2018-11-08 13:53:49   |   122 dəfə oxunub

Tonoyan yalan danışır

Azərbaycan tərəfi dəfələrlə Ermənistana əsir və girovlarla bağlı çağırış edib



Ermənistan müdafiə naziri vəzifəsinin icraçısı, Əsir və girovlarla bağlı Dövlət Komissiyasının sədri David Tonoyan Azərbaycan tərəfinin əsirlərin dəyişdirilməsinə dair təklifi barədə mətbuatdan oxuduğunu və rəsmi təklif almadıqlarını bildirib. 

Lakin Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası düşmən tərəfin iddiasını çürüdüb. Komissiya bəyan edib ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə məktub ünvanlanıb. 

Həmin məktubda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanması təklif edilib. BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib. Lakin düşmən ölkənin məlum qurumu bundan imtina edib.

Ermənistan rəsmisinin sərsəm açıqlamasını "Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistana əsir və girovlarla bağlı çağırış edib: 

"Rəsmi Bakı bildirib ki, hər iki tərəfdə olan əsir və girovlar qarşılıqlı surətdə dəyişdirilə bilər. Amma düşmən ölkənin rəsmiləri iddia ediblər ki, guya, onlarda heç bir əsir və ya girov yoxdur. Məsələ gündəmə gələn kimi erməni tərəfi müzakirələrdən boyun qaçırır. Ermənistan rəsmiləri yanlış məlumatlar verməklə dünya ictimaiyyətini aldatmağa çalışırlar. Əslində Azərbaycan tərəfi humanist addım ataraq ermənilərə əsir və girovların dəyişdirilməsi təklifini irəli sürür. Ermənistanda bir az da olsa ayıq başla düşünən adam varsa, bu təklifə razılıq verməlidirlər. Çünki müharibənin də öz qanunları var. Təəssüflər olsun ki, düşmən ölkə hər zaman əlindəki əsir və girovlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə ediblər”.

A.Nağı bəyan edib ki, Ermənistan nümayəndələri uydurma açıqlamaları ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə qarşı da təxribat edirlər və qurumun işini kölgə altına alırlar: 

"O səbəbdən ilk növbədə Komitə özü İrəvan hökuməti ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməlidir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16