2018-11-08 14:12:59   |   89 dəfə oxunub

"Mən də belə bədbəxtəm"

Əli Mirəliyev: "Görəndə ki, oxuyanın səsi yoxdur, məcbur olub meymun kimi oynayıram"

"Çünki ora gələnlərin əksəriyyətinin səsi yoxdu, amma aparıcı kimi bunu desəm, o verilişə kim gələr? Qonaq pulunu ödəyib verilişə gəlir ki, tanınsın"



Müğənni Əli Mirəliyev aparıcısı olduğu «Səhər-səhər» verilişindən uzaqlaşdırılıb. Mətbuatda gedən məlumatlara görə, Əli Mirəliyev verilişdən uzaqlaşdırılmasının səbəbkarı olaraq Elgizi suçlayıb.
Söz-söhbətlərə aydınlıq gətirmək üçün Əli Mirəliyevlə əlaqə yaratdıq. O, «Şərq»ə açıqlamasında efirdən getməsinin Elgizlə heç bir əlaqəsi olmadığını dilə gətirdi:

 «Mənim efirdən getməyimin Elgizlə heç bir əlaqəsi yoxdur. Mətbuatda mənim dilimdən yalan yazılır. Belə bir açıqlamanı heç bir jurnalistə verməmişəm. Elgiz kimdir ki, məni verilişdən uzaqlaşdırsın? O da mənim kimi aparıcıdır. Elgiz kanal rəhbəri deyil ki, səlahiyyət sahibi olsun. Nə də məni o verilişə Elgiz təyin edib ki, getməyimdə də sözü keçərli olsun. ARB kanalının rəhbərliyindən dəvət almışam. Maraqlı olmuşam, ona görə də dəvət ediblər. Mən müğənniyəm, bu başqa. Amma 2 ildir eyni zamanda aparıcı kimi də çalışıram. Düşünürəm ki, verilişi pis də aparmırdım. Qaldı bu verilişdən getməyimə, əvvəl fərqli formatda idi, indi bir az dəyişikliklər oldu. 

Mən verilişdən getmişəm, ARB-dən getməmişəm. Kanalın hələ də rəsmi işçisiyəm. İnşallah, başqa bir verilişdə olacam. Mənim fanatlarım da iki gündür maraqlanırlar ki, niyə efirdə yoxam. Bu insanlar üçün maraqlıyam ki, zəng edirlər».

Əvvəllər daha çox müğənniləri tənqid edən, kəskin mövqedə olan Əli Mirəliyevin ARB kanalında aparıcı kimi fəaliyyətindən sonra dəyişməsi, verilişdə yeri gəldi-gəlmədi oynaması, digər hərəkətləri də tənqid olunmağa başlandı. Bu məsələyə də Əli Mirəliyevin açıqlaması oldu. «Bilirəm nə deməyə çalışırsız. Sözü hara gətirdiniz, anlaya bilirəm. Bəli, mən müğənni olduğum üçün musiqini gözəl bilirəm. Hansı müğənninin səsi var, yoxdu, oxuya bilir, ya yox, onu ayırd edə bilirəm. Əvvəllər də verilişlərdə bu tənqidlərimi rahatlıqla dilə gətirirdim. Amma aparıcı kimi fəaliyyətə başlayandan sonra bu tənqidlər azalıb. 

Yəqin bunu irad kimi söyləyirlər. Deyirlər Əli Mirəliyev verilişdə müğənninin ifasını tənqid etmir daha. Mən əvvəl sərbəst fikir bildirirdim. İndi verilişdə aparıcıyam. 

Gələn müğənnilər də qonağımdı. Mən qonağa qarşı bu qədər tənqidi mövqedə dayana bilmərəm. Məlumdur ki, kanal özəl olduğu üçün ora gələn müğənnilərin də böyük əksəriyyəti ödənişlə dəvət olunur. Yəni verilişə gələrkən məbləğ ödəyirlər. Ona görə də bir çox müğənnilər ki var, onları tənqid etməliyəm, məcbur qalıb susuram. Oxuyanda inanın dəli oluram ki, bu, oxumaq deyil axı. Amma neyləyim, susmağa məcbur qalıram. Susa bilməyəndə də başlayıram oynamağa. Onda da deyirlər ki, Əli Mirəliyev meymun kimi ortalığa düşür. Hirsimdən meymunluq edirəm ki, danışmayım. Çünki ora gələnlərin əksəriyyətinin səsi yoxdu, amma aparıcı kimi bunu desəm, o verilişə kim gələr? Qonaq pulunu ödəyib verilişə gəlir ki, tanınsın. O pul vermir ki, aparıcı onu tənqid etsin. Elə oxuyanlar olur ki, eşidirəm, ürəyim partlayır, amma susmağa məcbur oluram. Neyləməliyəm?

Mən kefimdən ortaya düşüb dəli kimi oynamıram ki? Diqqətlə baxan olursa, hiss edir ki, yaxşı ifa eşidəndə gözlərim işıldayır

Amma görəndə ki, oxuyanın səsi yoxdu, "bəh-bəh" deyib səhnəyə dəvət edilir, onda çarəsizlikdən dilim sussun deyə ayağım, əlim danışır. Mən etirazımı elə meymun kimi ortalığa düşüb oynamaqla çatdırmağa çalışıram. Əslində oynamıram, sitəm edirəm. Məni yəqin ki, başa düşə bildiniz. İnanın ki, bunu dilə gətirmək də mənim üçün çətindi. Səhnədə keyfiyyətsiz musiqi eşidəndə elə bilirəm söyürlər məni. Neyləyim ki, mən də belə bədbəxtəm».

Tahirə








SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19