2018-10-30 12:41:41   |   1443 dəfə oxunub

"Boltonun səfərində ən ciddi mövzular Bakıda müzakirə olundu"

Elxan Şahinoğlu: "ABŞ-la Azərbaycanın münasibətləri hazırda normaldır. Düşünürəm ki, gələcəkdə də heç bir problem olmayacaq"

"Bolton Ermənistanda yeni hökumətə çox ciddi mesajlar ünvanladı. Açıq şəkildə bəyan etdi ki, Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır"



Bir neçə gün əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfər etdi. Rusiya-Azərbaycan-Ermənistan və Gürcüstan marşrutu üzrə bölgəyə gələn Con Bolton hər ölkədə mühüm açıqlamalar səsləndirdi. Lakin Trampın müşavirinin Azərbaycana səfəri daha çox diqqət çəkdi. Çünki iki ölkə arasında əhəmiyyətli məsələlər müzakirə olundu və Bolton Azərbaycanı Amerikanın strateji tərəfdaşı adlandırdı. Ekspertlərin fikrincə, Boltonun Bakıya səfəri Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradır. Tərəflər arasında müzakirə olunan mühüm məqamlardan biri də Amerikanın 907-ci düzəlişlə Azərbaycan və Ermənistana silah satışını qadağan etməsidir. Boltonun Bakıda səsləndirdiyi ifadələrə görə, Vaşinqton düzəlişi ləğv etmək niyyətindədir. Müşavir İrəvanda Amerika silahının rus silahından üstün olduğunu və Ermənistanın ABŞ-dan silah almaqla Rusiyadan tam asılılığına son qoya biləcəyini bildirdi. Eyni zamanda açıq şəkildə bəyan etdi ki, əgər Qarabağ münaqişəsi tezliklə çözülməzsə, İrəvan mürəkkəb vəziyyətlə üzləşəcək. Bolton erməniləri "erməniçilik”dən və tarixin şablon qəliblərində donub qalmasından imtina etməyə çağırdı. Yəni səfərdən sonra Azərbaycan və Gürcüstanın ABŞ üçün prioritet sayıldığı, Ermənistanın isə ikinci dərəcəli olduğu bəlli oldu. Bu reallığı erməni politoloqlar da etiraf edirlər.

Boltonun regiona, xüsusən Azərbaycana səfəri ilə bağlı "Şərq”in suallarını cavablandıran "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu iki ölkə arasındakı münasibətlərin kifayət qədər normal olduğunu deyib. Politoloqun sözlərinə görə, tərəflərin əlaqələri gələcəkdə də qənaətbəxş olacaq.

- Elxan bəy, Amerikanın Azərbaycanla yaxınlaşma siyasətini necə dəyərləndirirsiniz? Əlaqələrin inkişafı baxımından Tramp Administrasiyası əvvəlki hakimiyyətlərdən fərqlənirmi?

- ABŞ Azərbaycanla strateji münasibətlər qurmaqda maraqlı olduğunu gizlətmir. Düzdür, zaman-zaman hər iki ölkə fərqli siyasət yeridib. Amma Respublikaçılar Partiyasından seçilən ABŞ prezidentlərinin hamısı rəsmi Bakı ilə yaxşı əlaqələr qurublar. Respublikaçıları təmsil edən prezidentlər əsasən geosiyasi maraqlara diqqət ayırıblar. Hesab ediblər ki, Azərbaycan bölgədə Amerikanın ən fəal və etibarlı tərəfdaşıdır. Vurğulamaq lazımdır ki, Əfqanıstan məsələsində ABŞ-la sıx əməkdaşlıq edirik. Beynəlxalq terrorçulara qarşı birgə mübarizə aparırıq. Öz növbəsində Amerika Azərbaycanın enerji layihələrinə tam dəstək verir. Prezident Donald Trampın Azərbaycan dövlət başçısına iki məktub göndərməsi də əlaqələrin inkişafından xəbər verir. Həmin məktublarda çox mühüm məqamlar var idi.

- Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini və bir sıra məsələlərlə bağlı müzakirələr aparmasını necə şərh edərdiniz?

- Con Boltonun səfəri Amerikanın Azərbaycana yüksək dəyər verdiyini göstərir. Biz də əlaqələrin inkişafında maraqlıyıq. Vaşinqtondan yeganə istəyimiz odur ki, Dağlıq Qarabağ münaqişəsi istiqamətində konkret addımlar atılsın. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi tələbini ortaya qoysun və bu istiqamətdə fəal olsun. Amerikalı diplomatlar tez-tez bəyan edirlər ki, Qarabağ ətrafındakı rayonlar mütləq boşaldılmalı və Azərbaycana qaytarılmalıdır. Bu, çox yaxşı haldır. Nəzərə alaq ki, fransalı və rusiyalı diplomatlar bunu dilə gətirmirlər. Bu baxımdan hesab edirəm ki, ABŞ-la Azərbaycanın münasibətləri hazırda normaldır. Düşünürəm ki, gələcəkdə də heç bir problem olmayacaq. Düzdür, indiki məqamda İrana qarşı sanksiyalara qoşulmaq məsələsi gündəmdədir. Lakin Vaşinqton rəsmi Bakının mövqeyini, qonşuluq münasibətlərini nəzərə alaraq bu məsələdə problem yaratmayacaq.

- Boltonun səfər marşrutu da diqqətçəkən idi. Niyə Rusiyadan sonra ilk səfərini Azərbaycana etdi?

- Boltonun Cənubi Qafqaza səfər marşrutunun bu cür seçilməsinin, onun Moskvadan sonra birbaşa Bakıya gəlməsinin özü Azərbaycana verilən əhəmiyyətin göstəricisidir. Gəlin, Con Boltonun Bakıda apardığı danışıqları, müzakirə etdiyi məsələləri digər ölkələrlə, xüsusən Ermənistandakı söhbətlərlə müqayisə edək. O zaman ABŞ-ın Cənubi Qafqaz ölkələrindən hansına daha çox önəm verdiyi ortaya çıxacaq. Ən çox və ciddi mövzular məhz Bakıda müzakirə olundu. Demək olar ki, hər sahə ilə bağlı danışıqlar aparıldı. Çünki iki dövlətin maraqları bir çox məsələlərdə üst-üstə düşür.

- ABŞ rəsmisi Azərbaycanda strateji tərəfdaşlıqdan danışdığı halda, işğalçı Ermənistanda sərt mesajlar verməklə kifayətləndi. Bunu Trampın Paşinyan hökumətinə yanaşması kimi dəyərləndirmək olarmı?

- Əlbəttə. Bolton Ermənistanda yeni hökumətə çox ciddi mesajlar ünvanladı. Açıq şəkildə bəyan etdi 
ki, Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. Eyni zamanda Azərbaycan və Türkiyə ilə münasibətlər düzəldilməlidir. Amma Azərbaycandakı görüşlərdə sırf regional layihələr müzakirə olundu. Əfqanıstanda ortaq fəaliyyətdən danışıldı. Azərbaycanla enerji layihələrindən bəhs edildi. Bu, regionda Azərbaycanın rolunu, sahib olduğu mövqeyi ortaya qoyur. Hazırda Azərbaycan bölgənin açar dövləti hesab olunur. Bolton da səfəri çərçivəsində bunu vurğuladı. Deməli, ABŞ da bu düşüncədədir.

- Ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycana və Ermənistana silah satışını qadağan edən 907-ci düzəlişin ləğvi ilə bağlı oldu. Bunun reallaşma ehtimalı nə qədərdir və Azərbaycana nə vəd edir?

- Prinsipcə, 907-ci düzəliş Amerika və Azərbaycan əlaqələrinə mane olmur. Çünki həmin maddə dondurulub. Ötən illər ərzində bir çox məsələlərdə Azərbaycan Vaşinqtona dəstək verib. Eyni zamanda ABŞ rəsmi Bakının maraqlarını gözardı etməyib. Əlbəttə, könül istərdi ki, 907-ci düzəliş ümumiyyətlə aradan qaldırılsın. Onu da nəzərə almaq lazımdır ki, sözügedən maddəni məhz ermənipərəst konqresmenlər qəbul edib. Ləğv olunmasına mane olanlar da həmin şəxslərdir. Ancaq indiki halda bu düzəlişin tərəflərin sıx münasibət qurmasına əngəl törətdiyini iddia etmək doğru deyil. Əgər Bolton deyirsə ki, Prezident Trampın arzuolunmaz maddəni ləğv etmək niyyəti var, deməli, Ağ Ev bu istiqamətdə müəyyən addımlar atmaq fikrindədir.

- İndiki halda iki ölkənin hansısa formada hərbi əməkdaşlığı mümkündürmü?

- Amerika Azərbaycanla münasibətlərdə strateji tərəfdaşlığı daha üst səviyyəyə qaldıra bilər. Konqres mane olmazsa, ABŞ-dan silah-sursat ala bilərik. Biz təkcə Rusiyadan silah almırıq. İsrail, Pakistan, Türkiyə və s. dövlətlərdən hərbi texnikalarla təmin olunuruq. Ancaq ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı paralel olaraq strateji tərəfdaşlığın da möhkəmlənməsi deməkdir.

- Boltonun Ermənistana səfəri çərçivəsində düşmən ölkəyə edilən maddi yardım məsələsi yenidən gündəmə gətirildi. Sizcə, ermənilər Trampdan pul ala biləcəkmi?

- Bolton konkret olaraq ermənilərə dedi ki, əgər Qarabağ münaqişəsi həll olunmazsa, iqtisadi problemləriniz artacaq. Həmçinin, Rusiyadan silah alışını məhdudlaşdırmaqla bağlı qəti fikirlərini səsləndirdi. Əlavə olaraq vurğuladı ki, İrəvan iqtisadi yardımı ABŞ-dan deyil, Amerikada yaşayan erməni lobbisindən tələb etməlidir. Bu o deməkdir ki, Vaşinqtonun ermənilərə maddi dəstək vermək niyyəti yoxdur. Tramp boş yerə pul xərcləmək fikrində deyil.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24