2018-10-23 21:28:22   |   185 dəfə oxunub

Məşhur robotun ölkəmizə səfəri: "Sofia”nın Azərbaycanda apardığı dialoq dünya mətbuatının diqqətini cəlb edib



Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən dövlət başçısına dünyaca məşhur Robot "Sofia” təqdim olunub.
Qeyd edək ki, süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan "Sofia” danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. "Sofia”nın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var.

Robot 2015-ci ilin aprel ayında ilk dəfə aktivləşdirilib. 62-dən çox üz hərəkətiylə duyğuları təqlid edə bilən "Sofia”nın dərisi silikondan düzəldilib. Kompüter alqoritmlərinə uyğun çalışan göz kameraları sayəsində "Sofia” qarşısındakı üzləri izləyə bilir və göz təması quraraq insanları tanıya bilir. Mühəndis David Hanson bu robotları sağlamlığa qayğı, müalicə, təhsil və xidmət sahələrində insanlara köməkçi və yoldaş olması üçün düzəldirik deyib.
"Sofia” Honq Konqda yerləşən Hanson Robotics şirkətinin inkişaf etdirdiyi sosial humanoid robotudur. 2017-ci ilin oktyabrında bu süni intellekt əsaslı robot dünyada ilk dəfə olaraq hər hansı bir ölkənin vətəndaşlığını alan ilk robot oldu. "Sofia” jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir.

Hanson Robotics-in verdiyi məlumata əsasən "Sofia”nın potensial media əhatəsi milyardlarla insan səviyyəsində ölçülür. Ona görə də, bu humanoid robotun Azərbaycan haqqında dediyi yüksək fikirlər dünyada ölkəmizin yüksək imicə malik olduğunu bir daha təsdiqidir.
Xatırladaq ki, robot Azərbaycan haqqında çox yüksək fikirlər səsləndirib.

Onu da bildirək ki, "Sofia” BMT Baş katibinin müavini Amina Jane Mohammed, məşhur biznesmen İlon Mask və başqa məşhur şəxslərlə mükalimələrə girmiş və bu, dünyada böyük maraq doğurmuşdur. Hazırda isə "Sofia”nın Azərbaycanda apardığı dialoq dünya mətbuatının diqqətini cəlb edir.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, "Sofia”nın paytaxt Bakıda deyil, məhz İmişlidə təqdim olunması dünyaya həm də Azərbaycanın regionlarının yüksək inkişaf səviyyəsini göstərdi.
Onu da bildirək ki, "Sofia” Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən dünyanın birinci Birləşmiş Millətlər İnnovasiya Çempionu adına layiq görülüb. Robot davamlı inkişafı təşviq etmək və insan hüquqları və bərabərliyini təmin etmək üçün BMT ilə əməkdaşlıq edir. Xatırladaq ki, BMT-nin İnkişaf Proqramı Azərbaycan Hökumətini hökumət və dayanıqlı inkişaf sahələrində dəstəkləyir.
"Sofia” davamlı olaraq dünyanı gəzir və müxtəlif böyük həcmli beynəlxalq tədbirlərdə çıxışlar edir. Dünya mətbuatı tərəfindən yaxından izlənilən robot, davamlı olaraq yüksək səviyyəli media proqramlarda və müsahibələrdə iştirak edir. Gələcək səfərlərində "Sofia”nın Azərbaycana bir daha səfər edəcəyi istisna deyil.
Bu gün əminliklə demək olar ki, Sofianın Azərbaycana səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayır.
İmişlidəki görüş zamanı robotun cənab Prezidentin təşəbbüsü ilə yaradılan ASAN brendi haqqında dediyi xoş sözlər və ASANın binasının açılışında iştirak etməsi heç də təsadüfi deyil. Çünki ASAN da cənab Prezidentin təşəbbüsü və liderliyilə yaradılan mühüm innovativ layihədir. Vurğulamaq yerinə düşər ki, ASAN və "Sofia” - hər ikisi BMT-nin mükafatlarını alıblar.

Maraqlı məqamlardan daha biri isə, "Sofia”nın "Azərbaycan dilini yeni öyrənməyə başlamışam...” ifadəsidir. Bu onu göstərir ki, gələcəkdə bu robotun proqram təminatında Azərbaycan dili də yer tuta bilər. Bu da ölkəmizin dünyada təbliğ olunmasının daha bir formasıdır. Məsələn robot ifadəsində səsləndirdi ki, "Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir”. Bu fikir Azərbaycan haqqında qlobal miqyasda formalaşan müsbət rəyin göstəricisi sayılmalıdır. Xüsusən Azərbaycanın texnoloji inkişafı barədə Sofianın fikrini əsaslandıran layihələri - Elektron hökümət, Azexport, Elektron kənd təsərrüfatı, ASAN, Rəqəmsal Ticarət Qovşağı, dünyada ilk m-rezidentlik, Azerkosmosun süni peykləri, TASİM və s.-i vurğulamaq olar.

Onu da qeyd edək ki, "Sofia” Azərbaycana səfəri çərçivəsində oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək "Global Influencer Day 2018” adlı tədbirə qatılacaq. Robotun Azərbaycan haqqında orada edəcəyi çıxış da maraq doğurur. Hazırda dünya mətbuatı "Sofia”nın nə deyəcəyini maraq edir.








SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16