2018-11-08 12:18:03   |   130 dəfə oxunub

Əsas problemlər dilin saflığının qorunması ilə bağlıdır

"Əsas məqsəd yerli-yersiz əcnəbi sözlərin işlədilməsinin, fonetik, leksik, qrammatik normaların pozulmasının qarşısını almaqdır"

"Televiziya işçiləri başqa dillərin təsiri ilə öz sözlərimizin vurğusunu düz demirlər. Düzgün tələffüz etmirlər. Leksik normalar da tez-tez pozulur. Bəzən dialekt sözlər işlədilir. Efirlərdə rus sözləri baş alıb gedir



Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Dövlət Dil Komissiyası yanında "Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Dövlət başçısının Fərmanında bildirilib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlayıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb.

Habelə, fərmanda qeyd edilib ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Lakin bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. 

Fərmana əsasən, Nazirlər Kabinetinə kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərini hazırlayıb üç ay müddətində Prezidentə təqdim edilməlidir. Ötən gün Ağdam rayon ictimaiyyət nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşən dövlət başçısı İlham Əliyev də dilimizin qorunması məsələsinə xüsusi diqqət çəkib. Prezident bəyan edib ki, bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir: "Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir. Biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir. Əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm”. Prezidentin Azərbaycan dilinin qorunması ilə bağlı Fərmanı dilçi alimlər tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçısının çıxışı zamanı diqqət çəkdiyi mühüm məqamlar da ekspertlərin geniş müzakirəsinə səbəb olub.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu deyib ki, ölkə Prezidentinin son fərmanının böyük əhəmiyyəti var. Alimin sözlərinə görə, əsas problemlər dilin saflığının qorunması ilə bağlıdır: 

"Ölkə prezidentinin dilimizin saflığının qorunması ilə bağlı verdiyi fərmanın əsas məqsədi yerli-yersiz əcnəbi sözlərin işlədilməsinin, fonetik, leksik, qrammatik normaların pozulmasının, reklamlarda, elanlarda, afişalarda, internet resurslarındakı reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulmasının qarşısını almaqdır. Bu məsələ Prezidentin 9 aprel 2013-cü il tarixli sərəncamında öz əksini tapmışdı. Həmin dövlət proqramının tələblərinə əsasən, biz Nəsimi adına Dilçilik İnstitutunda bir şöbə yaratdıq. Şöbənin əsas vəzifəsi kütləvi informasiya vasitələrində, reklamlarda, elanlarda, saytlarda, televiziyada və radioda dil pozuntularının qarşısını almaqdır. Şöbənin işçiləri əsasən maarifləndirmə işləri aparır, bu yöndə öz ideyalarını təklif edirlər. Yəni müştərək işləmək, onlara kömək məqsədi ilə müəyyən işləri görmək təklifləri hazırlayırlar. Bizdə həm də 2016-cı ildən "qaynar xətt" fəaliyyət göstərir. Buraya insanlar gördükləri, rastlaşdıqları dil pozuntuları ilə bağlı zəng edirlər. Fərmana qədər həmin faktların qarşısını almaq üçün bizim elə bir ciddi səlahiyyətimiz yox idi. Yalnız maarifləndirici tədbirlər görə bilərdik”.

M.Nağısoylu televiziya, radio və mətbuat sahəsindəki dil qüsurlarına da toxunub: "Dilçilik İnstitutu bununla bağlı tədbirlər planı hazırlayacaq: "Qurumla da attestasiya keçirilməlidir. Peşəkarlıq məsələsinə diqqət yetirilməlidir. Həqiqətən də televiziyalarda həm fonetik, həm leksik, həm də qrammatik formalar pozulur. Fonetik norma ən çox vurğu məsələsində pozulur. Yəni televiziya işçiləri başqa dillərin təsiri ilə öz sözlərimizin vurğusunu düz demirlər. Düzgün tələffüz etmirlər. Leksik normalar da tez-tez pozulur. Bəzən dialekt sözlər işlədilir. Efirlərdə rus sözləri baş alıb gedir. Özüm bir neçə gün əvvəl televiziyada "sumka”, "propka”, "poet” kimi sözlərə rast gəldim. Halbuki dilimizdə tıxac sözü var, "propka”nın əvəzinə tıxac sözünü işlətməliyik. Bu söz artıq ədəbi dilə də daxil olub. Yaxud da "vopşe”nin yerinə ümumiyyətlə sözünü istifadə etmək lazımdır. Burada məsuliyyət, həm də dilə sevgi məsələsi var. Amma istər dövlət qulluğuna, istərsə də televiziya kanallarına işə götürülərkən ilk növbədə peşəkarlıq səviyyəsi yoxlanılmalıdır. Eyni zamanda, dilə bələdçilik, dili mükəmməl bilmək bacarığı yoxlanılmalı və bununla bağlı rəy verilməlidir. Ondan sonra həmin şəxslər işə qəbul edilməlidir. Bütün bunların qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək. Həmin tədbirlərin sırasında inzibati cəza tədbirləri də ola bilər”.

Milli Televiziya və Radio Şurası sədrinin müavini, Əməkdar jurnalist Qafar Cəbiyev də bildirib ki, efir aparıcıları Azərbaycan dilinin leksik və qrammatik normalarını tez-tez və kobud surətdə pozurlar: "Bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hələ 2012-ci ildən başlayaraq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Elektron Mediaya Yardım Fondu İctimai Birliyinin layihələri əsasında davamlı olaraq teleradio yayımçılarının monitorinqləri aparılıb. Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun dilçilik kafedrasının əməkdaşları tərəfindən aşkar edilmiş pozuntu faktları medianın iştirakı ilə Şura tərəfindən geniş müzakirə olunub. Ədalət naminə deməliyik ki, bütün bunların nəticəsi olaraq efirdə Azərbaycan dilinin leksik və qrammatik normalarına əməl olunması istiqamətində hiss olunacaq dərəcədə irəliləyişə nail olunub. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli fərmanında qeyd olunduğu kimi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması az qala adi hala çevrilib. Bu fərman bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan Prezidenti və Azərbaycan dövləti Azərbaycan xalqının arzu və istəklərinə uyğun olaraq milli sərvətimiz olan dilimizin saflığının qorunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmaqdadır. Təbiidir ki, Prezidentin təşəbbüsü ilə görülən bu işlər bütövlükdə Azərbaycan ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanmaqdadır”.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da Prezidentin dilimizin saflığının qorunması ilə bağlı verdiyi fərmanı çox yüksək qiymətləndirib. Baş redaktor hesab edir ki, dillə bağlı çox ciddi problemlər var. Həm televiziyada, həm radioda, həm də yeni media adlandırdığımız saytlarda bu problemi görmək mümkündür: 

"Ancaq bu problemləri klassik media nümunələrinə o qədər də şamil etmək olmaz. Çünki yazı media nümunələri bir o qədər də diqqət cəlb eləmir. Saytlar informasiyanı tez ötürmək baxımından kifayət qədər dil qüsurlarına, ifadə, üslub yanlışlıqlarına, orfoqrafiq səhvlərə yol verirlər”.
Baş redaktor məmurların dilində də kifayət qədər problemlərin olduğunu vurğulayıb: "Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə bağlı aktlarda kifayət qədər səhvlər var. Bu baxımdan düşünürəm ki, prezidentin verdiyi sərəncam yerindədir. Reklam afişalarında, lövhələrində və çarxlarında zaman-zaman dilimizin bərbad hala salınmasının şahidi oluruq. Dil millətin sərvətidir. Bu sərvət bizə ulularımızdan, babalarımızdan əmanətdir. Dil heç kəsin inhisarında ola bilməz. Milləti formalaşdıran bir neçə faktor var. Həmin faktorlardan biri də dildir. Dilimizi qorumaq və gələcəyə ötürmək lazımdır. Qloballaşan, kiçilən dünyada milləti gələcəyə ötürən, milləti formalaşdıran bu dili qorumağa borcluyuq”.

Akif Aşırlının sözlərinə görə, media nümayəndələri, xüsusən də yazıçılar, şairlər, dil mütəxəssisləri bu məsələnin üzərində ciddi düşünməlidir:

"Eyni zamanda, məmurların dili, onların verdiyi müsahibələr, televiziyalardakı çıxışları ciddi monitorinq olmalıdır. Çox təəssüf ki, Dilçilik İnstitutu, ayrı-ayrı dil mərkəzləri ancaq televiziyaların, aparıcıların, medianın dilində qüsur axtarmağa çalışır. Məmurların dili ilə məşğul olmurlar. Qanunvericilik aktlarımızı oxuyanda onların çoxunu başa düşmək olmur. 

Çünki əksəriyyəti ayrı-ayrı ölkələrin, məxsusi olaraq Rusiya qanunvericilik aktlarının tərcüməsidir. Tərcümələr də normal olmalı, anlaşılmalıdır”. "Şərq” qəzetinin baş redaktoru hesab edir ki, həmin terminlərin Azərbaycan dilində qarşılığı tapılmalıdır: "Bəzən deyirlər ki, Azərbaycan dilinin imkanları fikri düzgün ifadə etməyə imkan vermir. Düşünürəm ki, həmin insanlar Azərbaycan dilinin incəliklərini bilmirlər. Bilmədikləri üçün öz savadsızlıqlarını bu cür ifadə edirlər. Onlar Azərbaycan dilini, klassik ədəbi nümunələrimizi bilsələr belə deməzlər. 

Bu dildə biz Aristoteli, Platonu ifadə etmişiksə, çox incə, fəlsəfi ideyaları, Nizami kimi böyük şəxsiyyətlərin fikirlərini, ifadə edən insanlarımız varsa, biz nədən 21-ci əsrdə dilimizin kasadlığı barədə giley-güzar edirik?! Ona görə də düşünürəm ki, cənab Prezident zamanında doğru və düzgün addım ataraq, hər zaman olduğu kimi Azərbaycan dövlətini, dövlətçiliyimizi, milli maraqlarımızı üstün tutaraq belə bir qərar qəbul edib. Ən əsası, məmurların dili gündəmə gəlməlidir. Ayrı-ayrı nazirliklərdə yazışmalar, kargüzarlıq işinin monitorinqi də aparılmalıdır”.

(Davamı var)

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17