2018-11-16 20:38:28   |   137 dəfə oxunub

Türkiyəli ekspert: Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır



Rəsmi Parisin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbər”lərinin Fransaya qanunsuz səfərlərinə mane olmaması, eləcə də fransalı parlamentarilərin Dağlıq Qarabağa səfərlərinin qarşısını almaması beynəlxalq hüquq norma və prinsiplərinə ziddir, eləcə də Fransanın ATƏT Minsk qrupunda beynəlxalq vasitəçi qismində üzvlüyünü sual altına alır.

Bunu Trend-ə türkiyəli ekspert Şirin Əli Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın Fransaya qanunsuz səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransanın ATƏT Minsk qrupunda həmsədr kimi missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dəstək göstərməkdən ibarətdir, amma rəsmi Parisin qeyri-adekvat hərəkətləri onu göstərir ki, Fransa bunda çox maraqlı deyil:

"Uzun illər ərzində bu qurum Qarabağ nizamlanmasında ətalət və təşəbbüssüzlük göstərir və münaqişənin "ölü nöqtə”dən tərpənməməsinin səbəbi ATƏT Minsk qrupu həmsədrlərinin passivliyinin nəticəsidir. Amma Fransadan fərqli olaraq Rusiya və ABŞ diplomatik etiketi pozmamağa çalışır. Hər dəfə bu regiona səfər edərkən rusiyalı və amerikalı rəsmilər həm Azərbaycana, həm Ermənistana gedir. Bu faktı ABŞ prezidentinin müşaviri Con Boltonun regiona səfəri də təsdiq etdi”.

Ekspert qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun bir müddət əvvəl Frankofoniya sammitində iştirak üçün Yerevana səfəri bir daha bu ölkənin Ermənistanın işğal siyasətinə birmənalı dəstəyini nümayiş etdirdi:

"Adi etika qaydalarını və Fransanın Qarabağ nizamlanmasında vasitəçi olduğunu nəzərə alaraq prezident Makron qonşu Azərbaycana da səfər etməli idi, amma o, Fransanın açıq-aşkar Ermənistanyönümlü mövqeyini nümayiş etdirdi”.






SON XƏBƏRLƏR

2018-12-11