2018-11-08 12:15:21   |   121 dəfə oxunub

Rəsmi Bakının mövqeyi qətidir

Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalıdır

"Biz sülhlə münaqişənin həllinin tərəfdarıyıq. Amma müharibə yolu ilə də ərazilərimizi qaytarmaq gücündəyik"



Ötən gün Ağdam Muğam Mərkəzinin açılışında çıxış edən Prezident İlham Əliyev Ermənistandakı gərgin siyasi və iqtisadi vəziyyətə, xüsusən yeni hökumətin qeyri-müəyyən siyasətinə münasibət bildirib. Ermənistandakı yeni rejimin siyasətinə diqqət çəkən dövlət başçısı qeyd etdi ki, yeni rəhbərlik əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalı, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır: 

"İmkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik. Beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir. Hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə bizim torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl biz nümayiş etdirdik ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də”. Prezident bəyan edib ki, bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır: "Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq. Hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir. Çünki əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcək”. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək: "Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaq. Əks təqdirdə, istənilən variant mümkündür və biz buna hazırıq”.

Mövzunu "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan "Şərq”ə deyib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalıdır. Bu, Azərbaycan dövlətinin mövqeyidir. Analitik bəyan edib ki, rəsmi Bakı məsələnin dinc yolla həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib:

"Əgər münaqişə bu yolla həll olunmasa, Azərbaycan öz torpaqlarını döyüş yolu ilə azad etməyə qadirdir. Bunu 2016-cı ilin aprelindəki döyüşlərdə təsdiqləyib. Ermənistan rəsmilərinin hədyan danışması, sərsəmləməsi isə Nikol Paşinyanın başçılığı ilə hakimiyyətə gələn yeni qüvvənin münaqişənin həlli ilə bağlı konkret proqramının olmadığından xəbər verir. Özündən əvvəlkilər kimi, o da işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlməklə bir daha sübut edir ki, onlar da işğalı dəstəkləyirlər. Ermənistanda baş verənlər deməyə əsas verir ki, nəinki Dağlıq Qarabağ münaqişəsinin həllinin, hətta Ermənistanın gələcəyinin açarı belə ermənilərin əlində deyil. Bu açar Rusiya, Fransa, ABŞ və erməni lobbisinin əlindədir. Bu baxımdan Paşinyanın təkbaşına, yaxud təmsil etdiyi siyasi qüvvə ilə birlikdə nəticə çıxaracağı real deyil”.

Siyasi elmlər namizədi Zaur Məmmədov da "Şərq”ə deyib ki, Azərbaycanın dövlət başçısı Ermənistanın yeni hakimiyyətinə, xüsusən Nikol Paşinyana çox ciddi mesaj verib:

"Əslində bu, Paşinyana növbəti xəbərdarlıqdır. Azərbaycan öz sülhsevərliyini aprel ayından bu yana nümayiş etdirməkdədir. Məlumdur ki, dekabr ayında Ermənistanda parlament seçkisi keçiriləcək. Paşinyan seçkidən sonra münaqişə ilə bağlı son və qəti mövqeyini bəyan etməlidir. Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın yeni rəhbərliyindən konstruktiv yanaşma gözləyir. Xəbərdarlıq edirik ki, yeni hökumət Sarkisyan-Koçaryan hakimiyyətindən fərqli olaraq konstruktiv mövqe sərgiləsin. Əks təqdirdə Azərbaycanın səbri tükənəcək və başqa yollara əl atacağıq”.

Analitik vurğulayıb ki, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills düşmən qüvvələrin işğal olunmuş ərazidən çıxmasının zəruri olduğunu bildirmişdi: 

"Artıq aparıcı dövlətlər də Paşinyan hakimiyyətinə açıq şəkildə bildirirlər ki, ermənilər işğal olunmuş ərazilərdən çıxmalıdır. İndi top Paşinyandadır. Azərbaycan son zamanlar hərbi sahədə həyata keçirdiyi islahatlar sayəsində Ermənistandan dəfələrlə güclü orduya sahib olub. Rusiya və ABŞ-la olan münasibətlərimiz Ermənistanın bu ölkələrlə olan əlaqəsindən daha yüksəkdir. Ötən illər ərzində Bakının geosiyasi mövqeyi daha da güclənib. Bütün bunlar bizi münaqişədə güclü tərəf edir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19