2018-11-08 13:49:40   |   109 dəfə oxunub

Xaricilər Azərbaycanda təhsil almağa maraqlıdır

Əcnəbilərin ölkəmizdə oxumasını təmin etmək bizim üçün sərfəlidir

"Xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil almasında əlçatımlığın təmin olunması, onların aldadılma hallarının aradan qaldırılması üçün mərkəzləşdirilmiş internet resursu formalaşdırmaq lazımdır"



İraq səfirliyi ölkə vətəndaşlarını təhsil adı ilə aldadaraq Azərbaycana gətirən şəxslə bağlı bəyanat yayıb. İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli deyib ki, Yusif əl-Haşimi adlı şəxs 40-a yaxın iraqlı tələbənin hər birindən 5000 ABŞ dolları alaraq onları Azərbaycanda Tibb Universitetinə yerləşdirəcəyini deyib və nəticədə yalnız dil kurslarına yerləşdirib. İraqlı rəsmi qeyd edib ki, həmin tələbələrdən bir qismi səfirliyin vasitəsilə yenidən təhsil haqqı ödəmək müqabilində universitetə yerləşdirilib. Diplomatın sözlərinə görə, bu hadisələrdən sonra həmin şəxsə İraq Təhsil Nazirliyi tərəfindən verilən lisenziya ləğv edilib, nəticədə o, səfirliyə hücum edib: 

"Səfirliyin müraciəti ilə həmin şəxs polis tərəfindən iki günlük həbs edilib. Daha sonra həmin şəxs İraqdan jurnalistin Azərbaycana gəlməsini təşkil edərək şəxsən səfirlə bağlı doğru olmayan reportaj yayımlayıb". Səfirlik həmin jurnalist və tələbə təşkili ilə məşğul olan hər iki şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Bəllidir ki, Azərbaycanda bu işlə məşğul olan başqa qruplaşmalar da var. Çünki son dönəmlər aldadılaraq Azərbaycana gətirilən xarici vətəndaşlar arasında - ərəb, pakistanlı, afrikalı və başqa millətin nümayəndələri çoxalmaqdadır. Ekspertlər bunu ciddi problem kimi dəyərləndirir, həm də Azərbaycan təhsili üçün zərərli hesab edirlər.

Məsələni "Şərq”ə dəyərləndirən təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda əcnəbi vətəndaşların təhsil alma hüququ Nazirlər Kabinetinin 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş 56 nömrəli əsasnamə ilə tənzimlənir. Həmin əsasnaməyə əsasən, Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlamalıdırlar: 

"Məhz bu məqsədlə Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə 17 ali məktəbdə Hazırlıq fakültələri, şöbələri və mərkəzləri fəaliyyət göstərməkdədir. Təəssüflər olsun ki, xarici ölkələrdə Azərbaycanda təhsil almaq istəyənlərə bir çox hallarda düzgün xidmət göstərilmir və onlar həm yerli, həm də xarici təhsil xidmətləri göstərən şirkətlər tərəfindən aldadılırlar. Təhsil Xidmətləri Araşdırma Mərkəzi olaraq apardığımız araşdırma və əldə etdiyimiz statistikaya əsasən, bu tədris ilində ali məktəblərimizdə 63 xarici ölkədən tələbə oxuyur. Hazırda ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 63 xarici ölkədən 4 min 238 nəfər vətəndaş təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin vətəndaşları üstünlük təşkil edirlər. 2018-2019-cu tədris ilində ölkəmizdə təhsil alan əcnəbilərin sayı 5 min 500 nəfərdən çoxdur. Xarici tələbələr isə hansısa ölkədəki universiteti seçərkən ilk öncə universitetlərin beynəlxalq reytinqini nəzərdən keçirirlər. Buna görə, Azərbaycan təhsil müəssisələrinin keyfiyyəti həm daxildən, yəni dövlət tərəfindən, həm də xaricdən qiymətləndirilməlidir.

Hesab edirəm ki, xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil almasında əlçatımlığın təmin olunması, eyni zamanda onların aldadılma hallarının aradan qaldırılması üçün mərkəzləşdirilmiş internet resursu formalaşdırmaq lazımdır.

İstənilən xarici ölkə vətəndaşı o portal vasitəsi ilə birbaşa universitetə qəbul prosedurunu həyata keçirə bilməlidir. Çünki vahid sistem olmasa, biz xarici ölkə vətəndaşlarını cəlb edə bilməyəcəyik və bu prosesdə neqativ hallar olacaq”.

Ekspertin sözlərinə görə, Azərbaycan universitetləri xarici ölkələrdə təhsil sərgiləri hazırlamalı, o ölkələrdə özlərinin reklamını, xidmətlərini həyata keçirməlidilər:

 "Təbii ki, universitetlər ilk olaraq təhsil prosesində ciddi keyfiyyət dəyişikliyi etməlidir. Bu olmadığı halda universitetlərimiz özlərini təbliğ etsələr belə, universitetə gələn xarici tələbələr təhsilin aşağı səviyyədə olduğunu gördükdən sonra bu təbliğatın heç bir əhəmiyyəti olmayacaq. Bir sözlə, daha çox əcnəbi tələbəni Azərbaycana cəlb etmək üçün ilk növbədə, təhsil sisteminin keyfiyyətini qaldırmaq lazımdır. Məsələn, təhsil sistemi tam demokratikləşməlidir ki, inkişaf etsin. İkincisi, Boloniya sisteminə keçid sürətləndirilməli və səmimi xarakter daşımalıdır. Üçüncüsü, universitetlərin tələbə və müəllim heyətinin mobilliyi artırılmalıdır. Belə ki, tələbə və müəllimlərin xarici ölkələrdə təcrübə mübadiləsi sürətləndirilməlidir. Düşünürəm ki, Təhsil Nazirliyi xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil almasında daha çox maraqlı olmalıdır. Onların ölkəmizdəki universitetlərə problemsiz qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirməlidir”.

K.Əsədov hesab edir ki, bu gün Azərbaycanda əcnəbi tələbələrin təhsili Təhsil Nazirliyinin beynəlxalq əlaqələrinin prioritet istiqamətlərindən birinə çevrilməlidir: 

"Xarici ölkə vətəndaşlarının təhsilə cəlb olunması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, bu sahədə kifayət qədər ciddi rəqabət mövcuddur. Hər bir ölkənin ali təhsil müəssisələri daha çox əcnəbi tələbənin cəlb olunmasında maraqlıdırlar. Amma bizdə bu sahədə ciddi problemlər mövcuddur. Qısa müddətdə qəbul qaydaları sadələşdirilməli və mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19