2018-11-08 14:21:42   |   108 dəfə oxunub

Köçkünlər özlərinə iş tapacaq

Cocuq Mərcanlıda suvenir fabrikinin açılması müsbət hadisədir



Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində suvenir fabrikinin tikildiyini deyib. Onun sözlərinə görə, bu layihə Türkiyənin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyinin (TIKA) təşəbbüsüdür.

Səfir bildirib ki, hazırda TIKA-nın həyata keçirdiyi işlər çərçivəsində kənd ərazisində istixanalar və arıçılıq təsərrüfatları yaradılıb: "Bunlarla paralel olaraq suvenir fabrikinin tikintisi davam edir. Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi ilə Türkiyə səfirliyinin birgə layihələri çərçivəsində Cocuq Mərcanlıda 15 istixana quraşdırılıb. Bundan başqa, 15 ailəyə 10 arı ailəsi və müxtəlif arıçılıq avadanlıqları verilib”.

Cocuq Mərcanlının iqtisadi baxımdan inkişafı göz qabağındadır. Bölgədə əhalinin məşğulluğunun təmin edilməsi, müxtəlif istehsalat fabriklərinin tikilməsi yeni iş yerlərinin açılmasına imkan verir.

İqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə açıqlamasında bildirib ki, yeni azad olunmuş və neçə il erməni separatçılarının işğalı altında olan torpaqlarımızda belə tədbirlərin görülməsi həm iqtisadi, həm də ideoloji baxımdan müsbətdir:

 "Şübhəsiz ki, işğal altında olan torpaqlarımız gələcəkdə azad olunduqdan sonra dövlətimiz tərəfindən xüsusi diqqətdə qalacaq. Cocuq Mərcanlıda müəyyən istehsalat fabriklərinin açılması və məşğulluğun təmin edilməsi stimullaşdırıcı haldır. Çünki əslən Cocuq Mərcanlıdan olan və Bakıda yaşayan insanlar var. Onlar üçün yeni iş yerlərinin açılmasına müəyyən şərait yaradılıb. 

Suvenir fabrikinin tikintisi də ilk növbədə məşğulluğun təmin edilməsinə, iqtisadi baxımdan canlanmaya imkan verəcək. Bu hadisənin mikroiqtisadi səviyyədə xüsusi çəkisi var. Qeyri-neft sektorunun inkişafı üçün də şərait yaranacaq. Görün baş verənlərdə nə qədər müsbət əmsal var. Bunlar həm siyasi-ideoloji, həm də iqtisadi cəhətdən səmərəlidir”.

Yeganə Bayramova








SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17