2018-10-23 19:39:48   |   352 dəfə oxunub

Faiq Mustafaoğlu: "Bir həkim xəstəsi ilə bərabər ölüb-dirilməyi hiss etmirsə, o həkim deyil"

"Azərbaycanın tibbi personalı başqa ölkələrinkindən heç də geri qalmır. Problem həkimlərin maaş məsələsindədir"




Faiq Mustafaoğlu Türkiyənin Zonquldaq bölgəsində ürək həkimi, dosent, koordioloji uzman kimi fəaliyyət göstərir. Kordiologiya mütəxəssisi olan F.Mustafaoğlu bu günlərdə Bakıya gəlib. Biz də "Şərq” olaraq mütəxəssislə söhbətləşdik. Türkiyə və Azərbaycan səhiyyəsindən, fərqlərdən, tibb sahəsinin problemlərindən danışdıq.
Əvvəlcə Faiq Mustafaoğlunu daha ətraflı təqdim edək:

Ürək mütəxəssisi 1955-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Bu kənddə böyüyüb, orta məktəbi də elə İkinci Şıxlıda bitirib. Həkim deyir ki, doğulduğu kənd Azərbaycana, çox böyük xidmətlər edib, vətənpərvər, ziyalı, vicdanlı, qeyrətli oğullar yetişdirib...

- Mənə görə ən humanist peşə olan həkimliyi seçdim. Hələ universitetdə oxuduğum zaman elmi işə marağım yarandı. Tələbəykən Məhkəmə təbabəti kafedrasında kiçik bir araşdırma ilə məşğul oldum. O zaman da kafedrada davam etmək təklifi aldım. Amma 3 il təyinat müddətini bitirmək lazım idi. Bu səbəbdən artıq kardiologiya ixtisasına yönəldim. Deyirlər həyatda insana bir dəfə şans verilir, mənimki də elə oldu. Təyinat müddəti bitdikdən sonra böyük şəxsiyyət, xatirəsinə hər zaman sayğı göstərdiyim tanınmış alim Tamerlan Əziz oğlu Əliyev tərəfindən daxili xəstəliklər kafedrasına baş laborant olaraq dəvət edildim. Çalışqan olmağım Tamerlan müəllimin xoşuna gəlmişdi. Bir il sonra Tamerlan Əliyevin məsləhəti ilə Moskvada kardiologiya üzrə aspiranturaya daxil oldum. 1988-ci ildə elmi işimi müdafiə edərək tibb elmləri namizədi elmi adını qazandım. Elə həmin kafedrada assistent işinə başladım. Həm də kafedranın "partkom”u seçildim. Bundan bir il sonra da yüksək dərəcəli həkim diplomu aldım.

- Bəs necə oldu ki, Azərbaycandan getdiniz?

- Əslində mən Azərbaycandan getmədim. Elmi araşdırmalarımı davam etdirmək üçün Tamerlan Əliyev tərəfindən Türkiyənin paytaxtı Ankaraya göndərildim. Çünki artıq SSRİ dağılmışdı. Moskvada doktorantura təhsili almaq üçün Azərbaycandan böyük miqdarda pul tələb olunurdu. Bu səbəbdən də 1994-cü ildə tale məni, uzun illər həsrətini çəkdiyimiz qardaş ölkə Türkiyəyə gətirdi. Məncə, yaxşı da oldu. Çünki yeni bir sistem mənim dünyagörüşümün və düşüncələrimin formalaşmasında çox böyük rol oynadı. İki il sonra "Van Yüzüncü Yıl” Üniversitetinin Kardiologiya kafedrasına dəvət olundum. Burada kafedranın müdiri və dosent-həkim olaraq fəaliyyətə başladım. 10 il orada işlədikdən sonra, Hatayda özəl sektorda işləmək üçün dəvət aldım və Baş həkim kimi fəaliyyət göstərdim. 12 ildir ki, Türkiyənin müxtəlif bölgələrində, Quşadası, Zonquldaqda özəl sektorda çalışmaqdayam.

- Bildiyimiz qədərilə Azərbaycanda ilk dəfə kordiologiyaya aid kitabın müəllifi sizsiniz. Özünüz Türkiyədə fəaliyyət göstərdiyiniz halda, Azərbaycanda belə bir kitabın çapı fikri necə yarandı?



- Türkiyəyə gəldiyim gündən buradakı yenilikləri məqalə şəklində Tibb Universitetinin "Tibb” jurnalında çap elətdirdim. Türkiyədəki tibbi təhsil sisteminin nə qədər uğurlu olduğunu və Azərbaycanda da bu şəkildə tibbi təhsilə keçilməsinin vacibliyini, tibbi sığortanın üstünlüyünü izah etməyə çalışırdım. Tibbi sığorta insanların yaşayışı, rahatlığı üçün çox vacib məsələdir. Sığorta ilə bağlı 10 il əvvəl elə sizin "Şərq” qəzetində məqaləm çap olunub. Yeri gəlmişkən qeyd edim ki, həmin bu yazım Qırğızıstanın indiki Səhiyyə nazirinin xoşuna gəlmişdi. Həmin məqaləmin rus dilində olan variantını həm Qırğızıstanda, həm də Qazaxıstanda çap elətdirdi.
Azərbaycanda kardiologiya üzrə kitab olmadığından, 2001-ci ildə bu kitabı yazdım. Ondan sonra həkimlərin tələbi ilə bu kitab 2 dəfə təkrar çap olundu və təmənnasız olaraq həkimlərə paylandı. Onu da deyim ki, kitabım Amerikada dünya tibb kitabxanasının qeydiyatından keçib, orada nümunələri mövcuddur. Türk dövlətləri kardioloqlarının bir-biri ilə əlaqəsinin rahatlığı üçün "Kardiovaskulyar sözlük” kitabını Azərbaycan, rus, ingilis, türk, qırğız, qazax və türkmən dillərində çap etdirib Türk Kardiologiya Dərnəyinə təqdim etdim. Bu sözlük hələ də dərnəyin Web-saytında yayımlanmaqdadır. Həmçinin CD şəklində bütün türk dövlətlərində paylandı.
2006-cı ildə həm Avropa, həm də Amerika kardiologiya dərnəklərinin üzvü seçildim. Eyni zamanda Amerika kardiologiya kollecinin həqiqi üzvü oldum, Avropanın Kardiologiya diplomuna layiq görüldüm. Həm də bir neçə elmi jurnalın redaksiya heyətinə üzv seçilmişəm.

- Türkiyədə qalıb işləməyinizin başqa özəl səbəbi varmı?

- Türkiyədə işləmək bir qədər rahatdır. Ona görə ki, xəstə ilə həkim arasında pul məsələsi yoxdur. Çünki insanların tibbi sığortası var, ciblərindən çox az miqdarda pulları çıxır. Çox kasıb olan, heç bir qazancı olmayan vətəndaşlara dövlət "yaşıl kart” verir, xərcləri dövlət çəkir. Bununla yanaşı şəhid ailələri azaddır, nə dərmana, nə də müalicəyə pul ödəyirlər. İnsanlar istədikləri yerdə və istədikləri tibb mərkəzində müayinə və müalicə ala bilirlər. Buna görə də həkimlərə hörmət və sevgi yüksək səviyyədədir. Azərbaycanda bizim çox gözəl təhsil almış, savadlı gənc həkimlərimiz var. Amma müayinə və müalicə pullu olduğu üçün kiçik bir narazılıq həkimləri ağır töhmət altında qoyur. Son vaxtlar dərman satışında yaranan problemlərin əsas səbəblərindən biri də budur. Hesab edirəm ki, tibbi sığorta sistemi olmalıdır. İndi Azərbaycanın bəzi bölgələrində pilot layihə kimi tibbi sığorta sistemi tətbiq edilib. Düşünürəm ki, yaxın zamanlarda bütün Azərbaycan xalqı bu imkandan yararlana biləcək. O zaman səhiyyədə olan problemlər də yoluna qoyulmuş olacaq.

- Son vaxtlar ürək-damar xəstəlikləri sürətlə yayılmaqdadır. Azərbaycanda da ürək xəstələrinin sayı çoxalıb. Bu xəstəliyin geniş yayılmasının səbəbi nədir? Bir mütəxəssis olaraq sizcə bunun qarşısının alınması yolları nədən ibarətdir?

- Həqiqətən də ürək-damar xəstəlikləri çox yayılıb. Mən deyərdim ki, bu, xərçəngdən də təhlükəlidir. Əsas məsələ xəstələrin vaxtında uyğun olan tibb mərkəzlərinə, xəstəxanalara yönləndirilməsi lazımdır. Bu çox vacib amildir. Əslində uşaq doğulduğu andan bu işlərə başlanmalı və səhhəti insan yaşadığı müddətcə yoxlanılmalıdır. Ürəyin işemik xəstəlikləri əsasən genetik olur. Ailədə bu irsi xəstəlik varsa, xolesterin səviyyəsi də yüksəkdirsə, gənc yaşdan ürəklə bağlı mütəmadi yoxlamalar aparılmalıdır. İrsi ürək xəstəlikləri olan ailələr siqaret çəkməkdən birmənalı olaraq uzaq dayanmalıdırlar. Fiziki aktiv olmalıdırlar, ən azından gündə yarım saat yeriməlidirlər. Meyvə-tərəvəzdən çox istifadə etmək lazımdır, təmiz qatıq-süd məhsullarından, yağsız qırmızı ətdən, balıqdan istifadə etsələr yaxşıdır. Çalışıb duru yağdan istifadə edilməlidir. İnsanlar yüzillərdir səsləndirilən üç "ağ zəhərdən - duz, şəkər və undan uzaq durmalıdırlar. Bu gün ürək xəstəliyi əsrin bəlasıdır. Çünki insanlar bu gün televizor, kompüter və yeni çıxan "ağıllı telefonlar” qarşısında saatlarla oturur, az hərəkət edirlər, normal qidalanmırlar. Xüsusən də şəkər xəstələri və təzyiqdən əziyyət çəkən insanlar mütəmadi olaraq kardioloqlar tərəfindən müayinə edilməlidirlər.

- Azərbaycanda son illər özəl xəstəxanaların sayı çoxalıb. Bununla bağlı fikirlər birmənalı deyil. Siz bir həkim olaraq klinikaların sayının çoxluğu haqqında nə düşünürsüz?

- Özəl klinikaların çox olmasının məncə bir zərəri yoxdur. Əksinə, rəqabətlilik artır, qiymətlərə təsiri olur. Sadəcə, klinikalar dövlətin nəzarətində olmalıdırlar. Nazirliyin təyin etdiyi qiymətlərdən yuxarı qiymət qoymasınlar.


- Azərbaycan həkimlərinin səviyyəsi sizcə necədir? Başqa ölkələrin həkimlərindən çox fərqlidirlər?

- Məncə, Azərbaycanın tibbi personalı başqa ölkələrinkindən heç də geri qalmır. Problem həkimlərin maaş məsələsindədir. Əgər həkim normal yaşamaq üçün xəstələrə əl açmaq məcburiyyətində qalırsa, o zaman həkim-pasient arasında hörmət-izzət olmayacaq.

- Azərbaycana qayıdıb, Vətənə xidmət etməyi heç düşünmədiniz?

- Qürbətin nə qədər çətin olduğunu yaşamayan bilməz. Başqa ölkə cəmiyyətinin səni qəbul etməsi üçün özünü təsdiqləməyin lazımdır. Öz peşənlə özünü təsdiqlərsənsə, güvən, hörmət qazana bilərsən. Sualınıza həsrət çəkdiyim günlərdə qələmə aldığım kiçik bir şeirlə cavab verim:

Ana yurdum başındakı qara bulud dağılsa,

Ölməz idim, daha mənim nə dərdim.

Vətən məni oğul deyib çağırsa,

Ayağına sürünərək, dizin-dizin gedərdim.

Məncə, Vətənə olan borcumu layiqincə yerinə yetirmişəm və yetirməkdə davam edirəm. Hər zaman da Azərbaycanın qulluğunda durmaq mənim üçün böyük şərəfdir. Türkiyənin bir neçə bölgəsində çalışmaqla xalqıma və dövlətimə hörmət qazandırmışam. Böyük Atatürk deyir – "Əsil vətənpərvər, işini ən yaxşı görən insandır”.

- Gənc həkimlərə nə məsləhət görərdiz?

- Həqiqətən də həkimlik peşəsini sevirlərsə, xəstələrinin ağrı-acısını hiss etməyə qadirdirlərsə, ömür boyu oxumağı gözə alırlarsa, o zaman bu peşənin arxasınca getməyə dəyər. Bir həkim xəstəsi ilə bərabər ölüb-dirilməyi hiss etmirsə, o, həkim deyil.

Anar Bayramoğlu







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17