2018-11-08 18:34:56   |   147 dəfə oxunub

İki böyük nəsil arasında düşmənçilik... - Səbəb nə olub ?



Son 28 ildə Azərbaycanda 77min 997 nəfər qız 18 yaşı tamam olmadan rəsmi nikaha daxil olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, son 28 il ərzində hər il orta hesabla yaşı 18-dək olan 2785 qız rəsmi nikaha daxil olub. Yaşı 18-dək rəsmi nikaha daxil olan qızların sayında ən yüksək göstərici 1993-cü ildə olub. Həmin ildə 5044 qız yaşı 18 olanadək rəsmi nikaha daxil olub. Lakin son illər erkən yaşda evlənən qızların sayı azalıb.

Bu acınacaqlı statistikanı dəyərləndirən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynəlova "Sherg.az”a bildirib ki, qızların uşaq yaşlarında evləndirilməsi cəmiyyətin ən böyük problemlərindən biridir:

"Son vaxtlar insanlar arasında bu məsələyə diqqət azaldı və ənənəvi proses olan bu tendensiya sürətlə irəliləməyə başladı. Bir çoxları fikirləşdi ki, ailə qurmaq kimi ciddi məsələlərə qarışmaq olmaz. Lakin erkən evlənmənin sonda ciddi problemlər yaratdığı müşahidə olunduqdan sonra hökumət bu sahədə əsaslı addımlar atdı. Təxminən 2002-ci ildə Lənkəran şəhərində bəzi araşdırmalar aparılıb, bu məsələni ictimailəşdirdilər. Bundan sonra 2010-cu ildə məişət zorakılığı haqqında qanun qəbul olundu. Ailə qurmaq üçün nəzərdə tutulan yaş həddi dəyişdi. Artıq son zamanlar dövlətin atdığı addımlardan sonra insanlar arasında bu məsələ müzakirəyə səbəb oldu, cəmiyyətdə ictimai qınaq formalaşdı, erkən evliliyin yaradacağı problemləri aşılayan filmlər çəkildi. Bu prosesdə kəskin azalmalar olsa da, lakin tendensiya tam olaraq dayanmayıb.

M.Zeynalova onu da diqqətə çatdırıb ki, rayonlarda qızlar erkən yaşlarda evlənib, bir müddətdən sonra rəsmi nikaha daxil olur:

"Bunlar statistik göstəricilərdə əks olunmur. Bəzən evlənib, erkən yaşda qızlarımız ailə qurub, rəsmi nikaha daxil olmadan ayrılırlar. Yəni qeyri-rəsmi yaşayırlar. Düşünürəm ki, rayon ərazilərində rəsmi nikahın əhəmiyyəti barəsində geniş müzakirələr aparılmalıdır. Xüsusən də bu sahədə televiziyanın ciddi iştirakına ehtiyac var.

 Təəssüflər olsun ki, televiziyalarmızda maarifləndirmə işləri az aparılır.Düzdü, bəzi proqramlarda belə məsələlərə toxunurlar, lakin bu da bir dəfə olur, davamı gəlmir. Erkən yaşlarda uşaqların evləndirilməsinin fəsadları haqqında geniş araşdırmalar aparılmalıdır. Cəmiyyətə bu kimi məsələlərdən qaynaqlanacaq problemlər göstərilməlidir. 

Məsələn, ötənlər də Qubada iki böyük nəsil arasında ciddi münaqişə yaşandı. İnsanlar həbsə alındı. Həmin olayı araşdırdıqda hadisənin baş vermə səbəbi erkən nikah oldu. Uşaq yaşlarında ailəsi tərəfindən evləndirilən qız toyu olduqdan sonra sevdiyi oğlanla qaçıb. Sonda da bu cür faciəvi olay baş verib. Bundan başqa Bakının kəndlərininin birində ailəsi tərəfindən zorla evləndirilən azyaşlı qız yoldaşından ayrılmaq istəyib. Amma anası ona "Sənin o evdən yalnız meyitin çıxacaq” kimi ifadələr işlədib. Qız da intihar edib. Məncə, belə bədbəxt hadisələr ictimaiyyətə çatdırılmalıdır. 

Bu olaylar fonunda maarifləndirmə işləri aparılmalıdır. Müxtəlif filmlər, televiziya proqramlarında erkən yaşda qızların evləndirilməsinin yaradacağı fəsadlar izah olunmalıdır. Həmçinin insanlar da bu tendensiyanın yayılmasının qarşısını almağa çalışmalıdır. Müxtəlif dövlət orqanları ilə birlikdə bu məsələ fonunda müəyyən işlər aparırıq. Amma azyaşlı qızların ailə qurmasının qarşısını tam olaraq ala bilmirik. Düşünürəm ki, bu prosesi tam olaraq dayandırmaq üçün əhalinin şüuruna təsir etməliyik”.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19