2018-11-08 15:09:34   |   148 dəfə oxunub

"Yük maşınlarına nəzarətin gücləndirilməsi tıxacın qarşısını qismən alacaq" - Açıqlama



Bakı şəhərının mərkəzinə ağır tonnajlı yük maşınlarının girişinə gündüz saatlarında qadağa qoyulub. Amma aparılan araşdırmalar göstərir ki, bir çox hallarda bu qadağaya məhəl qoyulmur. Paytaxt yollarında bu avtomobillərə günün istənilən vaxtlarında rast gəlmək mümkündür.

Qeyd edək ki, yaranan boşluqları aradan qaldırmaq məqsədi ilə aidiyyatı qurum
qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilməkdədir.
Qadağa saatlarında yük maşınlarının şəhərin küçələrində hərəkətini tamamilə məhdudlaşdırmaq məqsədi ilə Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıracaq.
Mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq.

Bu da öz növbəsində yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratmasının qarşısını alacaq.
Noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilib.

1. Lökbatan dairəsi – Xocahəsən yolu-Sulutəpə qəsəbəsi – Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) – Mehdiabad yolu - Balaxanı yolu – Zabrat - Maştağa yolu - Albalılıq yolu – Mərdəkan yolu – Şüvəlan yolu-Qala yolu-Türkan yolu - Pirallahı yolu - Hövsan yolu-Suraxanı - Yeni günəşli - Gen. Mehmandarov küçəsi - Neapol dairəsi (Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yol - Hövsan;
2. Sumqayıt yolu – Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi-sola Baksol yolu – Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu – Taxta bazarı və əksinə;
3.Ə. Rəcəblidə geriyədönmə yeri, "Şır-şır” restoranının yanı, "Taxta” bazarı;
4."Çermet” körpüsünün altı, Z. Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən – Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) "Lukoil” YDnin yanında geriyədönmə yeri "Baku Steel Kompani” istiqamətində;
5.Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvəlan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndə, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli, Hövsan qəsəbəsi, Suraxanı qəsəbəsi.

Nəqliyyat üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, belə bir addımın atılması sürücülərin yol hərəkəti qaydalarına əməl etmələrinə mühüm töhfə olacaq:


"Yük avtomobillərinin qadağa saatlarında şəhərə daxil olması ilə bağlı boşluqların olması daha sərt yanaşmaları tələb edir. Daxili İşlər Nazirliyinin şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirməsi məhz zərurətdən irəli gələn bir haldır. Əgər sürücülər müvafiq qərarda nəzərdə tutulan qaydalara əməl etsələr, bu cür əlavə tədbirlərə ehtiyac yaranmazdı. Ancaq biz qadağa saatlarında yük avtomobillərinin şəhərin mərkəzi küçələrində hərəkət etməsini müşahidə edirik.

Nəzarətin daha gücləndirilmiş iş rejimi ilə tətbiq olunması ilə paralel inzibati tədbirlərin həyata keçirilməsi çox güman ki iri tutumlu yük avtomobillərinin şəhərə daxil olmasının qarşısını alacaq. Cərimələnmək istəməyən sürücülər məcbur olub Bakı şəhərinə giriş üçün müəyyən olunan marşrutlara əməl edəcəklər”.

Ağırtonnajlı yük maşınlarının şəhərdə hərəkət etməsinin gərginliyə səbəb olduğunu qeyd edən ekspert hesab edir ki, nəzarətin gücləndirilməsi müəyyən qədər tıxacın qarşısını alacaq. Eyni zamanda, minik vasitələrinin təhlükəsiz şəraitdə mənzil başına çatmasına səbəb olacaq:

 "Onu da deyim ki, noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutların müəyyən edilməsi müsbət haldır. Halbuki bu günə qədər belə bir icazə yox idi. Yox əgər hər hansı bir yük təcili olaraq müvafiq ünvana çatdırılmalıdırsa, bu zaman qadağa saatlarında belə 5 tondan artıq olmayan yük avtomobillərinin nəqliyyat vasitəsini idarə etməsinə icazə var. Bu avtomobillərin gündüz saatlarında Bakı küçələrində hərəkət etməsi ciddi bir təhlükə yaratmır. Təəssüflər olsun ki, qadağanın qüvvədə olmasına baxmayaraq, günün istənilən vaxtında paytaxtın avtomobil yollarında ağır ağırtonajlı yük avtomobıllərı sərbəst şəkildə hərəkət edir. Bəzi hallarda sürücülər pul qazanmaq üçün müəyyən risqlərə gedirlər ki, bu da müəyyən təhlükələr yaradır”.

A.Allahverənov deyib ki, xüsusi kameraların quraşdırılması və nəzarətin gücləndirilməsi qaydaları pozan yük avtomobillərin sahibi olan şirkətləri və sürücülərin bu əməldən çəkindirəcək:  

"Əlavə xərc yaratdığı üçün şirkətlər 5 tondan artıq olmayan yük avtomobillərindən istifadəyə üstünlük vermirdilər. Ancaq cərimə sanksiyaları tətbiq edilməsin deyə onlar bu variantdan istifadəyə üstünlük verəcəklər”.

Şəymən






SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16