2018-11-15 12:44:06   |   141 dəfə oxunub

O deputat erməni mafiyasına çox bağlıdır

Eleni Teoxarus ətrafında cərəyan edən proseslər korrupsiya hallarının təzahürüdür


Avropa Parlamentinin deputatı Eleni Teoxarus bir çoxlarına Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri və barəsində cinayət işi açılması ilə tanınır. Bu dəfə Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü növbəti qalmaqalla yenidən gündəmə gəlib. Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən ölkəyə girişi qadağan olunub.

Deputatın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyinin, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Onun Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib. Əslində Albaniyanın qərarı heç də təəccüb doğurmur və bu qərarın heç də sonuncu olmayacağını təxmin etmək olar. 

Belə gedərsə Kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk AP üzvü "statusu”nu da qazana bilər. Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması, onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. 

Eleni Theoxarusun Kaspar Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır. Xatırlatmaq istərdik ki, bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrilmiş və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Ermənistanın Almaniyadakı səfirinin də adı hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb. Almaniya kansleri Anjela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib. Eleni Theoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində Azərbaycana qarşı fəaliyyət aparan qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib ki, Teoxarus ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edərək Azərbaycan qanunvericiliyini, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub. Məhz buna görə arzuolunmayan şəxslər siyahısına daxil edilib: 

"Deputatın Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyəti, erməni lobbisinin sifarişi ilə ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimi təşviq edən fəaliyyəti dəfələrlə tərəfimizdən ifşa edilib. Bu baxımdan onun adının növbəti belə bir halda hallanması təəccüb doğurmur. Ekstremist və qatı millətçi baxışlara sahib olan bu siyasətçinin Albaniya Respublikasının ərazi bütövlüyünə qarşı bəyanatları və bu ölkədə konstitusiya qaydasını pozmağa yönəlmiş cəhdləri Albaniya tərəfinin tamamilə haqlı qərarı ilə nəticələnib və Avropa Parlamentinin sözügedən üzvü növbəti bir ölkədə arzuolunmaz şəxs elan edilib. Hesab edirik ki, bu deputatın fəaliyyəti Avropa Parlamentinin etik məsələlərə məsul komitələri tərəfindən araşdırılmalıdır”.

Millət vəkili Asim Mollazadə "Şərq”ə deyib ki, Avropa Parlamentinin üzvü Eleni Teoxarus ətrafında cərəyan edən proseslər korrupsiya hallarının təzahürüdür. Deputat bildirib ki, Teoxarus erməni diaspora təşkilatları və mafiya qrupları ilə əlaqədə olan şəxsdir:

 "Teoxarusun cinayətkar qruplarla birgə fəaliyyət göstərməsi Avropanın hüquqi prinsiplərinə ziddiyyət təşkil edir. Bu cür adamları vaxtında ifşa edərək zərərsizləşdirmək lazımdır. Çünki Teoxarus kimi şəxslər Avropanın imicinə böyük zərbə vururlar”.

Millət vəkili Aydın Hüseynov da bildirib ki, beynəlxalq təşkilatlarda təmsil olunan parlament üzvləri həmin təşkilatlar tərəfindən ciddi cəzalandırılmalıdır. Onun sözlərinə görə, AP-da təmsil olunanlar əslində beynəlxalq hüququn bütün normalarına əməl etməlidirlər:

 "Onların özləri bu normalara əməl etmirlərsə, digər ölkə və qurumlardan bunu gözləməyə haqları çatmır. BMT, AŞPA və başqa təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyi var. BMT-nin qətnamələrində göstərilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Baxın, Avropa Parlamenti BMT-nin bu qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Beynəlxalq hüquq normalarına sadiq qalmaq gərəkir”. 

A.Hüseynov onu da bəyan edib ki, Eleni Teoxarus ədalətli, vicdanlı, dürüst adam olsaydı, Albaniya onu arzuolunmaz şəxs elan etməzdi: 

"Azərbaycan suveren bir dövlətdir. Azərbaycanın dünya səviyyəsində nüfuzu var. Belə adamların yüksək bir qurumda təmsil olunmağa nə mənəvi, nə də hüquqi baxımdan haqqı çatır. Əgər həmin şəxs cəzalandırılmasa, bu o demək olacaq ki, AP-ın özü də separatizmə dəstək verir. AP məsələyə münasibət bildirməlidir. Baxın, Eleni Teoxarus kimi adamlar erməni lobbisindən "güc" alaraq belə addımlar atırlar. AP buna reaksiya verməzsə, yaxın müddətdə Avropada analoji separatizmlər baş alıb gedəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11