2018-11-17 12:40:19   |   315 dəfə oxunub

Nəsimi Azərbaycanın ən böyük dəyəridir

O, kəşf olunmamış dahidir. Onu kəşf etmək üçün ürfan ədəbiyyatını yaxşı bilən mütəxəssislər cəlb olunmalıdır. Bir daha deyirəm, əsl Nəsiminin 10 hissəsi belə tədqiq edilməyib



Prezident İlham Əliyev Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğu qeyd olunub. Bildirilib ki, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Sərəncamla Nazirlər Kabinetinə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etmək tapşırılıb.

Filologiya elmləri namizədi Yadigar Cəfərli feysbuk hesabında Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında imzalanan sərəncamı yüksək qiymətləndirib: 

"Bu, çox böyük bir mədəniyyət hadisəsidir. İndiyə qədər Yer üzünə gəlmiş, keçmiş ən böyük şairlərdəndir Nəsimi. Bu gün danışıb, yazıb, oxuduğumuz ədəbi dilimizin lüğəti, ən inkişaf etmiş səviyyəsində məhz onun yaradıcılığından başlanır. Ruslarda beləsi Puşkin sayılır. Nəsiminin bütün şeirləri kamillik qapısına açardır. Onun şeirlərində bütün varlıq 4 həqiqətdən ibarətdir: Allah, Mənəvi aləm, Maddi aləm və İnsan. Heç nə yox, elə məşhur "Sığmazam” qəzəlindəki dördcə misraya diqqət edək:

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm, Tur ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

Narə yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

Oxuyanda fikirləşirsən, hə, nədir ki, adi sözləri yığıb yan-yana, eləyib qəzəl də. Amma gəl, indi bu misraların hərəsinin öz hekayəsinə bax. Quranda Musaya peyğəmbərlik verildiyi ərəfədə, Mədyəndən Misirə gedərkən onun yolda bir öz-özünə alışan göyəm ağacı ilə qarşılaşdığı məqam var.
Heyrətdən çaşan Musaya ağacdan səda gəlir ki, o, Allahın özüdür. Bu dördcə misrada Nəsimi həm Musanın Allahla danışdığı Tur dağına işarə edir, həm Musa peyğəmbəri heyrətləndirən ağacı təsvir edir, həm də "çərxə çıxan həcər” ifadəsi ilə Kəbədəki müqəddəs qara daşa toxunur. Üstəlik, kamil insanın bütün bunların heç birinə sığmaması həqiqətini ərz edir. İmadəddin Nəsimi xalq olaraq yetirdiyimiz böyük bir dəyərdir. Malik olduqlarımızın qədrini bilək, hər zaman”.

Şərqşünas, araşdırmaçı yazar Vüsal Hətəmov da "Şərq”ə açıqlamasında deyib ki, Nəsimi Azərbaycan xalqının şəxsiyyət vəsiqəsi olduğu üçün sərəncam yüksək dəyərləndirilməlidir:

"Nəsimi bəşəri mövzuda şeirlər yazdığından böyük şairimizin dünyaya tanıdılmasında layiqli addımlar atmalıyıq. Belə addımlardan biri Nəsiminin şeirlərinin xarici dillərə tərcümə olunmasıdır. Nəsimi təkcə qafiyəli şeir yazmayıb, Nəsimi ortaya fəlsəfə, ürfan, əxlaq, kamil insan nümunələri təqdim edib. Təəssüflər olsun ki, "Nəsimi" deyəndə ilk olaraq ya onun haqqında çəkilmiş film, ya da ki, muğam sənətkarlarımızın oxuduqları qəzəllər yadımıza düşür. Nəsiminin elə şeirləri var ki, onları cəm edib hər bir şəxsin stolüstü kitabına çevirmək olar". 

V.Hətəmov deyib ki, bu tədbirlər planında "Nəsimi” filmini tərcümə edib dünya kino inciləri siyahısına da salmaq olar:

 "Düşünürəm ki, Nəsimi kəşf olunmamış dahidir. Onu kəşf etmək üçün ürfan ədəbiyyatını yaxşı bilən mütəxəssislər cəlb olunmalıdır. Bir daha deyirəm, əsl Nəsiminin 10 hissəsi belə tədqiq edilməyib. Əldə olan materiallar isə sovet dönəminin ideoloji quruluşuna uyğun tədqiq edilib. 20 ildən çoxdur ki, Nəsiminin əlyazmaları ilə məşğul olmuşam. Bu səbəbdən cəsarətlə deyə bilərəm ki, indiyə qədər bizə tanıtdırılan Nəsimi əsl Nəsimi həqiqətindən uzaqdır. Nəsimi üçün kamil insan nümunəsi kimdir, Nəsimi allahsız olubmu, Nəsimi sufi idimi? Bütün bunlar haqda yetərincə işləmişəm. Hesab edirəm ki, yaxınlarda, inşallah, bu barədə kitabımın işıq üzü görməsinə sponsor da tapılar".

Şəymən







SON XƏBƏRLƏR

2018-12-11