2018-11-07 11:49:17   |   623 dəfə oxunub

"O xanım olmasaydı, bəlkə də indi ölmüşdüm" - MÜSAHİBƏ

Səbuhi Məmmədli: "Həkimin dediyinə görə, mənim yerimə başqa adam olsaydı, ürəyi partlaya bilərmiş"

"Damar o qədər tıxanıb ki, qan damcı-damcı hərəkət edirmiş"



"Xəstəliyim zamanı hətta eləsi vardı, məni sosial şəbəkədə dostluqdan silmişdi. Olsun!!! Əvəzində çoxlu dost tapdım. Hesabıma 1 (bir) manat belə köçürən insanlar vardı"

- Yaxın 20 il ərzində ölmək fikrim yoxdur. Düzdür, illərlə qeyri-sağlam bir həyat tərzi keçirmişəm. Həyatımda çoxlu səhvlərim də olub. Ancaq indi özümü tam təmizlənmiş, yükdən azad olmuş sayıram...




Dünən jurnalist Səbuhi Məmmədli "Şərq”in qonağı idi. Həmkarımızı qarşılayıb, səhhəti ilə maraqlanan baş redaktorumuz Akif Aşırlı söhbətlərinin sonunda fürsəti əldən verməyib, ondan müsahibə almağı tapşırdı: "Səbuhi Məmmədli Azərbaycanın 90-lar jurnalistikasının seçilən imzalarındandır. Jurnalistikada 3 peşəkar reportyor varsa, biri məhz odur. 5 yox, ha 3. Son vaxtlar səhhəti ilə bağlı müəyyən problemlər yaşasa da, indi yaxşı görünür. Hə, Səbuhi? Üzündən nur yağır”.

İlk olaraq səhhəti ilə bağlı sualımızı cavablandıran həmkarımız sağlıq durumunun qənaətbəxş olduğunu dedi. Bununla belə müalicə və müayinələrinin davam edəcəyini əlavə etdi: "Bir neçə saatdan sonra da kardioloji check-up üçün yenidən Ukraynaya gedəcəm. Müəyyən müayinələr var ki, onlardan keçməliyəm. Əgər əlavə müalicəyə ehtiyac olsa, bir müddət Ukraynada qalacam. Nəticələr yaxşı olsa, Bakıya qayıdacam”.

- Müayinə, sadəcə ürəyinizdəki problemlə bağlıdır, yoxsa qaraciyərinizi də nəzarətdə saxlayırlar?

- Hər iki orqanım yoxlanılacaq. Bilirsiniz ki, mən şəkərli diabet xəstəsiyəm və şəkərin miqdarı həddindən artıq yüksəkdir. Qəbul etdiyim dərman preparatlarına, pəhrizə rəğmən şəkərim normal səviyyəyə düşmür. Normada şəkərin miqdarı 5-6 mmoll olmalıdırsa, məndə bu rəqəm 13-14 olur.

- Səhhətinizdəki ciddi problemlərin həlli məqsədilə feysbuk vasitəsilə maddi dəstək istəmişdiniz...

- Şəkərli diabetdən əziyyət çəkdiyim üçün Mətbuat Şurasına müraciət etdim ki, Ukraynanın Mirqorod şəhərində müalicə almalıyam. Sağ olsunlar, Mətbuat Şurasının üzvləri yardım əllərini uzatdılar. Həmin yardım sayəsində mən Bakıdan Ukraynanın Mirqorod şəhərinə getdim, oradan da şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunmaq üçün Poltavaya yollandım. Ancaq orda olarkən vəziyyətim daha da ağırlaşdı və infarkt keçirdim. Təsəvvür edin, şəkərin miqdarı o qədər yüksək olub ki, mən geniş infarkt keçirdiyimi hiss etməmişəm. Adətən infarkt zamanı sinədə, qolda, kürəkdə kəskin ağrılar hiss olunur. Mən isə vəziyyətimin yaxşı olmadığını, məndən bir qədər aralıda dayanan Olqa adlı tibb bacısından öyrəndim.

O xanımın dedikləri hələ də yadımdan çıxmır:

- Siz yıxılacaqsınız indi. Siz gedirsiz... Tərpənməyin...

Təbii ki, heç bir ağrı hiss etmirdim deyə, gülümsəyib, bir narahatlığım olmadığını dedim. Bir də gördüm həkim briqadası mənə yaxınlaşdı və harasa apardılar. Heç özüm də bilmirdim hara gedirəm. Demə, təcili yardım maşını ilə məni Mirqorod şəhərinə aparıblar. Orada isə məlum olub ki, təcili əməliyyat olunmasam, həyatımı itirə bilərdim. Halbuki mən Ukraynanın kiçik Mirqorod şəhərinə neçə ayın əsəb gərginliyindən, illərdi canımı yeyən şəkərdən, diabetdən xilas olmaq üçün gəlmişdim. Səhhətimin bu cür təhlükədə olduğu ağlıma belə gəlmirdi. Kiyev Mirqoroda çox uzaq olduğundan əməliyyat üçün Poltova şəhərinə gətirilərək təcili əməliyyat olundum və 14 gün orada qalıb müalicə aldım.
Xəstəxananı tərk etməyə iki gün qalmış həkimlərim Ryabuşko və Alkov yenidən yanıma gəldilər. Ryabuşkonun əlində bir topa sənəd vardı. Son müayinələrin nəticəsi, hazırkı durumum haqında arayış, gələcək müalicəm barədə qeydlər, dərman siyahısı, diaqnozum və hətta əməliyyatın diski. Mənə dedilər ki, daha iki damarım tutulub. Tutulmanın biri 85, digəri 70 faizdir. Üçüncü damarda isə 50 faizə çatıb. Bu iki damara təcili stent qoyulmalıdır. Nə qədər tez qoyulsa, bir o qədər yaxşıdır.
Sözsüz ki, bunun üçün külli miqdarda maliyyə vəsaitinə ehtiyacım vardı. Bakıya qayıdanda sosial şəbəkələr vasitəsilə dostlardan, oxuculardan kömək istəməli oldum. Dostların köməyi ilə feysbukda kampaniya başlatdıq. Paylaşımların sayı çox olsa da, yığılan vəsaitin miqdarı yetərli deyildi. Tanıdığım, tanımadığım adamlar belə hesabıma pul köçürüb şəfa diləyirdilər. Amma lazımi məbləğ yığılmırdı ki, yığılmırdı. Sözün düzü, get-gedə ümidim azalırdı. Amma birdən hər şey yaxşılığa doğru dəyişməyə başladı. Gözləmədiyim anda cənab Prezidentin səhhətimdə yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş xəbərini aldım. Azərbaycan Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib. Təəccübləndim desəm, yalan olar. Haradasa, dövlətin bu dəstəyini gözləyirdim. İnanırdım buna ürəyimin dərinliyində. Bir daha cənab Prezidentə öz minnətdarlığımı bildirirəm. Ona bir can borcum var!

- Əgər dövlətdən belə bir gözləntiniz vardısa, əvvəldən niyə ölkə başçısına yox, ictimaiyyətə müraciət etdiniz?

- Düşündüm ki, dövlətin milyonlarla qayğısı, qaçqını, əməliyyata ehtiyacı olan kimsəsiz xəstəsi var. Məni heç olmasa kimsə tanıyır, pul köçürər, birtəhər sağalaram. Qoy dövlət o adamlara kömək etsin ki, onları tanıyan yoxdur.
Amma nəticə heç də arzuladığım kimi olmadı. Bununla belə mənə hər cür maddi və mənəvi dəstək verən dostları, tanıdığım və tanımadığım şəxslərin hər birinə minnətdaram. Onların bu yardımını heç vaxt unutmayacam. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşova da xüsusi minnətdaram.

- Damarın 85 faiz tutulması adi bir şey deyil. Həmin günə qədər necə olub ki, bu ağrını, narahatlığı hiss etməmisiniz?

- 2013-cü ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Oğlum İstanbulda ağır qəza keçirib, komaya düşmüşdü. Bu xəstəliyə həmin vaxt düçar oldum. Amma ürəyimlə bağlı heç bir narahatlığım yox idi. Sən demə, yaşadığım həyat tərzi, gərgin iş rejimi, gündəlik həyatda keçirdiyimiz əsəb, stres daxildə öz işini görürmüş. Həm də reportajlarla bağlı riskli zonalarda, müharibə ölkələrində çox olmuşam. Bütün bunların üstünə də yaş artımı gələndə ürək artıq dözümünü itirib. Həkimin dediyinə görə, mənim yerimə başqa adam olsa, ürəyi partlaya bilərmiş. Damar o qədər tıxanıb ki, qan damcı-damcı hərəkət edirmiş.

- Siz müalicədə olanda belə bir xəbər yayıldı ki, qaraciyər serrozu, xərçəng xəstəliyinə yoluxduğunuzu biləndə infarkt keçirmisiniz?

- Yox, səbəb bu deyil. Ola bilsin ki, xəstəliklər üst-üstə düşüb deyə, insanlar bu qənaətə gəlib. Yeri gəlmişkən, xərçəng və serroz ehtimalları özünü doğrultmadı. Nəticələr təmiz çıxdı. Həm də ki, təbiətən çox soyuqqanlı biriyəm. Qəfildən kimsə yanımda yıxılıb ölsə, heç bir həyəcan və təşviş keçirmədən nəsə bir şeylə üstünü örtüb polisə xəbər verərəm. Bu mənada serroz xəbərinin ürəyimə bu qədər təsir edəcəyini zənn etmirəm. Hətta siqaret, içki, yaşadığım riskli həyat fonunda qaraciyərimin nə vaxtsa sıradan çıxacağını gözləyirdim.
İnfarkta səbəb əvvəldən yığılıb qalan stres və son aylar yaşadığım gərginliklər idi. Suriyada, Əfqanıstanda, Pakistanda, Çeçenistanda çəkilişlər edən zaman dəhşətli faktlar, görüntülərlə rastlaşmışdım. Təsəvvür edin, mənimlə birgə Suriyadan reportaj hazırlayan Yapon televiziyasının müxbiri Mika Yamamoto yapon jurnalisti öldürülmüşdü. Suriyaya girəndə mənimlə birlikdə o da gedirdi. Əyninə qoruyucu jilet geyinmişdi, dörd dənə də mühafizəçisi vardı. Gündə min beş yüz dollar mühafizəyə pul verirdi. Mənimsə heç nəyim yoxdur, adi göy köynək, əlimdə telefon, fotoaparat və s
Hələbin girəcəyinə qədər gedib geri qayıtdım, amma o qaldı. Vüsalə Mahirqızı israrla "geri qayıt" deməsə, bəlkə mən də Hələbdə qalıb ölmüşdüm.
Suriyadan Türkiyəyə keçib Qaziantepə gəldim. Vüsalə xanıma zəng elədim ki, sağ-salamatam, materialları göndərəcəm. İnternetə girdim, gördüm yazılıb ki, yaponiyalı jurnalist Mika Yamamoto öldürülüb. Halbuki iki gün əvvəl bir yerdə Suriyaya girmişdik.
Suriyadan qayıdandan sonra bir ay ət yeyə bilmirdim. Bütün o dağıntıları gördüm, Hələbin 20 kilometrliyinə kimi getdim. Orada olarkən bir epizod məni dəhşətə gətirdi. Bəşər Əsədə qarşı vuruşanların bir səhra komandiri vardı. Ondan soruşdum ki, siz Əsədin tanklarındakı adamları öldürdünüz, onlar da sizdən öldürürlər, bu meyitləri dəyişirsinizmi? Dedi, yox! Soruşdum bəs tankda öldürülən əsgərlər necə oldu? Qayıtdı ki, itlərə atdıq, yedilər. Onda məni soyuq tər basdı. Necə yəni itlərə atdıq? Dəhşətli bir şeydir.

- Son aylar yaşadığım gərginliklər deyəndə, işsiz qalmağınızı nəzərdə tutursunuz?

- Xeyr, bu mənim üçün yeni bir şey deyildi. İşsiz qalan vaxtlarım çox olub. Pulsuz, ac qalan vaxtlarım da olub, amma heç vaxt ümidsiz qalmamışdım. Ən çətin günlərimdə belə bir ümidim olub. Səbəb şəxsi həyatımda yaşadığım çətinliklərlə bağlı idi. Hər şey o qədər üst-üstə yığılıb ki, o xanım mənim vəziyyətimin ağır olduğunu hiss etməsə, bəlkə də indi ölmüşdüm.

Yeri gəlmişkən, müalicəm başa çatandan sonra Poltavadan birbaşa Bakıya qayıtmadım. Mirqoroddakı xəstəxanaya gedib, həyatımı xilas edən tibb bacısını axtardım. İşdə olmadığını dedilər. Ünvanını istədim, vermədilər. Özünə zəng etdirib, danışdım və ev ünvanını aldım. Qapını əri açdı və kim olduğumu soruşdu. Hadisəni danışıb, xanıma təşəkkür məqsədi ilə gəldiyimi izah elədim. Tibb bacısı qapıya tərəf gələndə əlimdəki gül dəstəsini ona uzadıb, qucaqlayıb öpdüm. Həyatımı xilas etdiyi üçün ona minnətdar olduğumu dedim. Əri isə təəccüblə mənə baxırdı. Bizim kişilərin yanında yad bir adam onun arvadını qucaqlasa, bıçaqlayardı (gülür).

- Bu ağır günlərinizdə kimlərdən razı qalıb, kimlərdən incik düşdünüz?

- Dostlarım, tanışlarım arasında maddi-mənəvi dəstək verənlər oldu. Amma məni ən çox duyğulandıran tanımadığım, üzünü görmədiyim insanların mənim hesabıma pul köçürməsi oldu. Rusiyadan, Almaniyadan mənə zəng edib, yardım əli uzadan insanlar oldu. İmkanı olmayan insanlar ürək-dirək verirdilər. Təbii ki, illərlə tanıdığım, dost bildiyim insanlar arasında Allahın şəfasını belə diləməyənlər oldu. Hətta eləsi vardı, məni sosial şəbəkədə dostluqdan silmişdi. Olsun!!! Əvəzində çoxlu dost tapdım. Hesabıma 1 (bir) manat belə köçürən insanlar vardı.

- Müalicəniz nə qədər davam edəcək?

- Ürəyimə görə, ömrümün sonuna qədər bahalı dərmanlar qəbul etməliyəm. Yəni ki, müalicəm davam edəcək. Ancaq həyat da davam edir. İşləmək, yeni layihələrlə mətbuatda yeni araşdırmalara start vermək, mətbuatda gündəm yaratmaq lazımdır. Əvvəlki kimi riskli bölgələrdən reportajlar hazırlaya bilməsəm də, aktiv jurnalistikaya qayıdacam. Ailəmi dolandırmalı, qızımı böyütməliyəm...

- Səhhətinizdə yaranan problemlərə görə, Sizi tənqid edib, "özü həyatını məhv elədi, ölümü seçdi" kimi statuslar yazılırdı. Oxumamış, eşitməmiş olmazsınız...

- Heç kəs öz ölümünü seçə bilməz. Ümumiyyətlə, yaxın 20 il ərzində ölmək fikrim yoxdur. Qızımı böyütməli, ona parlaq bir gələcək vəd etməliyəm. Düzdür, illərlə qeyri-sağlam bir həyat tərzi keçirmişəm. Həyatımda çoxlu səhvlərim də olub.
Ancaq indi özümü tam təmizlənmiş, yükdən azad olmuş sayıram.

- Müsəlmanın sözü sağalana qədərdir. Nə vaxtsa, tam yaxşıyam deyib, içkiyə başlayacaqsınız?

- İçkini tamamilə atmışam, siqareti isə kəskin şəkildə azaltmışam. Həyatın mənə verdiyi bu şansı bacardığım qədər yaxşı dəyərləndirəcəm. 4 yaşında qızım var, onun ən azından 23-24 yaşına çatdığını, oğlumun evlənib, oğul- qız sahibi olduğunu görmək istəyirəm.


- Feysbuk paylaşımlarınızdan qızınıza həddindən artıq bağlı olduğunuzu görürük. Onun gələcəyi ilə bağlı hansı arzularınız var?

- Hə, bütün həyatımla ona bağlıyam. O isə zürafələrə çox bağlıdır. Zürafə ilə oynamağı həddindən artıq sevir. Nə vaxt "Qızım, sənə nə alım” deyə soruşsam, zürafə istəyir. Evimizin hər küncündə onun oyuncaqları var. Gələcəyi ilə bağlı isə indidən bir söz deyə bilmərəm, hələ çox balacadır. Ən yaxşı bağçaya qoymuşam. 3 dil bilir. Hətta 10-a qədər sayarkən dalğaları qarışdırır: bir, iki, tri, çitiri, faiv, siks, sevn, doqquz, on (gülür). Onunla bağlı ən böyük arzum və planım yaxşı təhsil verməkdir.

- Jurnalist görmək istəyərsiniz?

- Niyə də yox. Amma hələ ona çox var. Bəlkə də böyüyəndə kosmonavt, maşın ustası olmaq istəyəcək.


Suallarımın bitdiyini və bizimlə müsahibəyə vaxt ayırdığı üçün Səbuhi Məmmədliyə təşəkkür etmək istəyəndə, şair Əlsəmid Kür redaksiyamıza daxil olur.

 Səbuhi Məmmədli ilə hal-əhval tutan şair "diktafonu söndürmə” deyə üzünü mənə tutur: 

"Aşağıda dedilər Səbuhi də nəşriyyatdadır. Dedim yüz faiz "Şərq”də olacaq”.

Səbuhi Məmmədli: Başqa hara gedəsiyəm. Keçən il, ya o biri il bir reportaj hazırlamışdım ki, saat 18:00-dan sonra nəşriyyatda ancaq bir redaksiyanın işığı yanır. O da "Şərq”dir.

Ə.Kür: Səbuhi, həmişə ayaq üstə olasan. Tez sağal, o müsahibəni də tap, göndər mənə.

Şair sağollaşıb gedəndən sonra Səbuhi Məmmədli ilə Akif Aşırlı adıkeçən müsahibənin tarixçəsini danışırlar...

Şəymən







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17