2018-11-08 14:04:01   |   104 dəfə oxunub

Statistika Komitəsi aydınlıq gətirdi

Son illər 18 yaşadək nikaha daxil olan qızların sayı azalıb



Bu günlərdə erkən nikahlarla bağlı qəzetimizdə "Statistika Komitəsi aydınlıq gətirməlidir” başlıqlı yazıya cavab da gecikmədi. Belə ki, erkən nikahlarla bağlı yazıda "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayevanın statistika ilə bağlı söylədiyi fikirlər adıçəkilən qurum tərəfindən cavablandırıldı. Ülkər Abdullayevanın sözlərinə görə, erkən nikahlarla bağlı Statistika Komitəsi rəsmi açıqlama verərək bəzi açıq suallara aydınlıq gətirməlidir. Yazı dərc olunandan dərhal sonra "Şərq”ə Dövlət Statistika Komitəsindən rəsmi açıqlama gəldi. Komitənin Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev qəzetimizlə əlaqə saxlayaraq "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədrinin eyhamını cavabsız qoymadı: 

"İlk növbədə onu qeyd edək ki, Dövlət Statistika Komitəsində erkən nikahlarla bağlı statistika müşahidəsi aparılmır. Erkən nikahlara dair məlumatları yalnız sorğu aparmaq yolu ilə əldə etmək mümkündür. Statistika Komitəsinin təqdim etdiyi statistik rəqəmlər isə yalnız Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınmış rəsmi nikaha daxil olmanı səciyyələndirir. Qeyd etmək lazımdır ki, qəzetdə dərc olunan son 28 ilin statistik göstəriciləri iki mərhələyə bölünməlidir. Belə ki, 2012-ci ilədək müvafiq qanunvericiliyə görə nikaha daxil olma yaşı qızlarda 17, oğlanlarda isə 18 yaş olub. 

Yalnız üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox (qızlarda 16, oğlanlarda isə 17 yaş) olmayaraq azaldılmasına icazə verə bilər. 1990-2011-ci illər ərzində 18 yaşadək rəsmi nikaha daxil olan qızların sayı 75 min 977 nəfər təşkil edib və bu da hər il orta hesabla 3453 qızın nikaha daxil olması deməkdir.

 Lakin 2012-2017-ci illərdə vəziyyət bir qədər dəyişmiş oldu. Belə ki, Ailə Məcəlləsinə edilmiş müvafiq dəyişikliklərdən sonra nikaha daxil olma yaşı qızlar və oğlanlar üçün 18 yaş müəyyən edilib, üzrlü səbəblər olduqda isə icra hakimiyyəti orqanlarının icazəsi ilə bu yaş hər iki cins üçün bir ildən çox olmayaraq azaldıla bilər. Statistik rəqəmlərə görə, 2012-2017-ci illərdə 18 yaşadək rəsmi nikaha daxil olan qızların sayı 2 min 20 nəfər təşkil edib. 

Deməli, hər il orta hesabla 337 nəfər qız rəsmi nikaha daxil olub. Bu onu göstərir ki, son illər 18 yaşadək nikaha daxil olan qızların sayı azalıb. Eyni zamanda bildirirəm ki, yuxarıda qeyd olunan nikahların sayına dair statistik məlumatlar erkən nikah kimi səsləndirilə bilməz. Erkən nikah o halda adlanır ki, nikaha daxil olma halları müvafiq qanunla müəyyən edilmiş yaşdan tez baş versin".

İlahə







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19