2018-11-01 11:47:36   |   291 dəfə oxunub

"Boltonun regiona səfəri açıq göstərdi..."

Eldar Namazov: "Tramp Administrasiyası Cənubi Qafqazda Rusiya ilə birbaşa rəqabətə girməyə hazırdır"

"Ola bilsin, yaxın gələcəkdə İrana qarşı hərbi əməliyyatlar da gündəmə gətirilsin. Nəzərə alaq ki, bu savaşda Amerika tək deyil"



İlk dəfə olaraq ABŞ Administrasiyasının yüksək səviyyəli nümayəndəsi Qarabağ məsələsi ilə bağlı danışarkən ATƏT-dən kənar təşəbbüs göstərə biləcəklərini açıqladı




ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə, xüsusən Azərbaycana səfəri hələ də müzakirə olunmaqdadır. Səbəbi isə odur ki, Con Bolton bölgəyə gəlişi zamanı mühüm açıqlamalar səsləndirdi. Müşavirin Azərbaycana səfəri isə daha çox diqqət mərkəzində oldu. İki ölkə arasında əhəmiyyətli məsələlər müzakirə olundu və Bolton Azərbaycanı Amerikanın strateji tərəfdaşı adlandırdı. 

Tərəflər arasında gündəmə gətirilən mühüm məqamlardan biri də Amerikanın Azərbaycan və Ermənistana silah satışı ilə bağlı qəbul etdiyi 907-ci düzəlişin ləğvi məsələsi idi. Boltonun Bakıda səsləndirdiyi ifadələrə görə, prezident Donald Tramp düzəlişi ləğv etmək niyyətindədir. Bununla yanaşı, müşavir İrəvanda Amerika silahının rus silahından üstün olduğunu və Ermənistanın ABŞ-dan silah almaqla Rusiyadan tam asılılığına son qoya biləcəyini bildirdi. Eyni zamanda açıq şəkildə bəyan etdi ki, əgər Qarabağ münaqişəsi tezliklə çözülməzsə, İrəvan mürəkkəb vəziyyətlə üzləşəcək. Ekspertlərin fikrincə, Boltonun Bakıya səfəri Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradır.

Boltonun səfəri fonunda cərəyan edən prosesləri və ABŞ-Azərbaycan əlaqələrini "Şərq”ə dəyərləndirən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov hesab edir ki, rəsmi Vaşinqtonun addımları və bəyanatları Azərbaycanın regional gücünün və qlobal çəkisinin artdığını göstərir.

- Son vaxtlar formalaşan ABŞ-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz? Tramp Administrasiyasının əvvəlki hökumətlərdən fərqli olaraq rəsmi Bakıya xüsusi önəm verməsinin səbəbi nədir?

- ABŞ-ın daxilində baş verən proseslər, hökumətlərin dəyişməsi, Respublikaçıların və ya Demokratların hakimiyyətə gəlməsi Amerikanın apardığı ümumi xarici siyasət strategiyasına müəyyən redaktələr gətirir. Respublikaçılar Partiyası, daha doğrusu, bu partiyanı təmsil edən liderlər beynəlxalq siyasətdə daha ardıcıl və sərt addımlar atmağa meyilli olurlar. Son illərə nəzər salsaq, siyasətdəki fərqi görə bilərik. Misal üçün, SSRİ-nin dağılmasına gətirib çıxaran siyasəti məhz Respublikaçılar Partiyası irəli sürmüşdü. Ronald Reyqan prezident seçiləndə ABŞ dövləti onun qarşısına sovet imperiyasının dağıldılmasını məqsəd qoymuşdu. Bununla bağlı diplomatik və iqtisadi sahələrdə çox ciddi addımlar atıldı, konkret strategiya müəyyən edildi. Reyqanın dövründən başlayan həmin proses o zaman vitse-prezident olan, sonra isə onu əvəz edən ata Corc Buşun hakimiyyəti zamanı da davam etdirildi. Nəticədə 70 illik imperiya dağıldı. Respublikaçıların təmsilçisi olan oğul Corc Buşun hakimiyyəti zamanı da dövlət katibi Kondoliza Rays Azərbaycana çox vacib bir təklif irəli sürdü. Rəsmi olaraq Azərbaycanla Amerika arasında təhlükəsizlik qarantiyalarını da əhatə edən ikitərəfli saziş imzalanmaq təklifi gündəmə gəldi. Bununla bağlı Azərbaycanda bir müddət səfir kimi fəaliyyət göstərən Metyu Brayza mətbuata açıqlama vermişdi. Sabiq səfir vurğulamışdı ki, bu cür saziş Vaşinqtonun özünə yaxın bildiyi, etibarlı tərəfdaş saydığı ölkələrə təklif edilir. ABŞ belə təklifi Yaponiya, Cənubi Koreya kimi NATO-ya üzv olmayan ölkələrə, özü də çox nadir hallarda irəli sürür. Postsovet məkanında Azərbaycan istisna olmaqla heç bir ölkə ABŞ-dan belə bir təklif almayıb. Hətta Gürcüstan və Ukrayna kimi Amerikaya yaxın olan, hər zaman Ağ Evə dəstək verən dövlətlər də çoxsaylı xahişlərinə rəğmən, Vaşinqtonun xüsusi təklifinə layiq görülməyiblər. Lakin Azərbaycana məhz Respublikaçıların hakimiyyəti dövründə özəl çağırış edildi. Müxtəlif obyektiv və subyektiv səbəblərdən saziş imzalanmadı. Amma hər halda anlaşmanın baş tutmaması Azərbaycana verilən dəyəri ortadan qaldırmır. Bu da çox önəmli məsələ idi.

- ABŞ Prezidentinin müşaviri Con Boltonun Azərbaycana səfərini və ölkəmizdə səsləndirdiyi mühüm mesajları necə şərh edərdiniz? İlk səfərin Azərbaycana edilməsini ölkəmizə verilən qiymət kimi dəyərləndirmək olarmı?

- Respublikaçılar yenidən hakimiyyət başındadır. Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun bölgəyə səfər etməsi, Azərbaycanın Vaşinqton üçün strateji əhəmiyyət daşıdığını vurğulaması, Bakını etibarlı tərəfdaş adlandırması dövlətimizə göstərilən diqqətin yenidən yüksək səviyyədə olduğunu göstərir. Həmçinin, Boltonun Ermənistanın baş naziri Nikol Paşinyanı seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha cəsarətli addım atmağa çağırması Bakının haqlı mövqeyinə dəstəkdir. Vurğulamaq istəyirəm ki, Azərbaycanın diqqət mərkəzində olması birbaşa Donald Trampla bağlı məsələ deyil. Söhbət Trampın şəxsiyyətindən, məsələlərə necə yanaşmasından getmir. Ümumiyyətlə, Respublikaçıların təşkil etdiyi administrasiya daim xarici siyasətdə düşünülmüş və reallığa əsaslanmış strategiyaya üstünlük veriblər. Nəzərə almaq lazımdır ki, Respublikaçılar ənənəvi olaraq neft lobbisi ilə sıx bağlı olublar. Bu baxımdan neft ölkəsi olan Azərbaycana xüsusi önəm verirlər.

- Boltonun regiona səfər trayektoriyası da müzakirə olunan məsələlər arasındadır. Müşavirin Rusiya-Azərbaycan-Ermənistan və Gürcüstan marşrutu üzrə səfər etməsini əvvəlcədən müəyyən edilmiş plan hesab edirsinizmi?

- Çox maraqlı məqamdır. Amerika rəsmiləri adətən, sadəcə Rusiyaya səfər edirdilər, ya da birbaşa hansısa Cənubi Qafqaz ölkəsinə gəlirdilər. Ancaq dörd ölkəni birləşdirəcək birgə səfər planı hazırlamaq ilk dəfə həyata keçirilirdi. Əlbəttə, belə bir marşrutun təsadüfən seçildiyini demək olmaz. Səfər trayektoriyasında iki vacib məqamı vurğulamaq lazımdır. Con Boltonun regiona səfəri zamanı səsləndirdiyi fikirlər, Ermənistanda yeni hakimiyyətə çağırış etməsi, onları yalançı tarixçilikdən, "erməniçilikdən” uzaq durmağa səsləməsi, rus silahı əvəzinə Amerika silahını tövsiyə etməsi kimi mühüm mesajları açıq göstərir ki, Tramp Administrasiyası Cənubi Qafqazda Rusiya ilə birbaşa rəqabətə girməyə hazırdır. Görünən odur ki, artıq bunu həyata keçirməyə başlayıblar. Məqsəd Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək, Moskvanın təsir gücünü azaltmaq və bunun əksinə ABŞ-ın üstün mövqeyinə nail olmaqdır. Yəni Boltonun səfər xəttində birinci amil Cənubi Qafqazda Rusiya ilə siyasi və hərbi rəqabət aparmaq, ikinci məqam isə İrana qarşı sanksiyalarda yeni müttəfiqlər qazanmaqdır. Məlumdur ki, ABŞ İrana qarşı sərt sanksiyalar paketi hazırlayıb və tədricən onların tətbiqinə başlayıb. Hətta ola bilsin, yaxın gələcəkdə İrana qarşı hərbi əməliyyatlar da gündəmə gətirilsin. Nəzərə alaq ki, bu savaşda Amerika tək deyil. Hərbi əməliyyatlar fonunda İsrail və ABŞ-ın Yaxın Şərq üzrə müttəfiqi Səudiyyə Ərəbistanı da İrana qarşı çıxacaqlar. Ona görə də İranla həmsərhəd olan ölkələri, ilk növbədə Azərbaycan ABŞ üçün önəmlidir. Cənubi Qafqaza meyl edən Amerika bölgədə Rusiyanın nəzarətini azaltmaq və Vaşinqtonun təsir gücünü artırmaq niyyətindədir. O səbəbdən tərəflər arasında rəqabətin həlledici mərhələsini başlanmış hesab etmək olar. Yəni Con Boltonun səfər marşrutu həm Rusiya, həm də İran faktoru baxımından mühümdür.

- Trampın müşaviri Bakıda Azərbaycan və Ermənistana silah satışını qadağan edən 907-ci düzəlişə də toxundu. Bəyan etdi ki, ABŞ prezidenti həmin maddəni ləğv edə bilər. Sizcə, bu, mümkündürmü? Düzəlişin ləğvi Azərbaycana müsbət nə vəd edir?

- ABŞ administrasiyaları Azərbaycan və Ermənistana silah satışını qadağan edən 907-ci düzəlişi daim dondurur. Bilirsiz ki, Amerika prezidentlərinin sözügedən maddəni dondurmaq səlahiyyəti var. Hakimiyyətə gələn prezidentlər bu hüquqlarından istifadə edirlər. Məqsəd Azərbaycanla əməkdaşlığa mane olmamaqdır. Ancaq silah satışını məhdudlaşdıran düzəlişi birdəfəlik ləğv etmək mümkündür və şübhə etmirəm ki, ABŞ prezidentləri və Konqresi nə vaxtsa buna məcbur qalacaq. Con Boltonun Bakıda və İrəvanda söylədiyi ifadələr məhz silah satışı kontekstində gündəmə gətirildi. Tramp administrasiyası formal olaraq İrəvanda təklif səsləndirdi. Vurğuladı ki, Ermənistan rus silahlarından imtina etməli və daha keyfiyyətli olan Amerika hərbi texnikalarına üstünlük verməlidir. Ancaq reallıq odur ki, kasıb Ermənistanın bahalı Amerika silahlarını almağa pulu yoxdur. ABŞ rəsmiləri bunu çox yaxşı bilirlər. Ermənistan Rusiyadan kreditlə silah-sursat əldə edir, özü də düşmən ölkəyə verilən texnikalar köhnədir. Digər tərəfdən Ermənistan KTMT-nin üzvüdür və Rusiyanın 102-ci hərbi bazası orada yerləşir. İki ölkə arasında ikitərəfli hərbi müqavilə var. Yəni Rusiya burada maraqlıdır və heç zaman imkan verməz ki, Ermənistan başqa yerdən silahla təmin olunsun. Ancaq ABŞ özü üçün əlverişli mühit yaradır. 

Sabah Amerika Azərbaycana silah satanda Ermənistan şikayət edə bilməyəcək. Vaşinqton deyəcək ki, "biz silahlarımızı İrəvana da təklif etdik, amma onlar almaq istəmədi”. Bunu Ermənistanın keçmiş müdafiə naziri ötən gün gündəmə gətirdi. Yəni Tramp Administrasiyası 907-ci düzəlişi fərqli üsullarla keçərsiz edə bilər. Azərbaycan Ermənistandan fərqli olaraq bir neçə dövlətlə kontraktlar imzalayıb. Hətta müqavilə bağladığımız ölkələr arasında NATO üzvləri də var. Tramp Administrasiyası düşünür ki, əgər Azərbaycan Rusiya və İsrail ilə 5 milyard dollarlıq müqavilə imzalayırsa, niyə ABŞ bundan kənarda qalmalıdır? Ona görə də rəsmi Bakı ilə hərbi sahədə əməkdaşlıq etmək niyyətində olduqlarını gizlətmirlər.

- ABŞ həmsədr dövlətdir və Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirir. Ancaq problemin həllində aktivlik nümayiş etdirməməsi nəylə bağlıdır? Səbəb sadəcə Rusiya faktorudur, yoxsa başqa məqamlar da var?

- Daha çox belə bir fikir gündəmdədir ki, uzun illər ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində təşəbbüsü Rusiyaya həvalə edib. Ona görə də Minsk Qrupu səviyyəsində fəal çıxış etmir. Bunun əksinə Rusiya həm vasitəçi kimi aktivlik göstərir, həm də Minsk Qrupundan kənar münaqişə tərəfləri ilə ayrı-ayrılıqda müzakirələr aparır. Ancaq Boltonun Ermənistana səfəri zamanı İrəvanda səsləndirdiyi fikirlər Vaşinqtonun problemin həllində maraqlı olduğunu ortaya qoydu. Amerikalı müşavir bildirdi ki, "əgər Paşinyan seçkidən sonra Qarabağ münaqişəsinin həllində cəsarətli addımlar atarsa, ABŞ Minsk Qrupu çərçivəsində, eyni zamanda müstəqil olaraq münaqişənin həllinə dəstək verməyə hazırdır. İlk dəfə olaraq ABŞ Administrasiyasının yüksək səviyyəli nümayəndəsi Qarabağ məsələsi ilə bağlı danışarkən ATƏT-dən kənar təşəbbüs göstərə biləcəklərini açıqladı. Vurğuladı ki, münaqişənin həlli prosesi Rusiyanın monopoliyasında deyil. Amerika da aparıcı dövlət olaraq müstəqil təşəbbüslər göstərə bilər. Bu məqam Boltonun səfərində gözəçarpan yeniliklərdən biri idi.

İsmayıl Qocayev







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19