2018-11-08 14:05:40   |   118 dəfə oxunub

Təhsil ekspertləri hiddətləndi

Maliyyə nazirinin ölkədəki universitetlərə etimadı yoxdur

"Son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub"



Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov dövlət hesabına ali təhsil alanların sayını artırmaq üçün əlavə vəsait ayrılacağını deyib. Ölkədə dövlət hesabına ali təhsil alan gənclərin xüsusi çəkisinin azaldığını vurğulayan nazir hesab edir ki, bu azalmanın qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq.
Maliyyə naziri 2019-cu ilin büdcə müzakirələri zamanı tələbələrə kreditlərin verilməsinə qarşı çıxıb. Nazir bildirib ki, tələbə krediti alanların gələcəkdə həmin vəsaiti geri qaytarması sual doğurur.
Ölkənin maliyyə qurumuna rəhbərlik edən rəsmi şəxsin bu cür çıxış etməsi cəmiyyətdə, xüsusən də tələbə zümrəsində birmənalı qarşılanmayıb.

Təhsil eksperti Kamran Əsədovun fikrincə, ödənişsiz təhsillə bağlı plan yerlərinin artırılması daha ciddi fəsadlar yarada bilər. Cari ildə ümumilikdə 45 min plan yerinin ayrıldığını xatırladan ekspert deyib ki, onun 32 mini ödənişli, 13 mini ödənişsiz idi. Hətta xeyli sayda boş qalan yerlər də oldu.
Nazirin təklifinin bir o qədər effektiv olmadığını deyən K.Əsədovun fikrincə, ödənişsiz yerləri artırmaqdansa, təhsil haqları aşağı salınsın: "Hazırda universitetlərdə olan təhsil haqları hədsiz dərəcədə yüksəkdir və reallığı əks etdirmir. Universitetlərin plan yerlərini və təhsil haqlarını Təhsil Nazirliyi müəyyən etmir. Təkliflər universitetlərdən gəlir və Nazirlər Kabineti təsdiq, Dövlət İmtahan Mərkəzi isə elan edir. Əslində dövlət ali təhsil müəssisələrində təhsil tamamilə pulsuz və ya cüzi ödənişlə olmalıdır. Hazırda 4 universitet publik hüquqi şəxsdir. Buna baxmayaraq, onlara dövlət büdcəsindən ciddi məbləğdə pul ayrılıb”.

Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbənin oxuduğunu vurğulayan K.Əsədov deyib ki, onların 70 faizi öz vəsaiti hesabına, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır:

"Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Maliyyə naziri Samir Şərifovun təhsil kreditlərinə qarşı çıxması düzgün yanaşma deyil. Nazir deyir ki, onlar ödəmək istəmirlər. Birincisi, Maliyyə Nazirliyi onların ödəmə imkanı olmadığı üçün konkret iş yerlərinin açılmasını təklif etməlidir. Tələbələrə kreditlərin verilməməsi konstitusiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir. ABŞ-da da tələbələr verilən kreditləri ödəmirlər. Amma ABŞ hökuməti günahı özündə görür ki, "mən o kredit verdiyimi işlə təmin edə bilməmişəm”.
Təhsil eksperti bu gün "Maarifçi” Kredit Fondu tərəfindən tələbələrə verilən kreditlərin az olduğunu qeyd edib: "Statistikaya əsasən, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, 1 və ya 2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina edib. Qardaş Türkiyədə də kredit sistemi mövcuddur və tələbələrə ciddi güzəştlər edilir. Kredit verilməsi məsələsinə yaxşı baxılmırsa, o zaman Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın. Çünki bu gün ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir”.

Təhsil eksperti Etibar Əliyev isə xarici təcrübəni misal çəkərək Boloniya bəyannaməsinə üzv olan ölkələrin 90 faizində tələbə kreditlərinin verildiyini deyib. Həmçinin ekspert bu kreditlərin çox kiçik - 1-3 faizlə verildiyini və uzunmüddətli olduğunu əlavə edib. Həmin ölkələrdə düşünürlər ki, kredit alan məzunların böyük hissəsi nə vaxtsa işlə təmin olunacaq və aldıqları kretitləri kiçik faizlə geri qaytaracaqlar.

Bizim maliyyə nazirinin açıqlaması isə onun bizim universitetlərə bel bağlamadığını göstərir: "Samir Şərifovun çıxışından belə bir nəticəyə gəlmək olar ki, ölkəmizin maliyyə qurumlarının başında duranların universitetlərimizə etimadı yoxdur. Hesab edirəm ki, tələbə kreditləri çox vacibdir. Bir müddət öncə "Maarifçi” Tələbə Kredit Fondu yaradıldı, amma ipoteka kreditlərinə oxşadı. Bu, ipoteka kreditlərinə oxşadığına görə, eyni zamanda faizləri yüksək olduğu üçün tələbələr ondan istifadə edə bilmədilər.

Bu gün Azərbaycanda tələbə yataqxanaları demək olar ki, yox səviyyəsindədir. Tələbələrin təhsil haqlarının ödənilməsində çətinlikləri var. Bu problemlərin aradan qaldırılması üçün birmənalı şəkildə tələbə kreditləri vacibdir. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Maliyyə naziri Samir Şərifov bunu anlaya bilmir.

Bu, bizim gələcək hədəfə doğru getməyimizdə müəyyən çətinliklər yaradacaq. Bizim qarşımıza qoyulan əsas hədəf insan kapitalına doğru getməkdir. Samir Şərifovun tələbə kreditlərinin əleyhinə çıxması, insan kapitalının formalaşmasında müəyyən çətinliklər yaradacaq”.
Ekspertin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bankların 4-5 ildən sonra geri qaytarılacaq kreditlərin verilməsinə dözümü yoxdur. Onların əksəriyyəti "soğan olsun, nağd olsun” prinsipi ilə işləyir.

Şəymən







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17