2018-11-08 13:44:40   |   119 dəfə oxunub

Vaşinqton İran prosesinə başlayıb

Əsas hədəf daxildə kütləvi etiraz aksiyalarına nail olmaq, hakimiyyətə müqaviməti artırmaqdır

Sanksiyaların təsirindən ağırlaşan sosial problemlər, inflyasiya, milli valyutanın dəyərdən düşməsi nəticəsində əhali fasiləsiz etirazlara başlaya bilər



ABŞ İranın neft sektoruna qarşı sanksiyalar tətbiq edib. Budəfəki sanksiyaların Tehranın neft ixracına ciddi təsir göstərəcəyi iddia edilir. Lakin rəsmi Tehran sanksiyaların İrana təsir etməyəcəyini, neft satışına bundan sonra da davam ediləcəyini bəyan edib. Məlumat üçün bildirək ki, 5 noyabr sanksiyalarında İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışına beynəlxalq məhdudiyyətlərin qoyulması nəzərdə tutulur.

Amerikanın İrana qarşı tətbiq etdiyi ən sərt sanksiyaları "Şərq”ə şərh edən "Sülh və Münaqişələrin Həlli” Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, sanksiyaların ikinci dalğası cənub qonşumuzun neft-qaz satışını məhdudlaşdırmaqla ölkədə iqtisadi-sosial, ən əsası siyasi problemlərə yol açacaq:

 "Vaşinqtonun əsas siyasi hədəfi İran daxilində kütləvi etiraz aksiyalarına nail olmaq, hakimiyyətə müqaviməti artırmaq, rejimi dəyişməkdir. Yaxud da İranı təslimçi nüvə müqaviləsinə imza atdırmaqdır. Ağ Ev iki hədəfindən birinə nail olmadığı müddətcə İrana qarşı sərt siyasətdən geri çəkilməyəcək. Sanksiyaların təsirindən ağırlaşan sosial problemlər, inflyasiya, milli valyutanın dəyərdən düşməsi nəticəsində əhali fasiləsiz etirazlara başlaya bilər. Əgər belə olarsa Tehran rejimi nümayişlərin qarşısını ala bilməyəcək. Bu iğtişaşlar silahlı qarşıdurmaya yol açar, vətəndaş müharibəsi alovlana bilər. Bu da sonda hakmiyyətin devrilməsinə gətirib çıxara bilər”. Ekspert bildirib ki, sanksiyaların məqsədi Vaşinqtonun Yaxın Şərq planının reallaşması istiqamətində İranı taktiki cəhətdən zəiflətmək, onun əl-qolunu bağlamaqdır: "Artıq Vaşinqton prosesə başlayıb. Siyasi hədəflərinə çatmaq üçün mümkün variantlardan istifadə edəcək. Vaşinqtonun İranı SVİFT sistemindən çıxarması ölkənin maliyyə sistemində ciddi böhrana yol açacaq. Bu da bank sistemini, beynəlxalq maliyyə əməliyyatlarını çətinləşdirəcək. Bir məsələni qeyd edim ki, sanksiyalar ciddi böhrana gətirib çıxararsa, neft satışında problemlər ortaya çıxarsa, İran Yəməndə Husilər vasitəsi ilə Səudiyyə Ərəbistanın neft-qaz yataqlarına raket zərbələri endirəcək. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin neft-qaz infrastrukturunu hədəfə alacaq. Bu da regionda Yəmən müharibəsinin miqyasının genişlənməsinə gətirə bilər. Problemlərin tez bir zamanda inkişaf etməməsi üçün Vaşinqton 8 ölkənin İrandan neft alışına bir qədər yaşıl işıq yandırıb. Bir müddətdən sonra 8 ölkə neft alışını dayandırarsa, körfəzdə müharibə alovlana bilər. Hazırda bu sanksiyalara görə, İran hakimiyyət strukturlarında ciddi fikir ayrılıqları ortaya çıxıb. İranın xarici işlər naziri Cavad Zərif ABŞ-la danışıqların aparılmasının tərəfdarıdır. Bunu dəstəkləyənlər də var. Digər qrup isə mühafizəkar baxışlıdır və axıra kimi bu xətti qorumağı tələb edir. Sanksiyalar İran rejimini daxildən parçalamağa doğru aparacaq”.

Siyasi şərhçi bəyan edib ki, sanksiyalardan sonra İran əhalisi Fələstində "Həmasa", Livanda "Hizbullaha", Yəməndə Husilərə vəsait ayrılmasına etiraz edəcək:

 "Bundan əlavə, İranın silahlı birləşmələrə vəsait ayırmağa maliyyəsi olmayacaq. Çox güman ki, İran Rusiyadan hərbi təşkilatların maliyyələşdirilməsini xahiş edəcək. Əgər rəsmi Tehran Körfəzdə neft daşınmasının qarşısını almaq üçün boğazı bağlamağa cəhd edərsə, bu, regional müharibəyə gətirib çıxaracaq. İrana tətbiq edilən sanksiyalar Azərbaycana ciddi təsir etməsə də, İranla birgə müəssisələrə və ortaq layihələrə təsir edəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17