2018-11-01 17:50:47   |   1342 dəfə oxunub

Akif Aşırlı: “Hər zaman sözümüzü demişik və deyirik” - MÜSAHİBƏ

“Çap mətbuatını elektron mətbuata qarşı qoymaq düzgün deyil”



Noyabr ayının 1-i "Şərq” qəzetinin yaranmasından 22 il ötür. "Şərq” bu illər ərzində qəzet bazarında özünəməxsus yer tutub. Modern.az saytının əməkdaşı 22 yaşını qeyd edən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə həmsöhbət olub.

- "Şərq” qəzetinin 22 illik fəaliyyətini necə dəyərləndirirsiniz?

- "Şərq” qəzetinin fəaliyyətini gələcəkdə jurnalistikamızın tarixini öyrənəcək insanlar daha yaxşı qiymətləndirə biləcəklər. Hesab edirəm ki, 22 il mətbuat üçün uzun bir yoldur. Bir çox qəzetlər bu müddətdə açıldı, amma mövcudluğunu qoruyub saxlaya bilmədi. Ancaq "Şərq” öz mövqeyini qoruyub saxlaya bildi, mətbuatda öz boyunu göstərə bildi, jurnalistikamıza çox sayda peşəkar jurnalistlər bəxş edə bildi. Bu gün müxtəlif dövlət strukturlarında, qəzetlərdə, jurnallarda, saytlarda və televiziyalarda "Şərq”in yetirmələri çalışır və biz onlarla fəxr edirik. Belə hesab edirəm ki, "Şərq”in özünün məktəbi var. Bu gün də gənc jurnalistlərin formalaşmağında "Şərq” öz töhfələrini verir.

- Qəzetlərə maraq azalıb desək, yanılmarıq. Qəzetləri ayaqda saxlamaq üçün dövlət tərəfindən də dəstək verilir. Maraqlıdır, "Şərq” hansı yeniliklərlə qəzetlərə marağı artırmağı planlaşdırır?

- Təbii ki, çap mətbuatına marağın azalması dünyada media sahəsindəki yeniliklərlə bağlıdır. Amma hərənin bir fikri var, fikirlər müxtəlif ola bilər. Bu gün də qəzet oxuyanlar var, gələcəkdə də mətbuatın çap versiyası yaşayacaq. Ən azından ona görə ki, qəzet medianın qalıcı bir hissəsidir. Təbii ki, yeni media çox sürətlə inkişaf edir. Yeni medianın elementləri Azərbaycanda çoxdur. Bu vəziyyətdə qəzetlərin mövcudluğu əlbəttə ki müəyyən çətinliklər hesabına başa gəlir. Ancaq çalışırıq ki, bu çətinliklərin fonunda yenə də maraqlılığımızı qoruyub saxlaya bilək. Müəyyən layihələr həyata keçiririk, qəzetlərin çap versiyasını saxlamaq üçün yeni medianın imkanlarından istifadə edirik. Qəzetlərin satış imkanlarını artırmaq üçün abunələrimizin sayını artırmağa cəhd edirik. Qəzetdə daha ciddi təhlillərə, analizlərə yer ayırırıq. 

Dediyim kimi, qalıcılıq xüsusiyyəti və tarixi yaşantılar baxımından çap mətbuatının yeri hər zaman qorunub saxlanılır. Dövlətin dəstəyi olmasa, çap mediası daha da zəifləyə bilərdi. Bu maliyyə yardımından səmərəli istifadə etməyə çalışırıq. Jurnalistikada əsas məsələ yaxşı yazmaq qabiliyyətidir. Bu baxımdan qəzetlərdə mətnin hazırlanması daha peşəkar olur. Mən düşünürəm ki, elektron mediada uğur qazananların əksəriyyəti elə qəzetlərdən gedənlərdi. Jurnalist fəaliyyətinə qəzetdən başlasa, jurnalistikanın digər sahələrində də uğur qazana biləcək. O baxımdan mən hesab edirəm ki, Azərbaycanda çap mətbuatı qalacaq. Ümumiyyətlə, çap mətbuatını elektron mətbuata qarşı qoymaq düzgün deyil. Bu, medianın bir tərkib hissəsidir. Elektron kütləvi informasiya vasitələrinin kökündə çap mətbuatı durur. Çap mətbuatı jurnalistika ənənələrini, peşə davranış qaydalarını özündə saxlayır. Bunların üzərində saytlar, elektron informasiya portalları şaxələnib inkişaf etməlidir.

- Şəxsən özünüz "Şərq” qəzetinin fəaliyyətindən razısınızmı?

- Bir işin keyfiyyətli şəkildə ortaya qoyulması üçün təkcə maddiyat kifayət etmir, digər faktorlar da var ki, onlara da diqqət ayırmaq lazımdır. Əlbəttə, peşəkarlıqdan irəli gələn müəyyən faktorlar var ki, onlara tabe olmağımız və əməl etməyimiz bizim müəyyən mənada öndə olmağımızın qarşısını kəsə bilər. Hesab edirəm ki, "Şərq” qəzetinin potensiallı komandası var. Bəzən əməkdaşlarımız mənə irad tuturlar, onlara "Allah sizə baş redaktor olmağı qismət eləsin, onda bilərsiniz ki, baş redaktor olmaq nə deməkdir” deyirəm. Bu baxımdan mən hesab edirəm ki, "Şərq” qəzeti hər zaman açıq fikirli olması ilə, düşüncələrinin hüdudsuzluğu ilə, fərqliliyi ilə seçilən kollektiv olub. Hər zaman sözümüzü demişik və deyirik.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24