2018-11-08 12:24:00   |   146 dəfə oxunub

“Reklam lövhələri və çarxlarında dilimizin bərbad hala salınmasının şahidi oluruq” – Akif Aşırlı



"Prezidentin dilimizin saflığının qorunması ilə bağlı verdiyi fərmanı çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, dillə bağlı çox ciddi problemlər var. Həm televiziyada, həm radioda, həm də yeni media adlandırdığımız saytlarda bu problemi görmək mümkündür. Problemlər kifayət qədərdir. Ancaq bu problemləri klassik media nümunələrinə o qədər də şamil etmək olmaz. Çünki yazı media nümunələri bir o qədər də diqqət cəlb eləmir”.

Bunu hafta.az-a açıqlamasında "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib. Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmana münasibət bildirən Akif Aşırlının sözlərinə görə, saytlar informasiyanı tez ötürmək baxımından kifayət qədər dil qüsurlarına, ifadə, üslub yanlışlıqlarına, orfoqrafiq səhvlərə yol verirlər. Baş redaktor məmurların dilində də kifayət qədər problemlərin olduğunu vurğulayıb: 

"Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə bağlı aktlarda kifayət qədər səhvliklər var. Bu baxımdan düşünürəm ki, prezidentin verdiyi sərəncam yerindədir. Reklam afişalarında, lövhələrində və çarxlarında zaman-zaman dilimizin bərbad hala salınmasının şahidi oluruq. Dil millətin sərvətidir. Bu sərvət bizə ulularımızdan, babalarımızdan əmanətdir. Dil heç kəsin inhisarında ola bilməz. Milləti formalaşdıran bir neçə faktor var. Həmin faktorlardan biri də dildir. Dilimizi qorumaq və gələcəyə ötürmək lazımdır. Qloballaşan, kiçilən dünyada milləti gələcəyə ötürən, milləti formalaşdıran bu dili qorumağa borcluyuq”.

Akif Aşırlının sözlərinə görə media nümayəndələri, xüsusən də yazıçılar, şairlər, dil mütəxəssisləri bu məsələnin üzərində ciddi düşünməlidir: 

"Eyni zamanda, məmurların dili, onların verdiyi müsahibələr, televiziyalardakı çıxışları ciddi monitorinq olmalıdır. Çox təssüf ki, Dilçilik İnstitutu, ayrı-ayrı dil mərkəzləri ancaq televiziyaların, aparıcıların, medianın dilində qüsur axtarmağa çalışır. Ancaq bu işlə məşğul olublar. Məmurların dili ilə məşğul olmayıblar. Qanunvericilik aktlarımızı oxuyanda onların çoxunu başa düşmək olmur. Çünki əksəriyyəti ayrı-ayrı ölkələrin, məxsusi olaraq Rusiya qanunvericilik aktlarının tərcüməsidir. Bu tərcümə də normal olamalıdır. Anlaşılmalıdır”.

"Şərq” qəzetinin baş redaktoru hesab edir ki, həmin terminlərin Azərbaycan dilində qarşılığı tapılmalıdır

"Bəzən deyirlər ki, Azərbaycan dilinin imkanları fikri düzgün ifadə etməyə imkan vermir. Düşünürəm ki, həmin insanlar Azərbaycan dilinin incəliklərini bilmirlər. Bilmədikləri üçün öz savadsızlıqlarını bu cür ifadə edirlər. Onlar Azərbaycan dilini, klassik ədəbi nümunələrimizi bilsələr belə deməzlər. Baxarlar ki, bu dildə biz Aristoteli, Platonu ifadə etmişiksə, çox incə, fəlsəfi ideyaları Nizami kimi böyük şəxsiyyətlərin fikirlərini, ifadə edən insanlarımız varsa, biz nədən 21-ci əsrdə dilimizin kasadlılığı barədə giley-güzar edirik?! Ona görə də düşünürəm ki, cənab prezident zamanda doğru, düzgün addım ataraq, hər zaman olduğu kimi Azərbaycan dövlətini, dövlətçiliyimizi, milli maraqlarımızı üstün tutaraq belə bir qərar qəbul edib. Ən əsası, məmurların dili gündəmə gəlməlidir. Ayrı-ayrı nazirliklərdə yazışmalar, kargüzarlıq işinin monitorinqi də aparılmalıdır”.

Qeyd edək ki, bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman verdi. Ekspertlər hesab edir ki, prezidentin bu fərmanı olduqca diqqətə layiqdir. Belə ki, bu fərman mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların və pozuntularının aradan qaldırılması məqsədi daşıyır.






SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16