2018-11-07 18:29:03   |   150 dəfə oxunub

"Bu fərman dilimizin saflığının qorunması üçün olduqca vacibdir" - Professor



"Hər bir azərbaycanlı öz dilini dəqiq şəkildə bilməli və onun bütün normalarına bələd olmalıdır”

Bu barədə "Sherg.az”a Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı imzaladığı fərmanı dəyərləndirərkən filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli bildirib.

Onun sözlərinə görə, cənab prezidentin dil sahəsində fərman imzalaması, bir sıra tədbir görməsi müsbət haldır:

"Hər bir dövlət öz dilinin təmizliyi uğrunda mübarizə aparmalıdır. Radio, televiziya, mətbuat orqanları kimi cəmiyyəti əhatə edən strukturlar da dil normalarına əməl etməlidir. Bununla yanaşı dilin qorunmasında xüsusi rol oynamalıdır. Bu sahəyə cavabdeh olan qurumlar öz işlərinə ciddi yanaşmalıdırlar. Dilçiliklə bağlı lüğətlər, kitablar və digər məlumatverici vasitələr əhaliyə təqdim olunmalı, bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Bu fərman dilimizin saflığının qorunması üçün vacibdir. Dil normalarından hər kəsin istədiyi kimi istifadə etməsinə yol verilməməlidir”.

F.Veysəlli diqqətə çatdırıb ki, bəzi televiziya aparıcıları dil normalarına əməl etmir:

"Aparıcıların televiziya və radiolardakı arzuolunmaz çıxışları onların süzgəcdən keçməmələri ilə bağlıdır. Əvvəllər aparıcı olmaq üçün insanlar bir neçə mərhələdən keçirdi. İndi isə hər diplom alanı irəli çəkirlər. Lakin onların savadı olmadığı üçün danışanda özlərini göstərirlər. Bu sahədə əsaslı işlər aparılmadır, Aparıcılar süzgəcdən keçirilməlidir”.

Dilçi-alim qeyd edib ki, reklam, elan və digər sahələrdə alınma sözlərdən daha çox istifadə olunur:

"Dilimizin kifayət qədər söz ehtiyatları, imkanları var. Yerli-yersiz əcnəbi sözlərdən istifadə düzgün deyil. Bununla yanaşı bəzi insanlar öz milli sözlərimizdən istifadə etsələr də, vurğu və intonasiyanı yerində işlətmirlər. Hər kəs danışanda Azərbaycan dilinin normalarına əməl etməlidir"
Professor onu da əlavə edib ki, media nümayəndələri arasında tənzimləmə işlərinin aparılması vacibdir:
"Düşünürəm ki, media nümayəndələri arasında ildə bir və ya iki dəfə dilin normalarına düzgün əməl etmək, daha dolğun fikirlərini ifadə etmək faktorları əsasında müsabiqə keçirilməlidir. Bütün ölkə miqyasında bu kimi yarışlar keçirib, komissiyalar təşkil etməklə ən yaxşı yazan, danışan mətbuat nümayəndələrini müəyyən etmək olar".

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda bildirilib ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir: "Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib”.

Kənan Eynuroğlu 









SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19