2018-11-08 16:17:33   |   143 dəfə oxunub

"Ermənistanda seçkiqabağı siyasi mühit böhran içərisindədir" - Analitik



"Cənubi Qafqaz regionunda Ermənistan qeyri-müəyyənlik mənbəyi olaraq qalır”.

Bunu "Sherg.az”a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

Düşmən ölkədəki prosesləri dəyərləndirən ekspertin sözlərinə görə, ABŞ-la Rusiyanın maraqlarının Ermənistanda toqquşduğu bir vaxda işğalçı ölkədəki siyasi gərginlik daha da artmaqdadır:

 "Kreml hesab edir ki, Paşinyan Vaşinqtonun dəstəyini alır, yəni baş nazir Rusiyaya qarşı hazırlanmış növbəti bir layihədir. Amerikanın başlıca məqsədi isə Ermənistanı Rusiyanın təsiri altından çıxartmaqdır. Vaşinqton bunun üçün Gürcüstanda baş verənlərə bənzər ssenarini Ermənistanda reallaşdırmaq niyyətindədir. Paşinyanın hakimiyyətindən sonra ictimai rəy anti-rusiya müstəvisinə yönəldilməyə çalışılır. Sosial şəbəkələr və QHT-lər vasitəsi ilə həyata keçirilən proses bir mərkəzdən idarə olunur. Düşünürəm ki, Paşinyanın hakimiyyətə gətirilməsi məhz bu ssenari üzrə reallaşıb. Bunu ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills də açıq etiraf edib. Millsin Ermənistan-ABŞ ticarət palatasının tədbirindəki çıxışına Moskva dərhal reaksiya verdi. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi ki, "Vaşinqton açıq şəkildə xarici ölkələrin daxili işlərinə qarışır”. Amerikalı səfir ölkəsinin Ermənistanda müəyyən qruplara və şəxslərə aktiv dəstək verdiyini, "vətəndaş cəmiyyətinin və KİV-lərin möhkəmlənməsi üçün” 26 milyon dollar yardım ayırdıqlarını deyirdi. Zaxarova məhz buna diqqət çəkərək ABŞ nümayəndəsinə cavab verib”.

Siyasi şərhçinin qənaətincə, dekabrın 9-da keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri Ermənistanda ictimai-siyasi böhranın daha da gərginləşməsinə səbəb olacaq: "Məsələn, bu yaxınlarda Robert Koçaryan növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bütün tərəflərə bərabər şəraitin yaradılmadığından bəhs edib. Koçaryan hesab edir ki, Paşinyan hakimiyyəti erməni müxalif düşərgəsinə təzyiq göstərir.

Hətta bir qrup blogger özlərinə qarşı olan təzyiq haqqında ictimaiyyətə məlumat da veriblər. Ümumilikdə Ermənistanda seçkiqabağı siyasi mühit böhran içərisindədir. Belə davam edərsə Cənubi Qafqazda geosiyasi qarışıqlığın meydana gəlməsi ehtimalı yüksəkdir. 

Çünki Ermənistanın "qırmızı xətləri”ni özü deyil, Moskva və Vaşinqton müəyyənləşdirir. Paşinyanın isə onları keçməyə sadəcə nə ixtiyarı, nə də imkanları var. Bu səbəbdən məsələnin həmin tərəfini bir kənara qoyuruq. Əsas odur ki, ermənilər özləri də etiraf edirlər ki, Cənubi Qafqaz uğrunda böyük güclərin savaşı genişlənib. Bu mərhələdə Ermənistanın çox pis vəziyyətə düşdüyünü və Paşinyanın isə çıxılmaz durumda olduğunu qeyd edə bilərik”.

İsmayıl









SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17