2018-11-08 14:08:07   |   95 dəfə oxunub

Az qaldı...

"Toplan"ın açılışı yanvar-fevral ayında olacaq

"Şəhərdə insanların həyatı üçün təhlükə yaradan itlər toplanıb həmin Mərkəzdə əməliyyat olunub peyvəndlənəcək"



Son vaxtlar paytaxtın mərkəzi küçələrində və Bakıətrafı kəndlərdə sahibsiz itlərin çoxalması müşahidə edilir. Hətta parklar belə çoxsaylı sahibsiz itlərin məskəninə çevrilib. Bu da vətəndaşların haqlı olaraq narahatlığına səbəb olur. Xüsusilə valideynlər hər an övladlarının təhlükə ilə üz-üzə qalmasından narahatdırlar.

Yaranan təhlükəli vəziyyətlə bağlı açıqlama verən Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov isə hazırda yeni bir layihə ilə əlaqədar olaraq belə heyvanlarla mübarizənin dayandırıldığını bildirib. İdarə rəisi deyib ki, layihə ilə əlaqədar olaraq yenidənqurma işləri görülür, yeni sığınacaq salınıb, pnevmatik və uyuşdurucu silahlar, xüsusi dərmanlar alınıb. Sahibsiz heyvanların sığınacağı üçün yaradılan bu mərkəzdə çoxsaylı yuvalar olacaq. Onun sözlərinə görə, ancaq layihə ilə bağlı görülən işlər yekunlaşdıqdan sonra yenidən sahibsiz itlərlə mübarizəyə başlanılacaq.

"Evsiz Heyvanların Müdafiəsi" İctimai Birliyinin sədri Leyla Əlizadə isə "Şərq”ə açıqlamasında deyib ki, "Toplan” Heyvanların İdarə Mərkəzinin açılışı ən gec yanvar-fevral aylarında olacaq: 

"Bizim İctimai Birlik Anar Süleymanovun könüllü dəstəyi ilə Sumqayıt şəhərində sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işlərini davam etdirir. Həm tüfəng, həm də dərmanlarla həmin şəxsi təmin etmişik ki, heyvanları tutub başqa ərazilərə buraxsınlar. 

Ancaq buna baxmayaraq yenə də itlərin güllələnərək öldürülməsi faktları ilə bağlı şikayətlər alırıq. Bu isə doğru deyil.
Bilirsiniz ki, "Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan "Toplan” Heyvanların İdarə Mərkəzi”nin açılması birbaşa Leyla Əliyevanın tapşırığı ilə baş tutub. Mərkəzin tam fəaliyyətə başlaması, Bakıda sahibsiz heyvanların rifahının təmin edilməsinə yönəlmiş tədbirlərin görülməsi məqsədilə vacib hazırlıq işləri aparılır. Balaxanıdakı köhnə sığınacağın yerində açılan bu Mərkəz müasir tələblərə cavab verir. Şəhərdə insanların həyatı üçün təhlükə yaradan itlər toplanıb həmin Mərkəzdə əməliyyat olunub peyvəndlənəcək. 

Daha sonra isə yenidən buraxılacaq. Əməliyyatdan sonra onların aqressiyası qalmır və tamamilə zərərsiz olur. Şəhərdə küçə heyvanlarının sayı həddindən çox olduğu üçün onların hamısının hər hansı bir sığınacaqda yerləşdirilməsi nə mümkün, nə də davamlı bir çıxış yoludur. Bu günə qədər biz işləri öz cibimizin pulu ilə həyata keçirirdik. Vaxtı ilə bir sıra dövlət qurumlarına layihələr təklif etsək də, qəbul edilmədi. Biz də məcburuq ki, təşkilat üzvləri arasında könüllü olaraq toplanan vəsaitlər hesabına küçə heyvanlarının bir qismini müxtəlif yerlərə toplayaraq saxlayırıq. Ancaq bütün şəhər üzrə insanları narahat edən, onların həyatına təhlükə yaradan itləri zərərsizləşdirmək bizim imkanlarımız xaricindədir. Bu baxımdan Leyla Əliyevanın təşəbbüsü ilə evsiz heyvanlar üçün respublikada böyük mərkəzin tikilməsi təqdirəlayiq haldır”.

Sözügedən Mərkəzin açılışından sonra sahibsiz itlərlə bağlı təhlükənin tamamilə aradan qalxıb-qalxmayacağına gəldikdə isə L.Əlizadə deyib ki, bunun üçün illər lazımdır: 

"Bizim insanlarda küçə itlərinə qarşı həddindən artıq aqressiya var. Onu öldürəndə belə iynəylə yox, xüsusi amansızlıqla öldürürlər. Hətta diri-diri yandıranlar belə olur. Biz insanları başa sala bilmirik ki, köməksiz itlərlə çox qəddarcasına davranıb, onları incitmək olmaz. Bəzən bu hadisəni paytaxt sakinlərinin gözü qarşısında törədirlər”.

Şəymən







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19