2018-11-07 13:48:40   |   359 dəfə oxunub

Dilçi-alim:"Bu fərman Azərbaycan dilinin taleyində çox böyük rol oynayacaq" - Müsahibə



Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda bildirilib ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir: "Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib”.

Dilimizin qorunması və eyni zamanda inkişafı istiqamətində bu fərmanın oynadığı rolun əhəmiyyətini öyrənmək üçün tanınmış dilçi-alim, professor Adil Babayevlə əlaqə saxladıq. O "Sherg.az"a müsahibəsində qeyd etdi ki, bu, yerində və zamanında verilmiş fərmandır. Bu fərman Azərbaycan dilinin, eyni zamanda xalqımızın milli mədəniyyəti və mənəviyyatının taleyində böyük rol oynayacaq:


"Bundan əvvəlki fərmanlar - Ulu öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixi sərəncamı, 4 iyul 2001-ci il fərmanı, 19 aprel 2002-ci il fərmanı, 30 sentyabr 2002 -ci il fərmanı, 5 yanvar 2003-cü il fərmanı hamısı Azərbaycan dilinin qorunmasına xidmət edir. Ümumilli lider 2002-ci ilin iyulunda yenidən sərəncam verdi və Dövlət Dil Komissiyasını yaratdı ki, fərmanların icrasına nəzarət edilsin. Bu komissiyanın üzvlərindən biri də mən idim. Möhtərəm İlham Əliyevin 25 noyabr 2017- ci il fərmanında da mən yenə dil komissiyasının üzvü seçildim. Bizim üzərimizə böyük vəzifələr düşür. Dilimizin inkişafına, qorunmasına, yad ünsürlərdən təmizlənməsinə dövlət səviyyəsində əhəmiyyət verilir. Amma bəzi teleaparıclar heç bir ölçüyə əməl etmədən bildiklərini edirlər, danışırlar. Vaxtilə ulu öndər deyirdi: "Yaxşı ki, bizdə təhsil Azərbaycan dilindədir". Yəni bir var Azərbaycan dilində danışasan, bir də var, fikirlərini gözəl ifadə edəsən. Bax, ikinci bizdə hələ də çatışmır. Bu məsələyə xüsusi diqqət yetirməliyik. O vaxt sərəncam verildi və ali məktəblərdə Azərbaycan dili və nitq mədəniyyəti tədris olunmağa başladı. Bu tədris vəsaitini də mən yazdım. Proses indi də davam edir".

-Paytaxtdakı əksər şadlıq saraylarının, kafelərin, mağazaların və digər obyektlərin adında, elan və rekalm lövhələrində əcnəbi sözlərə çox rast gəlirik...

- Reklam və elanlarla bağlı sərəncamın 7-ci bəndində göstərilir ki, əgər Azərbaycanda xarici dildə reklam və elan vermək lazım gələrsə, onda həmin reklam ilk olaraq Azərbaycan dilində verilməli və bundan sonra əcnəbi dildə olan sözlər aşağıda iki dəfə balaca hərflərlə verilə bilər. Amma təəssüflər olsun ki, buna heç kim əhəmiyyət vermir. Məsələn, köhnə Bakı Univermağının yanına getsəniz ,sizdə belə təəssürat yaranacaq ki, bura Azərbaycan deyil. Orada Azərbaycan dilinə önəm verən yoxdur. Elan və reklamların hamısı rus və ingilis dillərindədir. Bəli, başa düşürəm, ora turistlər çox gəlir, amma bu o demək deyil ki, biz onlara görə, dilimizdən keçməliyik. Qoy, onlar özlərini Azərbaycanda hiss etsinlər. Niyə özlərini Nyu-Yorkdakı kimi hiss etməlidirlər. Azərbaycan yeməklərini alıb yeyirlərsə, onun dadını bildikləri kimi, adını da bilməlidirlər. Azərbaycanın bəzək əşyalarını alırlarsa, qoy, onların adlarını da öyrənsinlər. Azərbaycan dilinə xidmət etmək vətəninə, dövlətinə, millətinə xidmət etməkdir. Bu dili qorumaq dövlətini yüksək səviyyədə tutmaq deməkdir. Amma bizim reklamçılar dilin norma və tələblərinə məhəl qoymurlar. Məhz bu səbəbdən də dilimiz korlanır.

- Son zamanlar teleaparıcıların dil normlarını kobud şəkildə pozması məsələsi də cidd müzakirə predimetinə çevrilib və bu hal ən sərt şəkildə pislənilir, amma yenə də müsbət nəticə müşahidə edilmir. Sizcə niyə nəticə çıxarılmır ?

- Teleparıcıların nitqi çox bərbaddır. Baxın, bəzi telaparıcılar belə cümlələr işlədirlər: "Avtobusun iştirakı ilə qəza baş verdi". Necə yəni avtobusun iştirakı ilə qəza baş verdi. Avtobusu rejissormu hazırladı ki, get qəzada iştirak elə? Təsəvvür edin ki, xəstəxanada yanğın baş verdi əvəzinə xəstəxanada yanğın baş tutdu deyirlər. Sonra bildirirlər ki, yaz tətili başladı, heyvanxanamıza gələn ziyarətçilərin sayı çoxaldı. Ona deyəsən ki, ay qız, başa düş, ayını , donuzu ziyarət etməzlər. Müqəddəs yerləri ziyarət edərlər. Heyvana isə tamaşa edərlər. Hələ bu jurnalistlər elə bir əda ilə gəzirlər ki, elə bil dünyanı bunlar yaradıblar. Yazırlar ki, qonşu öz qonşusunu güllələdi. Bu məqamda güllələmək sözünü işlətmək olmaz. Bir nəfərin açdığı atəş güllələmək sayılmır. İkincisi, burada siyasi səhv də var. 1997-ci ildə ulu öndər Heydər Əliyevin fərmanına görə bizdə güllələnmə ləğv olunub. Güllələnmək yoxdur. Ona görə, biz Avropa Şurasının üzvü ola bimişik. Güllələmək ali məhkəmənin qərarından sonra bir neçə adam tərəfindən güllənin atılıb hər hansı bir şəxsin öldürülməsidir. Güllələnmək budur. Amma bizim jurnalistlər deyirlər ki, qonşu öz qonşusunu güllələdi. Fikir verin, reklamda deyirlər ki, albalı + dan "shoping" edin! "Shoping" dilimizə ingilis dilindən gəlib. Camaat nə bilsin ki, bu "shoping " dələduzluqdur, yoxsa alış-veriş ? Yazın ki, albalı +dan alış-veriş edin ! Bu mənada cənab Prezidentin Azərbaycan dilinin saflığının qorunmasına dair verdiyi fərmanı yüksək qiymətləndirirəm. Doğrudan da, bizdə əcnəbi sözləri yersiz işlədirlər. Bəziləri düşünür ki, başqa dildə söz işlədəndə ona savadlı deyəcəklər. Məsələn, zaman sözünü türk dilindən götürüb işlədirlər. Məsələn, biri digərina deyir ki, sabah bizə gəl, o da cavab verir ki, zamanım yoxdur. Məkan və zaman insanın anlayışıdır. Mən isə səni zamana çağırmıram.Deyirəm ki,sabah bizə gəl. Buna cavab olaraq "vaxtım yoxdur" deyilməlidir. Vaxtın özü də saata, dəqiqəyə bölünür. Bu, belə olmalıdır. Sözləri türk dilindən götürüb olduğunu kimi Azərbaycan dilinə gətirmək olmaz. Dil məsələsində heç kimə güzəşt etmirəm. Hər hansı telekanalın dövlət dilinə məhəl qoymamağa ixtiyarı yoxdur".

-Hər hansı bir xalq, dövlət, millət və ölkənin formalaşmasında dilin rolu nədən ibarətdir ?

-Xalq inkişaf etdikcə, onun dili bu tərəqqiyə uyğun olaraq, zənginləşməli, dərinləşməlidir. Mustafa Kamal Atatürk deyirdi ki, xalqın ruhu ilə dili arasında qırılmaz bağ var. Yetər ki, bu köklərdən ən azı birini inkişaf etdirək. Hər bir xalq öz dili ilə yaranır. Millət üçün onun dilindən əziz heç nə yoxdur. Ola bilər, xalqın vətəni olmasın. Amma ana dili olarsa, bir millət kimi yaşayıb, mədəniyyətini qoruya bilər. Ümummilli lider Heydər Əliyev prezidentliyi dövründə türk yazarları ilə keçirilən görüşlərin birindən sonra, "dil, dil bir də dil” şəklində fikir səsləndirdi. Azərbaycan xalqı həm öz dilinə sahib çıxıb, həm də dilinin inkişafı üçün çalışıb.

Sovet hakimiyyəti illərində Azərbaycan dilinin inkişafını ləngitmək, dilimizi sıradan çıxartmaq üçün bolşevik rejimi böyük işlər görürdü. Bütün iclaslarda, sessiyalarda Azərbaycan dilində danışmaq qadağan olunurdu. Böyük yığıncaqlarda, partiya iclaslarında bir nəfər rus olsa belə, tədbirlər ana dilində aparılmamalı idi. Baxın, Azərbaycan dilini çox böyük əzab-əziyyət çəkərək bu günə qədər gətirib çıxarmışıq, yaşatmışıq. İndi də bu dili qorumaq lazımdır.

Söhbətləşdi: Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19