2018-11-15 14:21:07   |   257 dəfə oxunub

Kino ideoloji silahdır

1,5 milyon manat hətta bir film çəkməyə belə yetərli deyil

"Təəssüf edirəm ki, Rafael müəllimin səsi tək gəlir, ona dəstək verən səslər azdı"



Bu günlərdə Milli Məclisdə büdcə müzakirələri zamanı millət vəkili, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun kino sahəsinin inkişafı ilə bağlı fikirləri kino işçilərinin böyük müzakirəsinə səbəb olub.

"Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq”.

"Bunu deputat, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentdə davam edən büdcə müzakirələrində deyib.

O qeyd edib ki, mədəniyyətin içi bilik, zəka ilə doludur: "Mədəniyyətə diqqət və büdcədəki yeri artmalıdır. Ən azı büdcənin 2 faizini təşkil etməlidir. Kinoya vəsait artırılmalıdır. 1,5 milyonla kinonu irəli aparmaq mümkün deyil. Kino yalnız insanlara nəyisə göstərmək deyil. Bizdə dublyaj sənəti var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər”.

Azərbaycan kinosunun inkişafı üçün kino dövlət tərəfindən maliyyələşməlidir, ya kommersiya xarakterli filmlər çəkməklə kino sahəsi inkişaf edə bilər? Suala kino xadimlərinin maraqlı açıqlamaları oldu. Rejissor, operator Rafiq Quliyev Rafael Hüseynovun Milli Məclisdəki çıxışını dəstəklədiyini dilə gətirdi. Bu barədə «Şərq»ə danışan Rafiq Quliyev «Rafael müəllim o qədər ciddi və əslində önəmli məsələyə diqqət yönəldib ki, bu bir millətin ideoloji məsələsi ola bilər. Kino bir millətin təkcə mədəniyyət sahəsi deyil, istənilən millətin, dövlətin ideoloji ruforudur. Bunu hətta sovetlər dönəmində bolşeviklər anlayırdılar deyə, Azərbaycan kinosunun inkişafı üçün vəsait xərcləyirdilər. Kinonun inkişafına xüsusi diqqət yetirilirdi. 

Ona görə də Rafael müəllim tamamilə haqlıdır. 1,5 milyon manat nəinki bütünlükdə Azərbaycan kinosuna, hətta bir filmi çəkməyə belə yetərli deyil. Son zamanlar məmurların bu barədə söylədikləri təəssüf yaradır. Onların çıxışlarını analiz edərkən belə nəticəyə gəlmək olur ki, onların kino sahəsindən, mədəniyyətdən, incəsənətdən qətiyyən anlayışları yoxdur. Eyni zamanda bəzi məmurlar millətin inkişafı məsələsində maraqlı deyillər. 

Çünki mədəniyyətin inkişafı dövlətin, xalqın, millətin inkişafı deməkdir. Bu, genefondun yetişdirilməsinə xidmət edir. Təəssüf edirəm ki, Rafael müəllimin səsi tək gəlir, ona dəstək verən səslər azdı. Bəzi məmurların fikrincə, kinoya maliyyə dayandırılmalıdır, kinonu maliyyələşdirməyə ehtiyac yoxdu, kino özünü dolandıra bilər. Ona görə də məsləhət edirəm ki, başqa dövlətlərin inkişaf tarixinə diqqət yetirsinlər. Bizim bir çox məmurlar başlarını qaldırıb diqqətlə baxsınlar, təkcə villa almaqla deyil. Sənətin, mədəniyyətin inkişafı naminə işlər görsünlər. İstənilən dövlətdə kino sahəsinə dövlət marağı var. Bizdə kommersiya məqsədli, gülünc, bəsit, bərbad filmlər çəkilir. 

Əslində buna film də demək olmaz. İran kinosu birdən-birə inkişaf etmədi, türk filmləri birdən-birə dünyada tanınmadı. İran kinosu bütünlükdə dövlətin himayəsi altındadır. Embarqolarla, senzuralarla üzləşən İran kinosu dünyanın məşhur kino mükafatlarına sahib ola bildi. Son illər çəkilən İran filmləri İranın imicini yaratmış oldu, təkcə mənfi tərəfdən deyil, İran millətinin, dövlətinin müsbət tərəflərini də göstərmiş oldu. Onlar bu filmlərlə «iranlılar kimdir, iran kinosu nə deməkdir?» deyə millətlərini tanıtmış oldular. Təəssüf ki, bizim bir sıra məmurlarımız kinoya bu cür laqeyd münasibət sərgiləyirlər. Az büdcəli maliyyə buraxılan məhəllə filmlərinə, yalnız bayağı, gülüş doğuracaq filmlərə kino demək qəbahətdir. Kino daha ciddi sahədir. Azərbaycan kinosu bu gün tənəzzül dövrünü yaşayır. Kim deyirsə bizdə güclü filmlər çəkilir, yalandı. Azərbaycan kinosunun bugünkü tənəzzül dövrü bir neçə il sonra daha ağır fəsadlarını göstərəcək. Bizim istedadlı, savadlı gənclərimiz var. Onları yetişdirmək lazımdı. Bu gəncləri bəsit seriallar çəkmək üçün yetişdiririk? İnanın bu həqiqətən faciədir. İstedadı olanlar xaricdə oxuyur, təbii ki, sonra Azərbaycana gəlmək istəmirlər.

 Çünki burda gələcəklərini görmürlər. Bizim gənclik iflic olur. İdman sahəsinə diqqət, qayğı var. Biz onların uğurlarını görüb fəxr edirik. Amma inanın, incəsənət, mədəniyyət sahəsini də inkişaf etdirmək vacibdi. Bir filmimiz xaricdə böyük maraqla izlənərsə, bu bizim ideoloji qələbəmiz olar. «Çölçü», «Nar bağı», «Nabat» kimi filmlərimiz var ki, həqiqətən onlar bir çox böyük kino mükafatları qazanıblar. Amma bu yetərli deyil. Kino sahəsi mütləq dövlət dəstəyi ilə, xüsusi proqramlar əsasında inkişaf etdirilməlidir. Deyirlər ki, kino özünü maliyyələşdirməklə məşğul olmalıdır. 

Bağışla, məmur, sənin neçə kino zalın var ki, burdan gəlir əldə edəsən. Bu gün film çəkərkən sponsorlar ehtiyat edirlər. Kinoya sərmayə qoyanlar da vergidən çəkinirlər. Deyirlər ki, bizim adımız reklam olunan kimi vergi nəfəsimizə çökür. Bu məsələ həllini tapmalıdır. Milli filmin inkişafına şərait yaratmaq lazımdı. Kadr bazası formalaşdırmaq lazımdı. Kino ölür. Kinomuzu öldürürlər. Bu cinayətin qarşısını almaq lazımdı. Rafael müəllimin bu gün Milli Məclisdə səsləndirdikləri fikirlər millətimizin sabahı üçün vacib problemlərdir. Onu eşitmək, onun səsinə reaksiya vermək, inanın vacibdi. Kinomuza sahib çıxaq, sabah gec olar».

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-12-11