhinə idisə, üstəgəl Ermənistanın mövqeyi "ədalətli” sayılırdısa, bugün Dağlıq Qarabağ və Azərbaycan həqiqətləri məsələsində Rusiyanın ən ciddi siyasi fiqurlarının mövqeyi bizim mövqelərimizlə üst-üstə düşür. Savelyevin açıqlaması bir daha sübut edir ki, rəsmi Bakının mövqeyi Rusiyanın hakim dairələri arasında da özünə yer edib”.

Politoloq bildirib ki, indi elə geosiyasi mühit yaranıb ki, Rusiya-Türkiyə münasibətlərində Azərbaycanı gözardı etmək mümkün deyil: 

"Bugün Avrasiya konteksində Azərbaycan-Rusiya və Türkiyə üçlü formatından söhbət gedir. Rusiyanın ideoloji rəhbərlərindən sayılan Aleksandr Duqin də bu yöndə konkret açıqlama vermişdi. Zamanında Azərbaycan əleyhinə danışan Duqin daha sonra həqiqəti dərk edərək Azərbaycanın və Türkiyənin xeyrinə ciddi siyasi bəyanatlar verməyə başladı. Ona görə də Savelyevin açıqlamasına təəccüblənmək lazım deyil. Düşünürəm ki, bu cür açıqlamalar getdikcə daha da çoxalacaq. Bu, qonşu Rusiya ilə Azərbaycan əlaqələri üçün olduqca müsbət haldır. Çünki Rusiya ilə xoş münasibətlərdə olmaq yalnız bizim xeyrimizədir”.

Qeyd edək ki, Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib: "Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17