2018-11-06 16:13:58   |   176 dəfə oxunub

Prezident İlham Əliyevin çıxışı Ermənistana ciddi mesajdır: "Bunu Paşinyan da anlayır”

"Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı Ermənistana ciddi mesajdır. Bunu hər kəs, hətta Paşinyan da anlayır”. Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Anar İmanov deyib.

Analitik bəyan edib ki, Ermənistan sülh danışıqları ilə Dağlıq Qarabağ probleminin həllinə hazır deyil. Görünən odur ki, heç vaxt hazır olmayacaq: "Aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan üçün hərbi yolla öz torpaqlarını geri almaq problem deyil. İndiki Ermənistan hakimiyyəti, xüsusən Paşinyanın hərəkətləri Dağlıq Qarabaqda anti-terrorçuluq əməliyyatının keçirilməsini sürətlə yaxınlaşdırır. Paşinyan başqa ölkələrin diktəsi ilə çalışır ki, öz hakimiyyətini daha da güclü etsin. Hələki Ermənistanın havadarları onları dəstəkləyir və Paşinyan nədənsə əmindir ki, bu vəziyyət sonsuza qədər davam edəcək. Ümid bəsləmək istərdim ki, Paşinyan və onun himayəçiləri xəbərdarlıqlardan düzgün nəticə çıxaracaqlar. Ancaq buna əmin deyiləm. Əksinə, düşünürəm ki, Paşinyan hazırki durumu qoruyub saxlamaq üçün əlindən gələni edəcək”.

Ekspertin sözlərinə görə, Paşinyan güclü siyasətçi təsiri bağışlamır, çünki gəldiyi gündən onun siyasəti və tabeçiliyində olan yeni komandanın davranışları bütün qonşulara qarşıdır: 



"Paşinyanın qeyri-müəyyən siyasəti, danışıqlardan boyun qaçırması, sərsəm açıqlamaları və digər fəaliyyəti sadəcə müharibəni yaxınlaşdırır. Belə bir deyim var – "əgər sülhü istəyirsənsə, müharibəyə hazır ol”. Görünən odur ki, ağalarının sözünə qarşı çıxmayan Paşinyanın bu deyimdən xəbəri yoxdur”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır. Dövlət başçısının bəyanatına əsasən, Ermənistan işğal edilmiş torpaqlardan öz qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır: "İmkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar”. Düşmənlə təmas xəttinə yaxın məkanda növbəti dəfə Ermənistanın yeni hakimiyyətinə mesaj verən dövlət başçısı bəyan edib ki, İrəvan hökuməti bunu nə qədər tez anlasa, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17