2018-11-15 12:42:19   |   149 dəfə oxunub

Hər iki namizəd güclüdür

Gürcüstanda prezident seçkilərinin ikinci turu daha gərgin keçəcək



Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabr ayının 2-də keçirilə bilər. Bu barədə məlumatı Gürcüstanın Mərkəzi Seçki Komissiyası yayıb. Məlumata əsasən, MSK-da seçkilərin ikinci turunun 2 dekabr tarixinə təyin olunması məsələsi müzakirə olunur. Xatırladaq ki, Gürcüstanda prezident seçkilərinin ilk turu oktyabrın 28-də keçirilib. Namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu qazana bilməyib və seçki ikinci tura qalıb. 

Növbəti mərhələdə mübarizə hakim "Gürcü Arzusu”nun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə müxalif "Güc birlikdədir” siyasi birliyinin təmsilçisi Qriqol Vaşadze arasında aparılacaq. Seçki günü yaxınlaşdıqca, namizədlərin təbliğatı da güclənməkdədir. Yerli mətbuatın yazdığına görə, Zurabişvili qısa müddətdə rekord həddə ianə toplayıb. 

Onun seçki üçün topladığı məbləğ 650 min dollar civarındadır. Vaşadze isə sadəcə 80 min dollar ianə yığa bilib. Yəni Zurabişvili rəqibi Vaşadzedən təxminən 8 dəfə çox maddi yardım toplayıb. Eyni zamanda seçki kampaniyası çərçivəsində televiziya reklamlarına ən çox vəsaiti də məhz Salome Zurabişvili xərcləyib. Bir sıra ekspertlər düşünürlər ki, milyarder Bidzina İvanişvilinin dəstəklədiyi namizəd Salome Zurabişvili maddi resurslar hesabına seçkinin nəticələrinə təsir göstərə bilər.

Qonşu ölkədəki seçki hazırlığını "Şərq”ə şərh edən politoloq Tofiq Abbasov bildirib ki, seçki prosesində müxtəlif mübarizə üsullarının gündəmə gəlməsi normaldır: "Seçki öncəsi prosesə cəlb olunmuş qüvvələr öz rəqiblərini tərksilah etmək üçün bütün imkanlardan istifadə edirlər. Seçki təbliğatına cəlb olunan maddi vəsaitlər təsirli vasitə sayılır. 

Namizədlər içində Salome Zurabişvili daha çox ümid verən və "keçid persona” kimi dəyərləndirilən simadır. Zurabişvili Fransada boya-başa çatdığı üçün Qərb mədəniyyətinə yaxşı bələddir. Bir müddət Gürcüstanda xarici işlər naziri olaraq çalışıb. Birmənalı olaraq hamı vurğulayır ki, onun nazirliyi dövründə Gürcüstanın xarici siyasətində dividendlərin sayı artıb. Həmçinin, kifayət qədər məsuliyyətli olduğu söylənilir. Əlbəttə, onun rəqibi Qriqol Vaşadze də naşı siyasətçi deyil. Kifayət qədər üstünlükləri, siyasi bacarığı mövcuddur. O da bir müddət baş nazir və xarici işlər naziri kimi fəaliyyət göstərib. Namizədlər güclü olduğu üçün aralarındakı mübarizə də genişmiqyaslı olur. Hər tərəf əlindəki bütün resurslardan istifadə edərək ikinci turda qalıb olmağa çalışır. Bəzi hallarda namizədlərin arxalarında duran güclərin "qaydasız döyüş” elementlərinə üz tutmaları başadüşüləndir. Bu cür metodlar dünya praktikasında da mövcuddur”.

Siyasi şərhçinin sözlərinə görə, Salome Zurabişvilini şanslı namizəd edən bəzi amillər var: 

"Birincisi, o, xanımdır. İkincisi də, Gürcüstanda sonuncu dəfə bu cür prezident seçkisi keçirilir. Növbəti dəfə Amerikada olduğu kimi, yeni seçki sistemi tətbiq ediləcək. Seçkiləri təmsil edən kollegiyanın nümayəndələri iddiaçıları müəyyən edərək aralarında qalibi seçəcəklər. Gürcüstan artıq fəal islahatlar dövrünə qədəm qoyub. Siyasi elita yorulmadan çalışır ki, insanların həm təfəkküründə, həm davranışında, həm də sosial rifahında əsaslı və geriyə yolu olmayan dönüş yaratsınlar”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11