2018-11-07 19:46:53   |   279 dəfə oxunub

Layiqli dəfn edilmək ONLARın haqqıdır ! - Əhməd Cavadın nəvəsi yazır




Artıq bir müddətdir ki, Qaradağ rayonunun Puta qəsəbəsindəki insan məzbəhi haqqında məlumatlar geniş ictimaiyyətin diqqəti mərkəzindədir. Yayılan xəbərlərə görə, Putada aparılan qazıntılar zamanı kütləvi məzarlığa rastlanmış, insan nəşinin qalıqları tapılıb. Aşkar edilmiş nəş qalıqlarının xalqımızın mümtaz övladları - babam Əhməd Cavada və şair Mikayıl Müşfiqə aid olduğu ehtimal olunur.

Heç şübhəsiz ki, millətimizin münəvvər insanlarının, o cümlədən Azərbaycan Demokratik Respulikasının qurucularından olan, Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavadın öldürüldüyü və cəsədinin atıldığı yerlə əlaqədar sirrin dağılması, nəşlərinin tapılıb milli və mənəvi qaydalara uyğun şəkildə torpağa tapşırılması istiqamətində göstərilən vətəndaş təşəbbüsü səylərini məmnuniyyət hissi ilə təqdir edirik.

Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Əliyevin məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürməsi, bütövlükdə nurlu əcdadlarımızın - görkəmli ədiblərimizin və dövlət xadimlərimizin qırğın yeri ilə bağlı qizəmə aydınlıq gətirəcəyinə möhkəm inam yaradır, məsələyə dövlətimizin həssas münasibətini dərin şükranlıqla qarşılayırıq.

Həyatını Azərbaycanımızın müstəqilliyi, xalqımızın azadlığı uğrunda fəda edən Əhməd Cavadın həyat fəlsəfəsi və idellarına dəyər verən dövlət böyüklərimizə, onu dualarıyla yad edən bütün həmvətənlərimizə və soydaşlarımıza minnətdarlığımızı bildiririk.

"Böyük Qırmızı Terroru” qurbanlarının əziz xatirəsi qarşısında ehtiramla baş əyir, onların müəzzəb ruhlarının hüzur tapmasına yönələn dövlətimizin həmiyətli məramına çatmasını bütün varlığımızla təmənna edirik.

Layiqli dəfn edilmək ONLARın haqqıdır!







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17