2018-11-08 14:24:12   |   100 dəfə oxunub

Qrip qapımızdadır

Gürcüstanda yayılan virusun ölkəmizə keçmək ehtimalı böyükdür



Gürcüstanda kəskin qrip epidemiyasının yayılma təhlükəsi var. Bu barədə Gürcüstanın Yoluxucu Xəstəliklərə Nəzarət Departamenti əhaliyə xəbərdarlıq edib.

Xəbərdarlıqda dekabrın sonlarında ölkədə qrip virusunun güclü yayılma tendensiyasının olacağı bildirilir. Departamentin rəhbəri Xatuna Zaxaşvili deyib ki, hazırda Gürcüstanda zökəm törədən rinovirus yayılıb. İlin sonunda isə qrip virusunun yayılma təhlükəsi çox böyükdür.

Əhalini qrip əleyhinə peyvənd olunmağa çağıran X.Zaxaşvili bildirib ki, ölkə ərazisində yayılan infeksiyalardan qorunmayacaqları təqdirdə insanlar daha kəskin xəstəliklərə düçar ola bilərlər.
Gürcüstanla daim miqrasiya durumunda olduğumuz üçün ölkəmizdə də kəskin qrip epidemiyasının yayılma təhlükəsi ola bilər.

 Tibb elmləri doktoru, professor Adil Qeybulla da "Şərq”ə açıqlamasında Gürcüstandakı qrip epidemiyasının ölkəmiz üçün keçərli ola biləcəyini vurğulayıb. Professor müxtəlif karantin infeksiyalarının olduğunu deyib. 

Bunlar vəba, taun, sarı qızdırma və təbii çiçəkdir: "Təbii çiçək artıq professional səviyyədə aradan qaldırılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliyin aradan qaldırıldığını elan edib. Hazırda isə təbii çiçəyi qrip infeksiyası əvəz edir. Qrip ildə bir dəfə kəskin şəkildə peyda olur. ÜST bu zaman dünyada qripin hansı formasının yayılması ilə bağlı anons verir. Gürcüstanda qrip epidemiyası yayılıbsa, deməli ölkəmizdə də yayılacağı mümkündür. Çünki biz Gürcüstanla daim miqrasiya vəziyyətindəyik. Qrip böyük bir arealı, qitəni və materiki əhatə edir. Hava damcı yolu ilə keçən infeksiya olduğu üçün qrip infeksiyası asanlıqla bizim ölkəmizə də keçə bilər”.

Professor bildirib ki, belə şəraitdə əhali maarifləndirilməlidir

"Çünki qrip müxtəlif formada təzahür edə bilər. Məsələn, zamanında Hindistanda yayılan qrip milyonlarla insan tələfatına səbəb olmuşdu. Hər halda insanlar qidalanmasına, immun sisteminin möhkəmlənməsinə, geyimlərinə ciddi fikir verməlidirlər. Yaxşı olar ki, maskalardan da istifadə olunsun”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19