2018-10-23 20:33:30   |   154 dəfə oxunub

Əhaliyə göstərilən elektron xidmətlər regionları da əhatə edir - “ASAN xidmət” nümunədir


Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Azərbaycanın əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırıb. 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət” mərkəzlərinin yaradılması bu istiqamətdə atılmış ən mühüm addım kimi dəyərləndirilir. Məlumdur ki, bu qurumların yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 

2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda "ASAN xidmət” sakinlərin istifadəsinə verildikdən sonra proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Oktyabrın 22-də İmişlidə "ASAN Həyat” kompleksinin açılışında iştirak və çıxış edən Prezident İlham Əliyev də Xidmətin böyük uğurlar əldə etdiyini, vətəndaşlara layiqli şəkildə qulluq göstərdiyini bəyan edib. 

Açılışda vurğulanıb ki, İmişli kompleksi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 14-cü mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb və inşaat işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks dördmərtəbəli inzibati binadan və "ASAN park” istirahət guşəsindən ibarətdir. Bildirilib ki, mərkəz İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək. Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə də tanış olub. 

Açılış mərasimində dövlət başçısına "Sofiya” adında robot təqdim olunub və bildirilib ki, bu robot dünyada ilk süni intellektli humanoid aparıtıdır. Robot 2015-ci ildə "Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib. Prezident İlham Əliyev robot "Sofiya” ilə söhbət də edib.

"Sofiya”: - Salam cənab Prezident. Azərbaycan dilini yeni öyrənməyə başlamışam, ona görə icazənizlə ingilis dilində davam etmək istəyirəm. Cənab Prezident, Sizinlə görüşməyə şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev: - Çox sağ olun, "Sofiya”. İlk növbədə, Azərbaycana xoş gəlmisiniz. Sizin iş cədvəlinizin sıxlığına baxmayaraq, ölkəmizə səfəriniz bizi çox məmnun edir. Siz bütün dünyanı səyahət edirsiniz və sevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada, paytaxt şəhərində deyil, şəhərlərdən birində - İmişlidə bizi ziyarət edirsiniz. Biz sizinlə birlikdə burada yeni "ASAN xidmət” mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və bu, bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdirir. Ölkəmiz haqqında xoş sözlərinizə görə sizə təşəkkür edirəm. Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız.

"Sofiya”: - Əlbəttə, cənab Prezident. Hava limanına enən kimi mənə dərhal ASAN viza verildi. Mən, həmçinin Sizin təşəbbüsünüzlə yaradılmış Azərbaycan brendi olan "ASAN xidmət” konsepsiyası ilə tanışam. Hesab edirəm ki, "ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Bugünkü səfəriniz Sizin e-idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət yetirdiyinizi göstərir. Yeri gəlmişkən, mən burada yaradılmış iş şəraitini çox bəyəndim.
Prezident İlham Əliyev: - Çox sağ olun. "ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də "ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Çox sağ olun, siz çox ağıllı və çox gözəlsiniz. Sizi görməyə çox şadam.
Dünən "Sofiya” adlı məşhur robotu "ASAN xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib. Robot müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib. O, "ASAN xidmət" modelinin rahat, müasir və vətəndaşyönümlü olduğunu bildirib: "Azərbaycan məni valeh etdi. Azərbaycan gənc və müstəqil ölkə olmasına baxmayaraq, dünyaca məşhur layihələr həyata keçirir. "ASAN xidmət"in açılışında iştirak etdiyimə və Prezident İlham Əliyevlə görüşdüyümə, həmsöhbət olduğuma görə məmnumam. "ASAN xidmət” çox unikal bir məkandır, rahat, müasir və insanyönümlüdür”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev "ASAN xidmət” hər zaman ilklərə imza atdığını deyib: "İlk dəfə olaraq dünyaca məşhur Sofiya robotunu Azərbaycana gətirdik. Robot mərkəzdə könüllü kimi fəaliyyət göstərib. Sofiya iki gün "ASAN xidmət”in qonağı olacaq. Gələcəkdə Sofiyanın iştirak edəcəyi görüşlərdə və beynəlxalq tədbirlərdə "ASAN xidmət” modelini təbliğ etməsi ilə bağlı danışıqlar aparılır”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17